“Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”

19:53 - 17 İyun 2026 - GÜNDƏM

 “Qaçıb mağarada gizlənirlər, digər təqsirkarlar da həbs edilməlidir”

Yasamal rayonunda yerləşən yaşayış binasında 3 nəfərin ölümü, onlarla sakinin xəsarət alması ilə nəticələnən dəhşətli yanğın hadisəsi ilə bağlı məhkəmə prosesi başlayıb.

BUTA.TV” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclas zərərçəkmişlərin bu ilkin istintaqa etirazları ilə diqqət çəkib.

Əvvəlcə məlumat üçün deyək ki, hadisə nəticəsində 3 nəfər ölüb. Onlardan biri tanınmış vəkil Elçin Qəmbərovun nəvəsi, vəkil Elçin Qəmbərovun isə qızı 7 yaşlı Arzu Qəmbərli, biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli, üçüncüsü isə 42 yaşlı Samir Məmmədovdur. Eyni zamanda hadisə nəticəsində 25 nəfər xəsarət alıb. Onlardan biri də Könül Vəlibəylinin 25 yaşlı qızı Ləmandır. Ləmanın vəziyyəti hələ də ağırdır.

Dəhşətli cinayətə görə isə 1 nəfər- “Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayev həbs edilib. Ona görə ki, Paşayevin klinikası hadisə baş verən binanın zirzəmisində yerləşib. Məhz orada başlayan yanğın nəticəsində qısa müddətdə binanı qatı tüstü bürüyüb.

Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən ilk məhkəmədə zərərçəkmiş şəxslər cinayət işinin məhkəmə baxışına verilmədən prokurora qaytarılmasını istəyiblər. Zərərçəkmiş tərəf hesab edir ki, bu iş üzrə ilkin istintaq hərtərəfli araşdırma aparmayıb, təqsirkar şəxslər hamısı müəyyən edilməyib.

Yanğında qızını itirən vəkil Əli Qəmbərli digərlərinin də adından çıxış edərək deyib ki, bu hadisəyə görə Bəhruz Paşayevdən əlavə yanğın başlayan obyektinin mülkiyyətçisi Vüqar Abbasov da cinayət məsuliyyətinə cəlb edilməlidir. Bundan əlavə “İvolt” MMC-nin də təqsiri var:

“Bəhruz Paşayev nə qədər təqsirlidirsə, Vüqar Abbasov da o qədər təqsirlidir. Amma nə olsa yaxşıdır, Vüqar bu işdə zərərçəkmiş qismində tanınıb. Bəhruzla Vüqar qohumdurlar. Hətta uydurma olaraq guya Bəhruz zərər çəkdiyi üçün ona pul da ödəyib. Bundan əlavə “İvolt” MMC-nin rəhbəri Hacızadə Orxan Rüfət oğlu da istintaqa cəlb edilməlidir. Çünki yanğın təhlükəsizliyinə birgə cavabdeh olublar. Orxan da Vüqar da burada Bəhruzla birgə mühakimə edilməlidirlər. Xahiş edirəm, mənim övladımın ölümündə təqsiri olan kim varsa layiqli cəzasını alsın”.

Fotoda: Vüqar Abbasov

Hadisə nəticəsində həyatını itirən Könül Vəlibəylinin atası Vəlibəy Hümbətov da məhkəmədən eyni şeyi istəyib:

“Mənim nəvəm bu dəqiqə xəstəxanada ölümlə mübarizə aparır, amma təqsirkarlardan heç biri bircə dəfə də onunla maraqlanmayıb. Qaçıb mağarada gizlənirlər. Ləman indi Türkiyədə ölüm ayağındadır. Hər şeyimi satıb onun müalicəsinə vermişəm. Amma bu adamlar qətiyyən maraqlanmırlar. Qızım öldü, nəvəmi də itirmək istəmirəm”, -deyib.

Mərhum Könülün atası göz yaşlarını saxlaya bilməyərək çıxışını yarımçıq saxlayıb. Onun vəkili Xeyransa Babayeva bütün təqsirkarların müəyyən edilməsi üçün işin ibtidai istintaqa qaytarılmasını xahiş edib.

Bütün zərərçəkmişlər qaldırılan vəsatəti dəstəkləyib. Prokuror isə cinayət işinin ibtidai istintaqının düzgün aparıldığını, kobud qanun pozuntularına yol verilmədiyindən işin məhkəmə baxışına verilməsini xahiş edib. Məhkəmə müşavirədən sonra zərərçəkmiş şəxslərin qaldırdığı vəsatətin təmin edilmədiyini elan edib. Hakimlər məzuniyyətə getdiyi üçün məhkəmə araşdırması iyulun 30-da başlayacaq. 

Qeyd edək ki, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma- ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Təqsiri sübuta yetirilsə onu 5 ildən 10 ilə kimi həbs cəzası gözləyir.

Sail Ağasəlim




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol