Azərbaycanlı fotoqraf Makrona məktub yazdı

11:58 - 15 Yanvar 2026 - GÜNDƏM

 Azərbaycanlı fotoqraf Makrona məktub yazdı

Cənab Prezident, bu gün sizə təkcə Fransa vətəndaşı kimi deyil, həm də şahid kimi yazıram. Təxminən əlli ildir ki, əvvəlcə İranda, sonra isə dünyanın hər yerində kameram müharibələri, soyqırımları, məcburi köçkünləri və bombardmanların tozunda qalan uşaqların cəsədlərini sənədləşdirib. Bütün bu illərdə, bu dünyanın nifrət dolu döyüş meydanlarında, "sülh müxbiri" kimi insanlığın çirkinliyini görmüşəm.

BUTA.TV xəbər verir ki, bu sözləri Fransada yaşayan təbrizli fotoqraf Rza Deqati Prezident Emmanuel Makrona ünvanladığı açıq məktubunda yazıb.

"Bütün bu illər ərzində, 1981-ci ildən bəri geri qayıda bilməsəm də, İrandakı hadisələri narahat bir ürəklə izləmişəm. Ancaq bu gün İranda baş verənlər başqa bir qəddarlıq və amansızlıqdır: Rejim gəncləri, qadınları, kişiləri və uşaqları sistematik şəkildə qırır. İnqilab Keşikçiləri silahsız etirazçıları güllələyir. Həbsxanada gənc qızları zorlayırlar. Şairləri asırlar. Gələcəyə baxmağa cəsarət edənlərin gözlərini çıxarırlar. Ayətullahlar vətənimi qırğın yerinə çeviriblər", - sənətçi bildirib.

O, Fransanın insan hüquqları diyarı olduğuna diqqət çəkərək, Parisin İranda baş verən qırğını dayandırmaq üçün dərhal geniş beynəlxalq hərəkata təşəbbüs göstərməli olduğunu bildirib:

"Beynəlxalq demokratiya koalisiyasına çağırış etmək və bütün vasitələrdən istifadə etmək üçün tam legitimliyiniz var: rejim liderlərinə və onların ailələrinə qarşı sarsıdıcı iqtisadi sanksiyalar, aktivlərin tamamilə dondurulması, ölkəyə girişin qadağan edilməsi, işin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsi, repressiv texnologiyalara embarqolar qoymaq, müstəqil İran mediasına logistik dəstək vermək, siyasi qaçqınları qəbul etmək və Birləşmiş Millətlər Təşkilatında daimi tribuna yaratmaq kimi addımlar atmağınız gözlənilir.

Cənab Prezident, sizdən xahiş edirəm ki, Viktor Hüqonun, Zolanın və Fransanı məzlumların səsi edənlərin hamısının irsini hörmətlə yad edin. Bu mübarizəyə rəhbərlik edin. Vaxt azdır. Hər keçən gün daha çox insan öldürülür. Onların tələb etdiyi azadlıq abidələrimizə həkk olunmuş eyni azadlıqdır.

Bu azadlıq sərhəd tanımır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol