Əhməd Vəliyevin bankını niyə qəfil bağladılar?

11:56 - 20 Oktyabr 2023 - HADİSƏ

 Əhməd Vəliyevin bankını niyə qəfil bağladılar?

“Odlar Yurdu” Universitetinin sahibi, keçmiş deputat Əhməd Vəliyevin ailəsinə (yəni özünə - red.) məxsus “Muğan Bank”ın ötən gün ləğvi ciddi suallar doğurub.

BUTA.TV xəbər verir ki, ləğv olunduğu gündən – 19 oktyabr 2023-cü il tarixindən cəmi bir gün qabaq, 18 oktyabrda Muğan Bank ASC açıqlamasında “mətbuatda yayılan neqativ xəbərlər”in əsassız olduğuna və reallığa əsaslanmadığına əmanətçilərini və ictimaiyyəti inandırmağa çalışmışdı.

Bankın çağırışında mətbuat nümayəndələrinə tövsiyə də vardı - bankın maliyyə göstəriciləri barədə məlumatların rəsmi internet səhifəsindən dəqiqləşdirilməsi. “Muğan Bank” maliyyə vəziyyətinin bağlanmasına səbəb olacaq vəziyyətdə olmamasına diqqət çəkmişdi.

“Muğan Bank”ın internet səhifəsində yazılır: "Muğan Bank" 2023-cü ilin ikinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi aktivlər böyüyərək 3,47 faiz artımla 721,86 milyon manat təşkil edib, cəmi depozit portfelində də 9,56 faiz artım qeydə alınaraq 393,83 milyon manata çatıb. Eləcə də faiz gəlirləri 11,68 faiz artaraq 20,79 milyon manat təşkil edib. Bankın kredit portfeli 5,96 faiz artaraq 454,13 milyon manata çatıb. I dərəcəli kapital isə 63,63 faiz artaraq 136,51 milyon manat təşkil edib. Əlavə olaraq bankın nizamnamə kapitalı 51,16 faiz artaraq 162,5 milyon manat təşkil edib. Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. Muğan Bank ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq”.

Bu məlumata siyasi müşahidəçilər daha bir faktı əlavə ediblər. Belə ki, Mərkəzi Bankın rəhbəri Taleh Kazımov 26 iyul 2023-cü ildə mediaya müsahibəsində “bu gün Azərbaycanın maliyyə sektorunda hər hansı bankın bağlanması üçün riskin müşahidə olunmadığını” bildirmişdi.

İqtisadçı ekspert Vüqar Bayramov isə yazır ki, “Muğan Bank” ölkəmizdə fəaliyyət göstərən 24 bank içərisində aktivlərinin həcminə görə heç də sonuncu yerdə olmayıb: “Muğan Bank” Azərbaycanda fəaliyyət göstərən 24 bank arasında 16-cı sırada idi”.

Məlumatları ümumiləşdirək: Mərkəzi Bankın rəhbəri mövcud reallıqda hər hansı bankın bağlanma riskinin olmadığını bildirir, “Muğan Bank” aktivlərinə görə 24 bank arasında 16-cı yerdədir, ASC 18 oktyabrda bütün iddiaları rədd edərək, əzmlə inkişaf etdiyini bildirir və 19 oktyabrda bankın lisenziyası qəfildən ləğv edilir.

Hazırda ciddi suallar yaranır: “Muğan Bank” niyə gözlənilmədən ləğv edildi? Aktivləri “Muğan Bank”dan daha az olan digər 8 bank da eyni taleyi yaşaya bilərmi?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol