“Nəyə görə qadınlar gəlib daş atdı, onları niyə qabağa vermişdilər?” - Deputat

16:31 - 22 İyun 2023 - CƏMİYYƏT

 “Nəyə görə qadınlar gəlib daş atdı, onları niyə qabağa vermişdilər?” - Deputat

“Gədəbəydə o zəhərli göl ilə bağlı mənim lap əvvəldən xəbərim var idi. Neçə gün idi ki, o xəbərləri izləyirdim. Orada süni göl yaradılıb və o gölə sianid adlı zəhərli bir maddə atılıb. Vətəndaşlar da bundan narazı idilər, onlar ikinci süni gölün tikilməsinə qarşı idilər. Bu il yağıntılar bol oldu deyə o göl daşır və o ərazilərdəki insanların həyatı üçün çox ciddi təhlükə yaranır”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Razi Nurullayev dünən Gədəbəyin Söyüdlü kəndində vətəndaşlarla polis arasında baş verən qarşıdurmanı şərh edərkən dedi.

“Bütün dünyada vətəndaşlar ekoloji məsələlərlə bağlı aksiyalar keçirirlər, narazılıq bildirirlər, imkan vermirlər ki, şirkətlər o fəaliyyətləri həyata keçirsinlər. Bunlar qəbul olunmuş məsələlədir. Ona görə də, gərək burada şirkət rəhbərliyi vətəndaşlarla daha ciddi iş aparardı. Vətəndaş cəmiyyəti institutlarını, Qeyri-Hökümət Təşkilatlarını, dövlətin digər orqanlarını cəlb edərdi ki, məsələyə bir aydınlıq gətirilsin. Amma onlar bu işi həyata keçirmək üçün belə davrandı: “zorla mən bunu etməliyəm, ikinci gölü yaratmalıyam””.

Deputat qeyd etdi ki, “Azerbaijan İnternational Mining Company” şirkətinin qızıl çıxartma layihəsi dövlətçilik üçün əhəmiyyətli layihədir.

“Bu həyata keçirilsin, amma bir polisin dünən orda qadınların gözünə gözyaşardıcı qaz çiləməsi bizim tərəfimizdən qəbulolunmaz məsələdir. Daxili İşlər Nazirliyi də bunu qəbul etmədi. Artıq orada müəyyən araşdırmalara başlanılıb”.

Razi Nurullayev bildirdi ki, onun üçün ən ağrılı məsələlərdən biri ora birinci qadınların gəlməsi olub.

“Nəyə görə ora əvvəl qadınlar gəlib daş atdı? Qadınları niyə qabağa vermişdilər? Bu məni narahat eləyən məsələ oldu. İkincisi isə polis vəzifəsini yerinə yetirir, amma vətəndaşla qarşıdurmada bir nəfər polisin o cür davranmasına görə bütün polis sisteminin və DİN-in hədəfə alımasını qəbul etmirəm. Mənim qohumlarım, yaxınlarım da polisdir. Bu o demək deyil ki, o polislərin hamsı söyülməlidir, bütün polislər pisdir. Yox! Polis bu günləri Azərbaycanı qoruyur. Bütün polisləri hədəfə almaq lazım deyil. Bir polis yaramaz hərəkət edib, qadının gözünə gözyaşardıcı qaz çiləyibsə, konkret məsələni tənqid etək lazımdır. Bütövlükdə sistemi yox”.

Millət vəkili vurğuladı ki, o, vətəndaşların yanındadır.

“Hökümət də bununla bağlı bir qərar verilməlidir. Doğurdanmı o zərəli maddələr kəndin vətəndaşlarına bu şəkildə təhlükə törədib? Ya kənd köçürülsün ordan, vətəndaşlar kompensasiya edilsin, rahatlığı təmin olunsun, ya da ki, o tikinti dayandırılsın. Bununla bağlı dəqiq qərar verilməlidir. Hər halda vətəndaşların o göllə bağlı tələbləri haqlı görünür”,-deyə R.Nurullayev fikrini tamamladı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol