Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar

13:40 - 14 Fevral 2026 - GÜNDƏM

 Bu işçilər ixtisara düşəndə 2800 manat müavinət alacaqlar

Qanunvericiliyə əsasən, müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər.

BUTA.TV xəbər verir ki, iqtisadçı-ekspert Allahverdi Aydın Trend-ə açıqlamasında bu hallarda əmək müqaviləsinə xitam verilən işçiyə müəyyən ödəmələrin həyata keçirilməli olduğunu xatırladıb.

Belə ki, işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

bir ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqı miqdarında;

bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında;

beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əmək haqqının azı 1,7 misli miqdarında;

on ildən çox əmək stajı olduqda – orta aylıq əmək haqqının azı iki misli miqdarında.

Həmçinin, işəgötürən yuxarıda nəzərdə tutulan müavinətdən əlavə ay tamam olmadığı hallarda faktiki işlədiyi günlər üçün əmək haqqı və əgər istifadə edilməmiş məzuniyyət günləri varsa, buna görə də kompensasiya ödəyir.

Ekspert 1 100 manat əmək haqqı alan işçiyə bu hallarda nə qədər müavinət ödəniləcəyinə dair hesablama aparıb:

“Misal üçün deyək ki, Kamran adlı şəxs “ABC” MMC-də 10.03.2023-cü il tarixindən baş mühəndis vəzifəsində çalışır. O, işə qəbul olunduğu tarixdən əmək müqaviləsinə xitam verilən tarixədək aylıq 1 100 manat əmək haqqı alıb. Kamran işlədiyi müddətdə əmək məzuniyyətindən iki dəfə istifadə edib. “ABC” MMC-nin fəaliyyətinə xitam verildiyi üçün Kamranın əmək müqaviləsinə 10.02.2026-cı il tarixdən xitam verilib.

Bu halda əmək müqaviləsinə xitam verildiyi tarixə Kamrana ödənilməli olan son haqq-hesab bu şəkildə hesablanır:

Əvvəlcə, işlənmiş iş günləri üçün əməkhaqqı hesablanır. İstehsalat təqviminə əsasən, 2026-cı ilin fevral ayında 21 iş günü var. Kamran fevral ayında 7 iş günü çalışıb və son iş günü 10 fevral tarixidir.

1 100 : 21 = 52,4 manat;

52,4 × 7 = 366,7 manat.

Daha sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanır:

Kamran işlədiyi müddətdə əmək məzuniyyəti hüququndan iki dəfə istifadə etməyib. O, 10.03.2023 – 10.03.2025-ci il tarixlərini əhatə edən iki iş ilində məzuniyyət hüququndan istifadə edib. Lakin 10.03.2025-ci il tarixindən sonra məzuniyyət hüququndan istifadə etməyib. “ABC” MMC-də mühəndis vəzifəsində işləyən Kamranın bir iş ilində 30 təqvim günü məzuniyyət hüququ var. Kamran sonuncu iş ilində 11 ay işləyib. Hər ay üçün orta məzuniyyət günü 2,5 gün (30 / 12 = 2,5) edir. 11 ay üçün isə 27,5 gün (11 × 2,5 = 27,5) edir.

Orta aylıq əmək haqqının 1 100 manat olduğunu nəzərə aldığımız zaman məzuniyyətə görə kompensasiya aşağıdakı kimi olur:

(1 100 : 30,4) × 27,5 = 995,1 manat.

Kamrana işinə xitam verilməsinə görə ödəniləcək işdənçıxarma müavinətinin məbləği isə aşağıdakı kimi olacaq:

Ödənişdən əvvəlki iki ay – dekabr və yanvar ayları üzrə Kamranın gəliri 2 200 manat (1100 × 2) olub. Həmin aylarda iş günlərinin sayı 40 gün olub. Nəticədə bir günlük əmək haqqı 55 manat (2 200 : 40) olacaq.

2026-cı il üzrə orta aylıq iş günlərinin sayı 20,08 gün qəbul edildiyi üçün Kamrana veriləcək orta aylıq əmək haqqının məbləği 1 104,4 manat (55 × 20,08) olacaq. Kamranın iş stajı bir ildən çox, beş ildən az olduğu üçün ona orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında müavinət – 1 546,2 manat (1 104,4 × 1,4 = 1546,2) veriləcək.

Vergi Məcəlləsinə əsasən, müəssisənin fəaliyyəti dayandığı zaman əmək müqaviləsinə xitam verildikdə işçilərə ödənilən təminatlar gəlir vergisindən və sosial ödənişlərdən azad edilir.

Lakin işlənmiş iş günləri üçün əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya vergi və digər sosial ödənişlərdən azad olunmur. Bu səbəbdən Kamrana ödəniləcək 366,7 manat işlənmiş iş günləri üçün əmək haqqından və 995,1 manat istifadə edilməmiş məzuniyyətə görə kompensasiyadan cəmi 156,2 manat (DSMF (122,2) + işsizlik sığortası (6,8) + icbari tibbi sığorta (27,2) = 156,2) tutulacaq.

Bütün bunlardan sonra son haqq-hesab məbləği bu şəkildə olacaq:

334,9 manat (işlənmiş günlər üçün əmək haqqı) + 884,7 manat (istifadə edilməmiş məzuniyyətə görə kompensasiya) + 1 546,2 manat (işdənçıxarma müavinəti) = 2 765,8 manat.

Deməli, bu nümunədən də göründüyü kimi, ayda 1 100 manat əmək haqqı alan bir şəxsin müəssisənin fəaliyyəti dayandığı üçün əmək müqaviləsinə xitam verilərsə, işəgötürən ona 2 765,8 manat ödəməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol