“Azərreyl” klubunun sabiq mətbuat katibi Təranə Cəfərova işdən çıxarılmasından narazıdır.
“Qafqazinfo”ya danışan keçmiş klub rəsmisi haqsız yerə komandadan göndərildiyini deyir.
O, şikayətində vəzifəsindən getməsi ilə bağlı ərizəni məcburi şəkildə yazdığını bildirib: “2017-ci ildən “Azərreyl Voleybol Klubu” MMC-də mətbuat katibi vəzifəsində çalışırdım. Bu ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) dəyişiklik oldu və prezident postuna Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov gəldi. Həmin vaxt klubun keçmiş prezidenti Dağıstan Hüseynov bizə bildirdi ki, federasiyanın rəhbəri göstəriş verib ki, bütün klublar sıfırlansın və işçilər hamısı işdən çıxarılsın. O həmçinin dedi ki, öz ərizəsi ilə işdən çıxanlar daha sonra yerinə qaytarılacaq. Kimsə çıxmasa, qalan əməkhaqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcək. Hamımız ərizə yazdıq. Amma biz işdən çıxanda klubun mühasibi, insan resursları üzrə mütəxəssis və komandanın meneceri yerində qaldı. Biz ayrıldıqdan sonra məsələ uzandı və heç bir dəvət yox idi ki, qayıdın bura. Bu səbəbdən iyunun 6-da AVF-nin baş katibi Faiq Orucovla görüşdüm. O da mənə bildirdi ki, məsələdən xəbərdardır, amma 1-2 ay işimə qayıda bilməyəcəm. Bundan 1 ay sonra “Azərreyl”in yeni rəhbəri Orxan Kərimovla görüşdüm. Klub prezidenti bildirdi ki, mən hələ komanda yığıram, inzibati heyətə ehtiyacım yoxdur. Maraqlısı odur ki, inzibati heyət lazım olmayan komandada mühasib və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? Orxan Kərimovdan bunu soruşdum və həmin şəxsləri onun işdə saxlamadığını bildirdi”.
T.Cəfərova daha sonra AVF prezidenti, DGK rəhbəri Şahin Bağırovun qəbulunda olduğunu əlavə edib: “Federasiya rəhbəri klubların sıfırlanması ilə bağlı göstəriş vermədiyini və məsələdən xəbərinin olmadığını bildirdi. Təəccüblü məqam odur ki, onun xəbəri olmadan, adından istifadə edərək kütləvi şəkildə insanları işdən azad edirlər. Heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağımdan, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağım haqqında məlumatları verdikdən sonra Şahin Bağırov AVF-nin Baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini dedi. Qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdım, lakin bu, mümkün olmadı. Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayevlə görüşmək üçün qurumun mətbuat katibi Şəfəq Kərimova ilə görüşdüm. Məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyimi bildirdim. Amma qəbula çağırılmadım. Şahin Bağırovun qəbulunda olmağımdan artıq 1 aydan çox vaxt keçib və hələ də məsələ öz həllini tapmayıb. İyunun 6-sı Faiq Orucovun qəbulunda olarkən o, mənə bildirdi ki siz narahat olmayın onsuzda kluba qayıdacaqsınız, lakin bu 1-2 aydan tez olmayacaq. Orxan Kərimovla görüşdə də o mənə bildirdi ki mövsüm başlayanda biz köhnə işçiləri çağıracağıq. “Azerreyl Voleybol Klubu” nun qadınlardan ibarət komandası 10-12 oktyabr 2023 tarixində “Çağırış kuboku” nda il oyununa çıxacaq və mövsüm başladığı halda hələ də işimə geri çağrılmamışam”.
Şikayətlə əlaqədar “Azərreyl”in prezidenti Orxan Kərimovla əlaqə saxladıq. O bildirdi ki, vəzifəyə Təranə Cəfərova işdən çıxarıldıqdan sonra gəlib: “Mən iyunun sonlarında işə başlamışam, Təranə xanım isə aprel ayında işdən çıxarılıb. Ona görə də bir şərh verə bilmərəm. Həmin xanımla görüşmüşəm və bildirmişəm ki, komandanı yeni qurmağa başlayırıq. Klubda bu vəzifə isə hazırda boşdur”.
Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov isə saytımıza deyib ki, məsələ klubun daxili işidir: “Biz onlara müdaxilə etmirik. Federasiyadan maliyyələşən klublar var. Hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilə sona çatdırılır və növbəti mövsüm yenisi bağlanır. Artıq “Azərreyl”də yeni rəhbər var. Heyəti o müəyyənləşdirəcək. Təranə xanım AVF prezidenti Şahin Bağırovun qəbulunda olub. Şahin müəllim də ona bildirib ki, məsələ araşdırılacaq. Araşdırıb məlumat vermişik. Yenə deyirəm ki, peşəkar olaraq klubların daxili işlərinə qarışa bilmirik. Klub rəhbərliyi özü hər kəslə görüşəcək”.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək