Müxtəlif “spesifik” kateqoriyalı resurslarda qəsdən geniş şəkildə yayılan fikir ondan ibarətdir ki, guya Azərbaycan tərəfi Ermənistanla sülh sazişi imzalamaqda maraqlı deyil, çünki bu vəziyyətdən həm öz daxili, həm də xarici (burada əsasən Rusiya nəzərdə tutulur) məqsədləri üçün istifadə etməyə çalışır. Geosiyasi aspekti (yəni xarici güclərin marağını) kənara qoyaraq, gəlin sülhün gəlməsi və münaqişənin başa çatması kimi tez-tez bəyan edilən anlayışı təhlil etməyə çalışaq.
BUTA.TV xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, həqiqi və davamlı sülh yalnız o zaman mümkündür ki, tərəflər bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə hüquqi baxımdan tanısınlar:
“Təkcə bu prinsiplərə sadiqlik bəyanatı vermək kifayət deyil, tanıma həm də sənədlərlə, razılaşmalarla rəsmiləşdirilməlidir. Bəs, qarşılıqlı şəkildə, hüquqi cəhətdən təsbit olunmuş suverenliyin və ərazi bütövlüyünün tanınması olmadan sülh mümkündürmü? Açıq şəkildə – xeyr! Yəni razılaşdırılmış çərçivə sazişi çərçivəsində yalnız bu prinsipə sadiqlik bəyan edilə bilər. Lakin sərhədlərin razılaşdırılması, delimitasiya və demarkasiya prosesləri, o cümlədən tarixi ədalətin bərpası aspekti uzun müddət davam edəcək. Yaxud iki ölkə arasında kommunikasiya xətlərinin bərpası məsələsi. Prinsipin razılaşdırılması ilə onun praktiki həyata keçirilməsi isə tamamilə fərqli siyasi və danışıqlar prosesidir”.
O vurğulayıb ki, Ermənistanın qanunlarında Azərbaycanın ərazi bütövlüyünə zidd, təcavüzkar fikirləri dəstəkləyən normativ aktlar var və onların ləğvi də sülh prosesi üçün vacibdir. Amma bu, birbaşa çərçivə sənədində öz həllini tapmır:
“Ermənistanın normativ hüquqi bazasından revanşist və anneksialist siyasətə əsas yaradan aktların çıxarılması məsələsi də çərçivə sənədi ilə həll olunmur.
On minlərlə soydaşımızın həyatına son qoymuş münaqişənin qızışdırılmasına görə konkret günahkarların və bütövlükdə təcavüzkar dövlətin siyasi və hüquqi məsuliyyətə cəlb olunması da çətin və həssas məsələ olaraq qalır.
Bu siyahını – yəni dövlətlərarası münaqişənin mahiyyətini təşkil edən, lakin razılaşdırılmış sənəd çərçivəsində tam hüquqi həllini tapmayan məsələləri – uzatmaq da olar”.
Politoloqun fikrincə, ən vacib suallardan biri də Ermənistanın və ermənilərin həqiqətən sülh və qonşuluq münasibətlərinə hazır olub-olmamasıdır:
“Bu suala cavab verilmədən sülh sazişini yekun sənəd kimi təqdim etmək tezdir. Və ən başlıcası: qonşu ölkənin dövləti, xalqı və cəmiyyəti hərtərəfli sülhə, xoş qonşuluğa hazırdırlarmı? Bu suallar cavabsız qalarkən, sanki bir şablonla eyni fikirləri yayan “şərhçilər”, istər-istəməz, gerçək sülh prosesinin əleyhdarlarının tərəfinə keçmiş olurlar. Onlar razılaşdırılmış ara sənədi yekun “sülh sazişi” kimi təqdim etmək istəyənlərin mövqeyini dəstəkləmiş olurlar”.
Zülfüqarov xatırladıb ki, 2021-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş sülh təşəbbüsü beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq qurulub və bu prosesin məntiqini dəyişmək olmaz:
“Anlamaq lazımdır ki, münaqişə tarixində ilk dəfə olaraq razılaşdırılmış vacib bir sənəd mövcuddur və bu sənəd postmünaqişə dövrünün nizamlanmasını xeyli sürətləndirmək üçün bir şans verir. Lakin bu sənədə qarşı aparılan hər hansı siyasi manipulyasiya, xüsusilə Azərbaycanın 2021-ci ildə təklif etdiyi, beynəlxalq hüququn imperativ norma və prinsiplərinə əsaslanan sülh prosesinin məntiqini dəyişməyə yönəlmiş cəhdlər yolverilməzdir”.
- Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
- Bakıda 4-cü sinif şagirdi itkin düşdü - FOTO
- 32 yaşlı operatora iynə vurulduqdan sonra öldü
- “Onu deyən adamlar...” - Ziya Məmmədovdan onu tənqid edənlərə SƏRT MESAJ
- Anarın “uçan taksi”si və DİN-in qəribə çağırışı...
- Prezident nəvələri ilə idmanda - FOTO
- Trampdan Rusiya ilə bağlı sərəncam
- Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat