Niyə Türkiyədə ermənilərə uduzuruq?!

16:06 - 22 Fevral 2023 - CƏMİYYƏT

 Niyə Türkiyədə ermənilərə uduzuruq?!

Türkiyənin keçmiş xarici işlər naziri, DEVA partiyasının sədri Əli Babacan Tvitter hesabında zəlzələyə yardım etdiklərinə görə bəzi ölkələrə onların öz dilində “təşəkkür” edib. Tvitin birmənalı qarşılanmadığını elə oradakı şərhlərdən görmək mümkündür. Çoxluğun sualı belədir: Azərbaycanın adı bu siyahıda niyə yoxdur? Azərbaycanın və digər türk dövlətlərinin!

Əlbəttə, əhəmiyyət verməmək də olardı. Amma dünən Feysbukda bu mövzu ətrafındakı absurd müzakirələrə şahidlik etdikdən sonra anladım ki, Azərbaycanda böyük çoxluq Türkiyə siyasətindən demək olar, xəbərsizdir. Beş-üç bəsit məzmunlu türk serialına baxanlara elə gəlir ki, Türkiyəni ovuc içi kimi tanıyırlar. Elə deyil. Türkiyə sizin tanıdığınızdan qat-qat nəhəng ölkədir.

Bəli, biz Türkiyəni həddən ziyadə çox sevirik, özümüzə ikinci vətən sayırıq. İstəmərik ayağına daş dəysin. Qəlbimizdə fərqli bir yeri var bu ölkənin. 44 günlük İkinci Qarabağ savaşında Türkiyənin siyasi və mənəvi dəstəyindən güc aldıq. Hər birimizin içində miqyasagəlməz bir minnət duyğusu var Türkiyəyə. Zəlzələ fəlakətində biz də öz sevgimizi gücümüz, imkanımız çatdığı səviyyədə, hətta bundan da artıq göstərməyə, ifadə etməyə çalışdıq. Amma prezidentliyə iddialı bir partiya başqanının, “altılı masa”da təmsil olunan bir siyasətçinin münasibətini, mövqeyini sorğulamaq, bəyəm, Türkiyəyə münasibətdirmi, Türkiyə sevgimizi sorğulamaqdırmı?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişkən, “bə əxlaqsızlar, bə vicdansızlar, bə namussuzlar”...

Söyəndə, təhqir edəndə də fikri kontekstdən çıxararaq kütlənin önünə atırlar. Əlbəttə, məqsədli şəkildə edildiyini görürük, bilirik. Amma sosial şəbəkələrin yaratdığı böyük imkanlardan bir az da öyrənməyə, maariflənməyə, bilgi əldə etməyə istifadə etsəydiniz, nə gözəl olardı. Bizim xəbərimiz yoxmuş, Əli Babacan “Azərbaycanı özününkü hesab etdiyinə görə” təşəkkür etməmiş. “Əcəb etmiş, çünki biz zatən təşəkkür gözləmirmişik”, “Ərdoğan onsuz da təşəkkür edib, bəsimiz deyilmi” və s. kimi “dərin məzmunlu politoloji yanaşmalar”...

Söhbət “təşəkkür”dənmi gedir? Bizi narahat edən təşəkkür yox, təfəkkürdür. Cənab Babacan AKP iqtidarında xarici işlər naziri postundaykən Türkiyə ilə Ermənistanın yaxınlaşması üçün cidd-cəhdlə çalışan, Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasının hər iki ölkəyə “böyük fayda” verəcəyini iddia edən şəxsdir. Hətta iddia etdiyi “böyük fayda” naminə özünü “yaxşı” göstərmək üçün erməni rəsmilərin önündə Azərbaycan nümayəndə heyətinin üzvünə qarşı kobudluq edəcək qədər irəli getmişdi Babacan.

Siyasi və media cameəsi yəqin ki, yaxşı xatırlayar: bu, 2009-cu ildə QDİƏT-in İrəvanda keçirilən toplantısında baş vermişdi.

Ermənistan mediası yazırdı ki, (bu məlumat Azərbaycan və Türkiyə mediasında da var) toplantıdan sonra Babacan Serj Sərkisyanla görüşmək üçün onun olduğu qapının önündə gözləyirmiş, bu zaman Azərbaycan nümayəndə heyətində təmsil olunan XİN rəsmilərindən biri Babacana yaxınlaşır və nəsə deməyə çalışır, ermənilər bunu istəmədiklərini dedikdə, Babacan “özünkü hesab etdiyi” Azərbaycan rəsmisinə kobudluq edərək, qapını göstərir. Bəllidir ki, Azərbaycan rəsmisi Sərkisyanın qəbuluna düşmək üçün qapı önündə gözləyən Babacana Qarabağ işğalda olduğu müddətdə işğalçı ölkə ilə münasibətlərin normallaşmasının doğru olmadığını deyir, “daşı ətəyindən tökməyi”ni istəyirmiş, ermənilərin xoşuna gəlməyən də bu olub. Babacan da ermənilərin xoşuna gəlmək üçün kobudluq etməkdən belə etməkdən çəkinməmişdi.

Məlumatın bir məqamını olduğu kimi bura əlavə edirəm: “Babacanın gözləmədiyi reaksiyası ilə üzləşən Azərbaycan rəsmisi əsəbi şəkildə çıxmaq istəyərkən, qapıları qarışdırır... Bunu müşahidə edən Babacan erməni rəsmiləri ilə birlikdə gülüşür, daha sonra erməni rəsmilər Azərbaycan rəsmisinə çıxış qapısını göstərirlər”.

Bu Babacan o Babacandır, dəyişən bir şey yoxdur!

O zaman Türkiyənin yanlış Ermənistan siyasətinin qarşısını Prezident İlham Əliyevin dəyanətli dirənişi aldı.
Bu mövqeyə görə Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirakdan belə imtina etdi. 2009-cu ildə Milli Məclisdən Türkiyəyə ezam olunan millət vəkilləri arasında mən də vardım və o vaxtkı Prezident Abdullah Güllə, xarici işlər naziri Əli Babacanla, digər nazirlərlə görüşlərdə iştirak etmişdim. Birmənalı olaraq, Ermənistanla ikitərəfli münasibətləri yaxşılaşdırmağın tərəfdarı idilər. Azərbaycan torpaqlarının işğalı faktı müzakirə belə edilmirdi.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin hazırkı yüksək səviyyəsi, “bir millət iki dövlət” ideyasının sözdən əmələ çevrilməsinin 2 müəllifi var: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan. 30 il öncə Kəlbəcər işğal olunanda Elçibəyə 2 helikopter göndərməyən (və ya göndərə bilməyən) Dəmirəl Türkiyəsi ilə bugünkü Ərdoğan Türkiyəni müqayisə etmək nə qədər çətindir? Son illərdə hər iki liderin misilsiz xidmətləri, fədakarlıqları sayəsində ən yüksək səviyyədədir əlaqələrimiz.

Onlarla fakt sadalaya bilərəm, amma biriylə kifayətlənəcəyəm. Çexiyanın paytaxtında keçirilən tədbirdə Türkiyəyə qarşı haqsız hücumları “Türkiyə burda yoxdur, mən burdayam” deyə Türkiyənin maraqlarını sonadək müdafiə edən İlham Əliyev idi. Türkiyə sözün əsl mənasında bu qardaş təəssübkeşliyindən yaxşı mənada ciddi təsirlənmişdi.

Bu münasibətlər ilmə-ilmə hörülərək indiki səviyyəyə çatdırılıb. Və dostluqdan, qonşuluqdan daha ötə, daha doğma bir münasibət formalaşıb. 14 il öncə Ermənistanla yaxınlaşmağın faydalarına özlərini və bizi inandırmağa çalışan iqtidar 2-ci Qarabağ savaşında bizimlə çiyin-çiyinəydi, Ərdoğan “babamın oğlu gəlsə, məni yolumdan döndərə bilməz” deyirdi...

Amma bir həssas məqam var ki, Türkiyə ilə Azərbaycan münasibətlərindən danışılarkən unudulur və ya gözardı edlir: bu münasibətlərin yüksək səviyyədə cərəyan etməsi mövcud iqtidarların, daha dəqiq desək, məhz Əliyevlə Əradoğanın siyasi iradəsinin və uzaqgörənliyinin nəticəsidir. Bəs digər spektrlərdə də belədirmi? Niyə Türkiyədə ermənilər mediada, siyasi və ictimai sferada, sivil toplum quruluşlarında azərbaycanlılardan daha üstün mövqedədirlər? Təəccüblü deyilmi, beynəlxalq müstəvidə Türkiyəyə “erməni soyqırımı” davasıyla macal verməyən Ermənistana rəğmən, ermənilər Türkiyədə bütün aparıcı media quruluşlarının ya sahibi, ya da önəmli postlarındadırlar. QHT-ləri, diaspor təşkilatları hətta qardaş Türkiyədə azərbaycanlılarla müqayisə edilməyəcək səviyyədə güclüdür, ictimai rəyə də bu mövqelərini sırıya bilirlər. Erməni əsilli Hrant Dink öldürüləndə “Hepimiz erməniyiz” kampaniyasında Türkiyənin bütün tanınmışları kütləvi şəkildə qoşulmuşdu. Azərbaycanla bağlı hansısa bənzər kütləvi kampaniya aparılıbmı indiyədək? Türkiyə siyasətində, mediasında, ictimai-siyasi həyatında böyük təsir rıçaqları olan neçə azərbaycanlı var?

Təəssüflər olsun ki, yoxdur.

Amma məhz “erməni azlığını” TBMM-də təmsil edən deputat var!

Biz Türkiyəni özümüzə o qədər doğma və yaxın hesab etmişik ki, türk ictimaiyyəti ilə işləməyi ağlımızdan keçirməmişik. Və nəticədə ortada böyük bir boşluq yaranıb və bu boşluq yalnız Əli Babacandan ibarət deyil: Azərbaycanda səfirlik edən Ünal Çeviköz də daxil, nə qədər siyasətçi var, bilirsinizmi? Ana müxalifət daxil, Türkiyə siyasətçilərinin 44 günlük savaşda neçəsinin Azərbaycanın haqq savaşına səs verən sözünü eşitdik, neçə nüfuzlu köşə yazarının mövqeyini oxuduq?

Vaxtilə Rusiyada ermənilərə uduzduğumuz mövqeləri eynilə Türkiyədə uduzuruq. Erməni və ya yunan xilasedicilərin zəlzələ bölgəsindəki fəaliyyətini manşet edən aparıcı türk mediası Azərbaycan xilasedicilərin fədakarlıqlarını bircə dəfə də olsun, manşetdə verməyib! Həqiqətən özlərininki hesab etdikləri üçünmü?

Qətiyyən! Səbəb odur ki, onlarla işləməmişik. İnanılmayacaq səviyyədə dəhşətli mənzərədir: Türkiyədə hələ də bəziləri elə zənn edir ki, Qarabağ Ermənistan ərazisidir və biz o torpaqları işğal etmişik. Dəfələrlə bu sualı mənə veriblər. Diaspor Komitəsi bu ölkədə diaspor fəaliyyətinə ya dəstək verməyib, ya da gərək duymayıb.

QHT-lərimizin Türkiyə sivil toplumları ilə, mediamızın qardaş ölkə mediası ilə, MM-dəki parlament azlığının TMBM-də parlament azlığı və ya ana müxalifəti ilə əlaqələri, ünsiyyəti sıfırdır!

Heç kəs əbədi deyil: Ərdoğan misilsiz siyasətçi, uzaqgörən lider, azərbaycanlıların sevimlisidir. Ancaq Ərdoğan əbədi ola bilməz ki!

Biz postərdoğan dönəminə hazırlıqsızıq. Hər şeyi iqtidarın öhdəsinə buraxıb sosial şəbəkələrdə məsuliyyətsiz bəyanatlarla kifayətlənirik. Ölkənin milli maraqları hakimiyyət qədər müxalifət qüvvələrini də narahat etməlidir. Azərbaycanda bu məsuliyyəti anlayan neçə siyasi partiya var? Onlar bu yöndə hansı işləri görürlər? Ümumiyyətlə, işləyirlərmi? Axı başqa bir ölkənin müxalifəti ilə iqtidar münasibət qura bilməz, dünyada bunun örnəyi yoxdur. Bu məsuliyyəti üzərinə götürəcək güc, təşkilat varmı bizim ölkədə? Yoxsa hamı yuxarıdan “tezis” gözləyir?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol