AMEA prezidenti İsa Həbibbəylinin “çətir əhvalatı” niyə bu qədər yayılıb? Niyə bir gəncin - gənc deyəndə, akademikdən yaşca çox balaca olan şəxsdən söhbət gedir - yağışlı havada, şəhidlərin anma mərasimində İsa Həbibbəylinin islanmaması üçün ona çətir tutması və yaxud onu öz çətirinin altına alması bu qədər müzakirə edilməlidir ki?
Məgər bir gəncin özündən böyüyə göstərdiyi hörmət alqışlanmamalıdır?
Mahmud Kaşğari yazır ki, bir türk at belində olarsa və qarşısına yaşlı adam çıxarsa, heç vaxt atlı halda salam verməz, dərhal atdan enər, salam verər, ixtiyar keçib gedəndən sonra atını minər.
Böyüyə verilən dəyər-hörmət bizim canımızda-qanımızdadır, ictimai nəqliyyatda böyük görəndə ayağa qalxmaq və yerini vermək də o ənənədən gəlir. Çeçenlərdə bu ənənələrin bəziləri indi dünyanı heyrətə salacaq dərəcədə yaşayır: bir yaşlı qapalı məkana girərsə və yaxud məhəllədən keçərsə, orda olan bütün gənclər ayağa qalxar, böyüyün keçib-getməsini və yaxud oturmasını gözləyər...
İsa Həbibbəyli təkcə 77 yaşlı ağsaqqal deyil, həm də alimdir (özü də akademikindən), ziyalıdır, elm-ziyalı ocağının rəhbəridir. Ona niyə hörmət olunanda hər kəs məsxərəyə qoyur?
Bu suallara aydınlıq üçün bir müqayisə verək:
Təsəvvür edin ki, orda İsa Həbibbəyli yox, Lütfü Zadədir və yaşı ondan az olsa da, artıq ömrünün ixtiyar çağını yaşayan Rafiq Əliyev çətiri onun başına tutub.
Bu səhnəni göz önünə gətirin: Lütfü Zadəni ələ salıb, Rafiq Əliyevi yaltaqlıqda ittiham etmək ağlınızdan keçərmi?
Elə Rafiq Əliyevin özünü götürək: bu dünya şöhrətli, planetin ən nüfuzlu ali məktəblərində mühazirələr oxuyan, sadədən-sadə Rafiq Əliyev eyni vəziyyətdə olarsa və yanında olan, məsələn, Rəşad Məcid, çətirini onun başı üstünə tutarsa, Rafiq müəllimi ələ salmaq ağlınıza gələrmi?
İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı suala cavab verməzdən əvvəl mızıldanır, nəsə anlaşılmaz küy çıxarır, sanki köhnə Qaz-51-i işə salırsan, həm də açarla yox, əl lingi ilə və yalnız bundan sonra fikrini ifadə edir.
İsa Həbibbəylinin bu davranışı da gülüşə çevrilib və hər kəs, elə bizim kimi, “epitetlər”dən bol-bol istifadə edib, kişini lağ obyektinə çevirir...
Yenə müqayisə edək:
İndi təsəvvür edin ki, o cür mızıldanaraq sözə başlayan, məsələn, Yusif Məmmədəliyevdir, Azad Mirzəcanzadədir, Bəkir Çobanzadədir, Ziya Bünyadovdur və lap elə Rafiq Əliyevdir... Onun dodaqaltı mızıldamasını ələ salacaqdınızmı?
Eynşteyn ütüsüz köynək, ayağına ilişən şalvarla kürsüyə çıxıb, mühazirə əvəzinə skripka çalanda onu ələ salmaq və gülüş hədəfi etmək kimsənin ağlına gəlməmişdi - nə o vaxt, nə də indi...
Yəni məsələ çətir deyil, mızıldanmaq və ya donquldanmaq da deyil - ağsaqqala, müəllimə, ustada çətir də tutarlar, başına da dolanarlar, dili dolaşanda da bunu yaşına və yaxud fikrinin hansısa “evrika”da olmasına calayarlar...
Məsələ ağsaqqal olmaqdır, ustad olmaqdır, müəllim olmaqdır!
İsa Həbibbəyli AMEA prezidentidir - amma onun alim olması haqda dünya elminə heç nə bəlli deyil!
İsa Həbibbəyli 77 yaşına çata bilib, amma ağsaqqal mərhələsinə çatmayıb.
İsa Həbibbəyli akademik ola bilib - ancaq elm zirvələrini fəth edən bir tələbəsi də yoxdur.
İsa Həbibbəylinin ən böyük uğuru “qulluq mövqeyindən” istifadə edib Azərbaycan elmi üçün yox, özü, övladları, ailəsi üçün, məsələn, şadlıq sarayı tikmək olub.
Tərbiyə verdiyi, böyütdüyü, yetişdirib yüksək vəzifəyə təyin etdirdiyi oğlu Səhhət Həbibbəylinin korrupsiya şəbəkəsinin siması olduğunu hər kəs bilir.
Alim, akademik, AMEA prezidenti İsa Həbibbəylinin Azərbaycan xalqına “verdiyi” “Karvan” şadlıq evidir, özündən sonra üçün qoyduğu “mənəvi varis” isə Səhhət - deyəsən, oğlunun adını doğum şəhadətnaməsinə iki “h” ilə yazdırmağı da bacarmayıb bu ədəbiyyatşünas alim ki, heç olmasa dilə praktik xidmətini görəsən!
Onun hər addımı niyə də gülüş hədəfinə çevrilməsin ki...
- Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama
- İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı
- Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan
- İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?
- Tramp işğala hazırlaşır - Putin yardım edəcək?
- SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək
- Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər
- Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi