Vasif Talıbov Naxçıvanda hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra məlum oldu ki, təxminən il yarım əvvəl Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarı İran dövlətinə ya satılıb, ya da bağışlanıb.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İran islam Respublikası ilə Azərbaycanın dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə, 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib. Sərhədyanı kəndlərdə yaşayan sakinlərin bildirdiyinə görə, həmin vaxt həm Naxçıvan rəhbərliyindən olan şəxslər, həm də İranın dövlət qurumlarının nümayəndələri əraziyə toplaşıblar. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunaraq Araz çayının əsas qolunun önü kəsilib, su Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Kənd sakinlərinə isə bildiriblər ki, məqsəd həmin hissədən körpü salmaq və beləliklə də qonşu ölkəyə gediş-gəlişi daha da rahatlaşdırmaqdır. Amma bir müddətdən sonra məlum olub ki, heç bir körpü tikintisi aparılmayıb və görülən işlər nəticəsində Azərbaycanın 21 hektardan artıq ərazisi İran tərəfə keçib. İran isə sözügedən ərazinin düz ortasından yük maşınları üçün avtomobil yolu çəkib. Beləliklə, Azərbaycan-İran dövlət sərhəd xətti dəyişdirilib.
“Naxçıvanın Ərəbyengicə kəndinin İrana verilən 21 hektar ərazisinin geri qaytarılmasını həll etmək üçün, ilk növbədə, ölkələrarası sərhədlərlə bağlı razılaşdırılmış protokollara baxılmalıdır”.
Bu sözləri tanınmış hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
Ə.Əhmədoğlu xatırladıb ki, İranla Azərbaycan arasındakı sərhəd xətti hələ 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqaviləsinə görə Araz çayı müəyyən edilib:
“Əgər çayın yatağının süni şəkildə dəyişdirilməsi sübut olunarsa, bu, avtomatik olaraq sərhədə süni müdaxilə etmək deməkdir. Azərbaycan tərəfi ciddi şəkildə bu faktları təqdim edərək həmin çay yatağının süni şəkildə dəyişdirilərək sərhədin cənubdan şimala doğru itələnməsini, habelə bunun insan əməli olduğunu sübut edə bilər. Kim bu işə yol veribsə, ilk növbədə, onların hüquqi məsuliyyət məsələsi gündəmə gəlməli və bununla paralel olaraq sərhəd əvvəlki vəziyyətinə qaytarılmalıdır”.
Onun sözlərinə görə, Quql (Google) xəritələrində də aydın şəkildə görünür ki, Araz çayının həm üst, həm də alt axınına 2 bənd atıblar:
“Beləliklə, oranı bir hovuz halına gətiriblər və əlavə olaraq, irəlidə yeni bir yer açıblar. İndiki halda həmin o 2 bənd oradan qaldırılmalı, çay əvvəlki axınına dönməli və açılmış yer qapanmalıdır. Çünki hər iki ölkə əvvəlcədən qarşılıqlı olaraq, çayın ortası ilə sərhəd xəttinin keçməsini qəbul edib. Deməli, çay yatağına olan süni müdaxiləni həyata keçirənlər həbs olunmalıdır”.
Hüquqşünas əlavə edib ki, bunu sübut edəcək çoxsaylı peyk görüntüləri var:
“Yəqin Azərbaycan peyklərinin 2019-2020-ci illərdəki şəkillərinə baxıblar. 2019-cu ilə qədər həmin ərazidə olan vəziyyət sonradan dəyişib. Quql pullu xidmətləri əsasında konkret tarixləri dəqiq görə bilərsiniz. Hətta həmin tarixlər çərçivəsində orada hansı texnika işləyib, onu da görmək olar".
Ə.Əhmədoğlu deyir ki, Azərbaycanın bunu sübut etmək üçün çoxsaylı imkanları var:
“Əgər İran qəbul etməsə, Azərbaycan bu sübutları BMT-yə təqdim edə bilər ki, bu məsələ onlar tərəfindən çözülsün. Əlbəttə, BMT-nin bununla bağlı strukturları var. Çünki tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Suverenlik isə həm də həmin ərazi üzərindəki suverenlikdir və bu aspektdən, ərazinin müdaxilə ilə yerdəyişməsi yolverilməzdir”.
Maraqlıdır ki, rəsmilər hələ də bu məsələyə heç bir reaksiya verməyiblər. Burada bir haqlı sual da yaranıb: əgər BMT 30 ildə öz qətnamələrini yerinə yetirib işğalçını torpağımızdan çıxarmadısa, onlara necə ümid edək?
Hüquqşünas Əsabəli Mustafayev belə bir müraciətin BMT-yə ünvanlamasını çox vacib sayır. Hətta bunun üçün gecikdiyimizi belə söyləyir:
“Buna tam hüququmuz çatır. İlk növbədə, bu müraciəti Azərbaycan tərəfi olaraq BMT-yə etməliyik. Bu məsələnin hüquqi müstəvidə həllində gecikirik. Beynəlxalq hüquq çərçivəsində buna nail olmaq mümkünsüz deyil. Beynəlxalq hüquq da, beynəlxalq təşkilatlar da, BMT kimi ciddi təşkilat da bizim ərazi bütövlüyümüzü tanıyır. Əgər biz indi BMT-də bu məsələni qaldırıb, orada sübut etsək ki, bu ərazi qanunsuz olaraq bizdən alınıb, istədiyimizə nail ola bilərik. Zatən onsuz da bəllidir ki, həmin ərazi bizdən qanunsuz olaraq götürülüb. Buna mütəxəssislər, beynəlxalq hüquqla məşğul olan insanlar cəlb edilməlidir. Mətbuatdan oxuyuram. Ortada konkret faktlar var, bunu fotolar sübut edir. Onları məsələyə cəlb edib, çox şeyə nail ola bilərik”.
Hüquqşünas onu da bildirdi ki, bu məsələyə mütləq şəkildə Vasif Talıbovun özünü də cəlb etmək lazımdır:
“Onun ifadələrini almaq vacibdir. Torpaq itkisinin nədən baş verdiyi, hansı səbəbdən olduğunu bilməliyik. Ola bilər ki, müvəqqəti razılaşma olsun ki, İran o ərazidən qısa müddətdə istifadə etsin, bunun üçün nəyəsə ehtiyacı yaransın və biz tərəfdən xahiş etsin. Bu da yazılı və şifahi şəkildə mümkündür. Sadəcə, bütün bu müəmmalar Talıbovun ifadələrindən sonra çözülə bilər. Bu ifada alındıqdan sonra BMT Təhlükəsizlik Şurasına müraciət edib, bu məsələni qaldırmaq olar. Əminəm ki, Təhlükəsizlik Şurası üzvlərinin əksəriyyəti Azərbaycanın tərəfində olacaq. Ola bilsin ki, Rusiya bir az tərəddüdlü mövqe sərgiləsin. Orada da mənə elə gəlir ki, müəmma olmayacaq. Uzaqbaşı neytral qalacaq. BMT qərar verəndən sonra ki o ərazimiz zəbt olunub, beynəlxalq təşkilatların, həmin dövlətlərin səyi ilə o əraziləri geri qaytaracağıq”.
Müsahib çox pis bir presedentin yarana biləcəyindən ehtiyat edir:
“İndi bunun qarşısı alınmasa, gələcəkdə belə halın təkrar olunmayacağına heç bir zəmanət yoxdur. Metrə-metrə ala-ala gedə bilərlər. Ona görə də bu çox yaxşı bir təşəbbüs ola bilər ki, məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılsın və həllini tapsın. Təbii ki, biz silah, güc yolu ilə bunun baş tutmasını istəməzdik. Bu bütün regionda sabitliyi poza bilər. Müharibə heç kimə lazım deyil. Əminəm ki, dost ölkələrin dəstəyi ilə bu torpaq geri qaytarıla bilər. Sadəcə, burada əsas olan odur ki, buna mütləq şəkildə təşəbbüs göstərilməlidir. Bu məsələ neçə müddətdir ki, ancaq ölkə daxilində müzakirə olunur, danışılır. Amma bu istiqamətdə ciddi addımlar atılmır. Lazım gələrsə, Haaqa Məhkəməsinə belə müraciət oluna bilər. Burada təəssüfedici bir məqam da var. Rəsmilər səviyyəsində müşahidə olunan müəyyən susqunluq sözsüz ki, cəmiyyətdə təəssüf doğurur. Ona görə dedim ki, çox gecikirik. Təcili tədbirlər görmək lazımdır. Yoxsa bu cür görüntü yarana bilər ki, İran öz ərazisini geri alıb. Uzun müddətə susqunluq göstərsək, bu belə görünəcək. Artıq BMT də bizə inanmayacaq ki, əgər sizin torpaq zəbt olunmuşdusa, niyə bunun geri qaytarılması üçün dərhal tədbir görməmisiniz. Mətbuat bu məsələni daim gündəmdə saxlamağa çalışmalı, geniş təhlil yazılmalıdır. Özü də hökumətə yönəlik tələb olunmalıdır ki, bu ərazinin geri qaytarılması üçün tədbir görülsün”.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi