Şuşa və Xankəndidə Azərbaycan tarixi ilə bağlı yeni arxeoloji abidələr aşkarlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Çöl Tədqiqatlarının Monitorinqi və Qiymətləndirilməsi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Təvəkkül Əliyev məlumat verib.
“Ötən ay biz Şuşa və Xankəndidə kəşfiyyat xarakterli araşdırmalar apardıq. Şəhər ərazisi ayrı-ayrı sektorlara bölünərək nəzərdən keçirildi. Çoxsaylı yeni yaşayış binalarının özüllərinin kəsikləri yoxlanıldı. Eyni zamanda, şəhərdəki tarixi qəbiristanlıqların, o cümlədən çox geniş ərazini əhatə edən “Mirzə Həsən” qəbiristanlığının yayılma arealı, dövrü, vəziyyəti ilə bağlı məlumatlar toplandı. Kəşfiyyat zamanı Şuşada 19-cu əsrin əvvəllərinə aid 4 və 8 güşəli 2 türbə aşkar olundu. Bu türbələrin və onların ətrafındakı qəbirlərin 19-cu əsrin 20-30-cu illərinə aid olduğunu müəyyən etdik. Güman edirik ki, həmin türbələrin bərpası tezliklə həyata keçiriləcək və şəhər qonaqlarının, turistlərin istifadəsinə veriləcək”, - Təvəkkül Əliyev bildirib.
Onun sözlərinə görə, kəşfiyyat zamanı Şuşada əldə olunan əsas yeniliklərdən biri Şuşanın şimal şərq hissəsində Hacıquluların malikanəsindən və qoşa bürclərdən aşağıda geniş ərazini əhatə edən orta əsr yaşayış yerinin qeydə alınması olub: “Yaxın vaxtlarda oraya xüsusi ekspedisiyanın göndərilməsi planlaşdırılıb. Şuşanın ətrafında da bir sıra abidələr aşkar olunub. Məsələn, Şuşakənd tərəfdən baxanda Qarqarçayın üzərində bir aşırımlı daş körpü aşkarlanıb. Daşaltı kəndində isə kəndi su ilə təmin edən su kəmərinin bir hissəsi aşkarlanıb. Hazırda Şuşa şəhər Dövlət Qoruğunun ərazisində geniş quruculuq, tikinti işləri aparılır. Buna görə də şəhərdə arxeoloji kəşfiyyat işlərinin davam etdirilməsi təbiidir. Onu da qeyd edim ki, ötən ay aparılan ekspedisiya zamanı Xankəndi şəhəri və onun ətrafında, xüsusilə Kərkicahan kəndi istiqamətində araşdırmalar aparılıb, bir necə qədim kurqanların yeri müəyyən edilib. Hazırda isə biz Ağdamın Şahbulaq kəndində kəşfiyyat işləri aparırıq”.
Şöbə müdiri qeyd edib ki, arxeoloji qazıntılar yay aylarında aparılır: “Bu yay Şuşa və Xankəndi ilə yanaşı, Füzuli rayonunda Yedditəpə kurqanlarında, Zəngilanda Şərifan orta əsr şəhər yerində, Azıx və Tağlar mağaralarında qazıntı işləri aparılıb”.
- Şəmkirdə ağır qəza - Ölənlərin sayı 5-ə çatdı+Yenilənib
- Bakının bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
- Baş Prokurorluq 3 Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi
- Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi
- Əlilliyi olan 415 şəxsə on mindən çox reabilitasiya vasitəsi təqdim edilib
- Şuşa və Xankəndidə yeni arxeoloji abidələr aşkarlandı
- 7 ayda 187 milyonluq narkotik dövriyyədən çıxarıldı
- Azərbaycanda ən yüksək maaş bu şəhərdə verilir