İraq Kürdüstan bölgəsinin başçısı Neçirvan Bərzaninin iyulun 18-də Azərbaycana səfəri zamanı Bakıda İlham Əliyevlə görüşdə Azərbaycanın İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması məsələri müzakirə edilib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın İraq Kürdüstanı ilə əlaqələri genişləndirməkdə əhəmiyyətli maraqları var:
“Birincisi, Kürdüstan bölgəsi İraqın tərkibində böyük səlahiyyətlərə malikdir. İraqın mərkəzi hakimiyyəti müxtəlif ölkələrin Kürdüstan bölgəsiylə əlaqələrinin əleyhinə deyil. Kürdüstanda 2017-ci ildə İraqdan ayrılmaq məqsədilə referendum keçirmişdi. Ancaq referendumun nəticəsini heç bir ölkə tanımadı və bu, İraqın mərkəzi hakimiyyəti, o cümlədən bölgəyə qonşu olan dövlətlərlə vəziyyətin gərginləşməsinə səbəb oldu. Kürdüstan bölgəsinin rəhbərliyi yanlışını anladı və İraqdan ayrılmaq qərarından imtina etdi. Əks halda bu bölgə təcrid halda varlığını davam etdirə bilməyəcəkdi. Bundan sonra İraqın Kürdüstan bölgəsi yenidən qonşu ölkələrlə əlaqələrini bərpa etdi və iqtisadi maraqlarını ön plana çıxartdı. Bir çox ölkə, o cümlədən Türkiyə İraqın mərkəzi hakimiyyəti ilə yanaşı Kürdüstan bölgəsiylə də sıx əlaqələrə malikdir. Azərbaycan da Türkiyə kimi Kürdüstan bölgəsiylə əlaqələr qurmağa başlayıb. Bir çox dövlət İraq Kürdüstanında iqtisadi payının olmasına çalışır. Bölgə Cənubi Qafqaza yaxın olduğundan Azərbaycan da pay bölgüsündə kənarda qalmamalıdır.
İkincisi, İraqın Kürdüstan bölgəsində zəngin neft və qaz yataqları var. Azərbaycan bu yataqların işlənilməsinə investisiyalar qoya bilər. Azərbaycan Dövlət Neft Şirkətinin İraq Kürdüstanı ilə ortaq layihələr reallaşdırılması mümkündür. Digər tərəfdən Azərbaycanla İraq Kürdüstanı qazının Türkiyə üzərindən birlikdə Avropa bazarlarına nəqli mümkündür. İraq Kürdüstanı öz qazını Azərbaycandan Avropaya uzanan boru xətləri ilə nəql edə bilər. Bu TANAP və TAP boru xətlərinin ötürücülük imkanlarını artıracaq. Bununla Azərbaycanın, İraq Kürdüstanının və Türkiyənin bölgədə rolu artacaq.
Üçüncüsü, İraq Kürdüstanı Azərbaycanın bölgənin başqa sahələrinə də investisiya qoymasını istəyir. Türkiyə şirkərləri də İraq Kürdüstanının iqtisadiyyatının müxtəlif sahələrinə investisiyalar yatırırlar. Azərbaycan şirkətləri İraq Kürdüstanının tikinti sahəsinə və yolların çəkilməsinə investisiyalar yatıra bilərlər.
Dördüncüsü, Azərbaycanla İraq Kürdüstanı arasında əlaqələrin inkişafı Türkiyənin də maraqlarına xidmət edir. Türkiyə İraq Kürdüstanı ərazisində radikal qrupların fəaliyyətlərinin qarşısını almağa çalışır. Türkiyəyə qarşı terror planlaşdıranlar bəzən İraq Kürdüstanı ərazisindən də istifadə edirlər. Bunun qarşısının alınması yollarından biri İraq Kürdüstanı rəhbərliyi ilə siyasi və iqtisadi əlaqələrin genişlənməsidir. Türkiyə və İraq Kürdüstanı bölgədə terrorçu fəaliyyətlərin qarşısı almaq məqsədilə əməkdaşlıq edirlər.
Beşincisi, İraq Kürdüstanında türkmanlar yaşayır. Türkiyə və Azərbaycan İraq Kürdüstanı ərazisində yaşayan türkmanların siyasi və iqtisadi imkanlarının artmasında maraqlıdır. İlham Əliyevin Azərbaycanın İraqın Kürdüstan regionunda baş konsulluğunu açacağını bəyan etməsi əlaqələri daha da gücləndirməyə xidmət edir. Bu bölgədə yaşayan türkmanlar üçün də faydalı olacaq.
Altıncısı, Ermənistan da digər dövlətlər kimi İraq Kürdüstanı ilə əlaqələri gücləndirməyə çalışır. Ermənistan İraq Kürdüstanında baş konsulluğu iki il əvvəl açıb. Konsulluğun açılmasında Ermənistan xarici işlər nazirinin müavini iştirak etmişdi. Ermənistanın Ərbil şəhərində mədəniyyət mərkəzi də mövcuddur. Ermənistanın Baş naziri Nikol Paşinyan İraq Kürdüstanı bölgəsinin başçısı Neçirvan Bərzani ilə bu il Münhendə görüşərək ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu söyləmişdi”.
Politoloq qeyd edib ki, Azərbaycanın İraq Kürdüstanında konsulluğunun qısa müddətdə fəaliyyətə başlamasına ehtiyac var.
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...