BUTA.TV Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Teleqraf-a müsahibəsini təqdim edir:
- Tofiq müəllim, son zamanlar Rusiya və İran tərəfinin Azərbaycanla Ermənistan arasında sülh və Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı ardıcıl açıqlamaları nədən xəbər verir?
- Moskva və Tehranın məqsədi bölgədə gedən proseslərdə yer almaqdan ibarətdir. Bunun üçün də müxtəlif bəhanələr axtarırlar. Həm də bununla ABŞ-ın bölgədə sülh yaratmaq və kommunikasiyaların açılması ilə bağlı təşəbbüslərinə də şərik çıxmaq niyyətləri var. Amma bunu nə şəkildə edəcəkləri ilə bağlı yollar düşünürlər. Sözsüz ki, burada bir çox məsələlər Ermənistandan asılıdır. Danışıqlar məhz İrəvan administrasiyası ilə aparıldığına görə bu onların görəcəyi bir işdir.
- Rusiyanın dəhlizlə bağlı iddiaları nədən ibarətdir?
- Kremlin iddiasına görə, Zəngəzurda mövcud olmuş dəmir yolu şəbəkəsi onlara məxsusdur. Bu isə həqiqətdən uzaq bir yanaşmadır. Çünki dəhlizin Mehri hissəsi Azərbaycana məxsusdur. Ermənistanın bu ərazini kiməsə verməsi qeyri-qanunidir.
- Ziddiyyət yaradacaq amillər hansılardır?
- Rusiya deyir ki, “bölgədə təhlükəsizliyi təmin edən onun əsgəridir”. Çünki Ermənistanın Türkiyə və İranla olan sərhədini rus əsgəri qoruyur. Belə bir iddia irəli sürülür ki, Zəngəzur dəhlizində (Tramp marşrutu) təhlükəsizliyi rus əsgərləri təmin edəcək. Ona görə də bu məsələlər ABŞ və Ermənistana aiddir. İndiki halda Kremlin bu məsələləri ortaya atması onunla bağlıdır ki, ABŞ dəhliz məsələsində onlarla da danışıqlar aparsın və s.
- Azərbaycanın bu məsələdəki mövqeyi nədən ibarətdir?
- Sözsüz ki, rəsmi Bakının bu məsələdə ciddi arqumentləri var. Bu ilk növbədə Zəngəzurdan keçən dəmir yolu xəttinin Azərbaycan dövlətinin balansında olması ilə bağlıdır. Almatı razılaşmasının əlavələrinə uyğun olaraq bu cür mülklər Azərbaycana aid formada saxlanılmalı idi.
- Bunu necə əsaslandırmaq mümkündür?
- Belə nümunələr çoxdur, presedentlər var. Misal üçün, Latviyada Belarusa aid sanatoriya mövcuddur ki, indiyə qədər onun idarəsi olduğu kimi saxlanılıb. Yəni, Belarus dövləti həmin mülkün tam idarəçisi olaraq qalmaqdadır.
- Hüquqi cəhətdən Zəngəzur dəhlizinin keçdiyi dəmir yolu şəbəkəsinin Azərbaycana aid olması ilə bağlı hansı addımlar atıla bilər?
- Zəngəzur dəhlizinin (Tramp marşrutu) keçəcəyi və avqustun 8-də əldə edilən razılaşma bir layihədir. Burada iştirakçıların sayı ilə bağlı yanaşmalar var. Ola bilsin desinlər ki, “biz burada tunel tikəcəyik" və s. Amma bu yolun keçdiyi ərazi anlayışı var. Bu baxımdan Azərbaycanın tarixi kontekstdə arqumentləri böyükdür. Əgər, Rusiya əsassız arqumentləri ortaya çıxarırsa, buna qarşı da faktlar ortaya qoyula bilər. Bunun üçün əsaslar var. Çünki keçmiş Qarabağ münaqişəsi də məhz Zəngəzurdan başlayıb ki, vaxtilə oradan Naxçıvana gedən qatarlara ermənilər təxribat edir, daş atırdılar, yolu bağlayırdılar. Orada keçən dəmir yolu şəbəkəsinin işçiləri Azərbaycan dövlətindən maaş alırdılar. Sonrakı prosesdə Nüvədi kəndinin əhalisinin zorla deportasiya edilməsi məsələsi də həmin ssenarinin tərkib hissəsi idi. Beləliklə, işğal nəticəsində Azərbaycanın mülkiyyətində olan Zəngəzur dəmir yolu də Ermənistanın nəzarətinə keçib.
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi