ABŞ-ın nüfuzlu “Vaşinqton Post” qəzetinin 2025-ci ilin yanvar ayında Azərbaycanda yəhudi dini icmasının sədrinə qarşı hazırlanan sui-qəsd cəhdi barədə yayımlanan məqaləsindəki faktlar həqiqəti əks etdirirsə, bu, İrandakı mühafizəkar qüvvələrin ölkəmizə qarşı siyasətinin dəyişmədiyi göstərir. Məqalədə İranın kəşfiyyat strukturlarının Gürcüstanda yaşayan narkotik alverçisi olan azərbaycanlı vasitəsilə ravvini öldürmək istədiyi yazılıb. Həmin narkotik alverçisi Azərbaycana gəlib, bu işə digər iki vətəndaşımızı da cəlb etməyə müvəffəq olub. Əsas sual budur: İrandakı dairələr Azərbaycanda yəhudi icmasının sədrini niyə öldürmək istəyiblər?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Bunun bir neçə səbəbi ola bilər. Birincisi, İran kəşfiyyat strukturları Azərbaycanda yaşayan və fəaliyyət göstərən ravvini öldürməklə yəhudilərin məmləkətimizdə rahat və təhlükəsiz yaşantılarına kölgə salmaq istəyiblər. Görünür, düşünüblər ki, belə bir terror aksiyası İsrail-Azərbaycan münasibətlərinə də mənfi təsir edə bilərdi. Halbuki Azərbaycanın kəşfiyyat strukturları cinayətin qarşısını almaqla yəhudilərin ölkəmizdə həqiqətən rahat və təhlükəsiz yaşadıqlarını bir daha təsdiq edib. İkincisi, İran kəşfiyyat strukturları azərbaycanlı ravvinə qarşı sui-qəsd cəhdi vasitəsilə İran-Azərbaycan münasibətlərinin normallaşmasına mane olmaq istəyiblər. Ravvinə qarşı sui-qəsd cəhdi reallaşsaydı, bunun arxasında İranın dayandığı bəlli olacaqdı və bu, istər-istəməz Bakı-Tehran münasibətlərinə mənfi təsir edəcəkdi. Bu halda İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana planlanan səfəri də təxirə salınacaqdı. Halbuki yaxınlarda baş tutacaq bu səfərdən müsbət gözləntilər var. Ancaq bu səfərdən müsbət gözləntilər İranda heç də hamını sevindirmir”, - politoloq bildirib.
E.Şahinoğlunun fikrincə, İranın mühafizəkar dairələri hər vəchlə iki ölkə arasında münasibətlərin normallaşmasına mane olmağa çalışırlar:
“Millət vəkilimizə qarşı sui-qəsd təşkil etdilər, Tehrandakı səfirliyimizə terror hücumuna şərait yaratdılar, ali dini liderin nümayəndəsi cümə xütbəsində ölkəmiz əleyhinə açıqlamalar verdi, indi də ravvini öldürmək istəyiblər... İran kəşfiyyatının sui-qəsd üçün Gürcüstanda yaşayan azərbaycanlını seçməsi də təsadüfi deyil. Bu da hiyləgər planın tərkib hissəsidir. İrandakı müxtəlif dairələr Gürcüstan azərbaycanlıları arasında təbliğat işini ildən-ilə gücləndiriblər və təəssüf ki, Gürcüstanın müvafiq strukturları bunun qarşısını ya almır, ya da almaq istəmir. Nəticədə, İrandakı dairələr Gürcüstanda geniş fəaliyyət imkanları əldə ediblər.
Ravvinə qarşı planlanan terror baş tutsaydı, bu, Azərbaycan-Gürcüstan münasibətlərinə də mənfi təsir edəcəkdi. İrandakı dairələrə də elə bu lazımdır. Ancaq İrandakı dairələrin planı bu dəfə alınmadı, onların bizə qarşı növbəti planını ifşa etməyə hazırlaşmalıyıq”.
- İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
- Vergidən azad edilən materialların siyahısı genişləndirildi
- Babayandan etiraf: Saytlarımız bu domenlə qeydiyyata alınırdı
- Ölkədən getmək istəyən borclu şəxslərə SMS göndəriləcək
- “Qırmızı Körpü” və “Samur”la bağlı mühüm qərar
- Qarabağdakı mina partlayışına BMT-dən reaksiya
- Ədalət Vəliyevin cəzası elan edildi
- Mən, Arutyunyan və Vardanyan buna qarşı idik... - Babayan