Dekabrın 28-dən bəri İranda davam edən etirazların kökündə son bir ildə dolların ikiqat bahalaşması, yaşayış xərclərinin kəskin artması və yoxsulluğun 50 milyondan çox insanı əhatə etməsi dayanır. Artıq 19 gündür davam edən ümumxalq etirazlarında 2677 nəfər öldürülüb, 19097 nəfər isə həbs edilərək müxtəlif həbsxanalara köçürülüb.
Son hadisələr təkcə bu ölkənin daxili siyasi gündəmi deyil, eyni zamanda region dövlətləri, xüsusilə də İranda milyonlarla azərbaycanlı yaşadığına görə, Azərbaycan üçün ciddi mənəvi, siyasi və strateji əhəmiyyət daşıyır. Bu hadisələr fonunda İranda yaşayan azərbaycanlıların təhlükəsizliyi, hüquqları və gələcəyi xüsusi həssaslıqla diqqət mərkəzinə gəlir.
Sözügedən mövzu ilə bağlı millət vəkili Elman Nəsirov BUTA.TV-a açıqlamasında bildirib ki, İran çox ciddi siyasi böhran dövrünə daxil olub və çox ağır siyasi kataklizmlər yaşayır:
“Hətta İranda xalqın etirazlarına dəstək olaraq ABŞ və İsrailin də havadan zərbələr endirməsi istisna deyil. Bu haqda çox ciddi müzakirələrin getdiyi də bəllidir. Belə olan təqdirdə, şübhəsiz ki, İranda yaşayan çoxmilyonlu soydaşlarımızın taleyilə bağlı məsələ aktuallaşır”.
Deputat Azərbaycan dövlətinin hadisələri diqqətlə izlədiyini, azərbaycanlıların taleyi məsələsinin dövlət üçün həmişə aktual olduğunu vurğulayıb:
“İstəyirik ki, repressiyalara son qoyulsun və İrandakı bu siyasi gərginlik dinc yolla tənzimlənsin. Ölüm-itim olmasın. İstənilən dövlət öz qonşuluğunda vəziyyətin gərginliyindən narahat olmalıdır. Bu, səbəbsiz deyil. Məşhur bir misal var: əgər qonşuda ev yanırsa, digər qonşular heç zaman rahat ola bilməz. Çünki mütləq o yanğın digər evlərə də yayıla bilər”.
Nəsirovun fikrincə, elə bir müharibə ola bilər ki, proseslər nəzarətdən çıxa bilər:
“Heç istəmirik ki, bölgəmizdə müharibə başlasın və böyük güclər bu prosesə qatılsın. İranın qonşuluğundayıq deyə bunun hansı fəsadlar verə biləcəyinin də fərqindəyik. Mövqeyimiz ondan ibarətdir ki, tezliklə İrandakı bu gərginliyin dinc yolla tənzimlənməsini istəyirik. İranda olduqca ağır situasiyanın sülh yolu ilə, danışıqlar yolu ilə tənzimlənməsində maraqlıyıq”.
Politoloq İlyas Hüseynov isə açıqlamasında vurğulayıb ki, İranın hazırkı Prezidenti Məsud Pezeşkian Azərbaycan türküdür və səlahiyyətləri məhdud olsa da, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olan şəxsdir:
“Pezeşkian ötən il İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində iştirak edib və İran-Azərbaycan münasibətlərində tərəqqinin, hərtərəfli münasibətlərin qurulmasında təşəbbüskar olan şəxsdir. Bu amil mütləq nəzərə alınmalıdır.
Lakin İranda yaşayan soydaşlarımızın dilinin, hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təminatı və beynəlxalq hüquqdan irəli gələn bütün norma və prinsiplərin tətbiqi önəmli əhəmiyyət kəsb edir. İranda gələcəkdə baş verəcək dəyişikliklər məhz bu kimi halların da nəzərə alınmasını özündə ehtiva edir. Proseslərin inkişaf trayektoriyasına uyğun olaraq, Azərbaycan da müvafiq addımlar ata bilər”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti üzrə hazırlanıb.
- Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz
- Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...
- Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar
- Əhali bu banklardan niyə narazıdır? – Səbəblər bəlli oldu
- Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
- İcra başçıları KÜTLƏVİ ixtisarlara başladı – Vəzifələr ləğv edilir
- Van Dammın azərbaycanlı gəlinindən xəbərdarlıq
- Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..