Ermənistana və erməni lobbisinə bağlı məkrli güclər var qüvvələri ilə çalışır ki, Azərbaycan öz hərbi qələbəsini tam maddiləşdirə, legitimləşdirə bilməsin. Xüsusilə 24 saatlıq antiterror tədbirlərindən və Xankəndidə bayrağımız dalğalanandan sonra qarğa-quzğun kimi üstümüzə tökülüblər. Sanki Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etməklə dəhşətli bəşəri cinayətə yol verib. Dünənin işğalçı ölkəsi qalıb bir yanda, heyrətamiz həyasızlıqla Azərbaycan “işğalçı” kimi damğalanır, Bakıya qarşı absurd tələb və şərtlər, hətta hədələr səslənir.
Bəs bu qəbil haqsız hücumların qarşısını almaq üçün önləyici tədbirlər kimi daha nələrə diqqət etməliyik? Ermənistanı beynəlxalq məhkəmələrə çəkib təzminat davası açmağımız nə yerdədir?
“Biz bu qələbə ilə kənar güclərin Azərbaycana təzyiq imkanlarını heçə endirmişik. Çox təəssüf ki, Brüssel görüşündən ciddi nəticələr gözləmirəm. Ermənistanın başlatdığı işğalçı müharibə nəticəsində vurduğu ziyana görə təzminat ödəməsi və işğalçı müharibəni başladaraq insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması məsələsi sülh sazişində öz əksini tapmalıdır. Siyasətdə zaman anlayışı çox önəmlidir. Biz bu məsələni qaldırmaqda yubanmışıq və heç olmasa, bundan sonra məsələni ciddi şəkildə həm Ermənistan, həm beynəlxalq birlik qarşısında qoymalıyıq”.
Bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev söyləyib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Azərbaycan təzminat davasında həqiqətənmi gecikir? Ermənistanın bizi qabaqlaması kimi təhlükə varmı?
Fərhad Mehdiyev: “Bunun üçün müvafiq konvensiyaya əsasən beynəlxalq ədalət məhkəməsinə müraciət etməliyik”
Beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən həqiqətən qərəzli siyasət yürüdüldüyünü görürük. Xüsusilə Avropa Parlamentində, AŞ PA-da işğalçı Ermənistana adekvat münasibət göstərilmir. Azərbaycanın Ermənistandan təzminat istəməsi üçün biz Ermənistanı hər hansı müvafiq konvensiyaya əsasən beynəlxalq ədalət məhkəməsinə verməliyik: “1949-cu il Cenevrə konvensiyasına görə, Beynəlxalq Ədalət Məhkəməsinə o şərtlə müraciət etmək olar ki, cavabdeh dövlət işə məhkəmədə baxılmasına etiraz etməsin. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə təzminat üçün müraciət edəcəksə, Ermənistan böyük ehtimalla buna etiraz edərək, müəyyən pozuculuqlar edə bilər. Azərbaycanın belə bir müraciəti etməməsinin səbəbi ola bilsin ki, bu ehtimalın böyük olmasıdır. Lakin mən hesab edirəm ki, Azərbaycanın cəhd eləməsi lazımdır. Bu zaman nə baş verəcək? Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edir, məhkəmə bu işi yazır Ermənistana, Ermənistan isə Beynəlxalq Ədalət Məhkəməsi instansiyasına rəsmi etiraz edir, nəticədə Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın etirazı üzündən bu işə baxa bilmir. Məhkəmə bu işə baxa bilməsə belə, ən azı səs-küy gətirəcək, dünya görəcək ki, Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Yəni belə bir müraciətin ən azı siyasi baxımdan, kommunikasiya baxımından faydalı olacağını düşünürəm. Müraciət etməyəndə dünyada belə bir fikir formalaşır ki, Azərbaycanın Ermənistana qarşı hüquqi iddiası, tələbi yoxdur.
Azərbaycan 1990-cı illərdə Ermənistanın işğalına məruz qaldığı vaxtlarda da bir sıra beynəlxalq təşkilatlar və dövlətlər qərəzli münasibət ortaya qoyublar. ABŞ “Azadlığa dəstək Aktı”na 907 saylı düzəliş qəbul edib. Avropada da yanaşma bundan çox da fərqlənmirdi. Yəni hələ o zamanlardan Azərbaycana qarşı qərəzli yanaşma var idi. Ermənistanı bir az da arxayınlaşdıran, işğalçılığa həvəsləndirən bu idi. Təəssüf ki, eyni yanaşma bu gün də davam edir. Düzdür, arada Avropa institutları bizim xeyrimizə bəzi qərarlar çıxardılar. Avropa Parlamenti, AŞ PA Qarabağın Ermənistan tərəfindən işğal edildiyini etiraf edən sənədlər qəbul etdilər. Amma bir tərəfdən işğal faktını tanıyıb, o biri tərəfdən Ermənistanı müdafiə etmək, haqlı çıxarmağa çalışmaq qətiyyən başadüşülən deyil. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və özünün konstitusiyasına əsaslanaraq azad etdi. Bundan sonrakı mərhələdə Azərbaycan Ermənistana təzminat iddiaları ilə çıxış etməli və bu işi sürətləndirməlidir. Ermənistanın haqsız olduğu halda bu işdə fəallığı müşahidə edilir. Nəzərə alsaq ki, ona beynəlxalq təşkilatların da bu məsələdə dəstəyi ola bilər, ona görə də Azərbaycan hüquqi müstəvidə mübarizəni çox ciddi şəkildə aparmalıdır".
Xəyal Bəşirov: “Prezidentin göstərişi ilə yerli və xarici ekspertlər Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı bütün sübutların toplanması işini həyata keçirir”
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə bildirdi ki, ciddi narahatlığa ehtiyac yoxdur. Ona görə ki, Azərbaycan haqlı mübarizəsini aparıb, heç bir beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara zidd addım atmayıb: "O ki qaldı bir sıra qüvvələrin Azərbaycana qarşı səfərbər olmasına, əslində həmin qüvvələr gözləyirdilər ki, Azərbaycan bundan sonra da onilliklər boyu münaqişənin məhz onların cızdığı ssenariyə uyğun həllini gözləyəcək və sonda məsələ həllini heç zaman tapmayacaq. Amma Azərbaycan onların bu planlarını pozan yol seçdi.
Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qüvvələr də kifayət qədərdir. İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra Azərbaycanın mövqeyini dəstəkləyən qüvvələr azalmayıb, artıb".
Azərbaycanın Ermənistana qarşı təzminat davaları açmasına gəlincə, ekspert qeyd etdi ki, Fransa kimi dövlətlər Azərbaycanın bu addımları atacağından da ciddi şəkildə narahatdır: "Çünki Ermənistanın müharibə cinayətləri törətməsi araşdırıldıqda Fransa izi də ortaya çıxacaq. Ona görə də Fransa və digər onun kimi qüvvələr Azərbaycanın bu addımlarına mane olmağa çalışırlar. Mane olmaq yollarından biri kimi isə Ermənistanın, ermənilərin Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldırmasının təşkil edilməsidir. Azərbaycan beynəlxalq məhkəmələrə müraciətlər məsələsində gecikirmi sualına gəlincə, İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə yerli və xarici ekspertlər Ermənistanın Azərbaycana vurduğu zərərlə bağlı bütün sübutların toplanması işini həyata keçirirlər. Biz nəzərə almalıyıq ki, işğaldan azad edilmiş ərazilərdə ermənilər hər qarışına qədər vandallıq, talançılıq həyata keçiriblər. Azərbaycan dövlət mülkiyyətinə və vətəndaşların şəxsi mülkiyyətinə milyardlarla dollar ziyan vurulub. Miqyas o qədər böyükdür ki, sübutların toplanması işi vaxt aparır. Ancaq şübhəsiz ki, bu iş mümkün olduğu qədər daha da sürətli aparılmalıdır. Ermənistanın bu işdə bizi qabaqlaması mümkün deyil. Çünki Azərbaycan Ermənistana ziyan vurmayıb və Ermənistanın sübutları yoxdur. Ermənistan hər hansı bir məhkəmə iddiası edəcəksə belə, saxta, sübutsuz iddiadan başqa bir şey olmayacaq. Azərbaycanın əlində isə beynəlxalq məhkəmələrə çıxarmaq üçün saysız-hesabsız tutarlı sübutlar, dəlillər, faktlar var. Biz qısa zaman ərzində Ermənistana döyüş meydanında, siyasi diplomatik müstəvidə Azərbaycana uduzduğu məğlubiyyəti hüquqi müstəvidə də göstərəcəyik. Bu proses artıq başlayıb. Ermənistan Azərbaycana vurduğu zərəri gec-tez ödəmək məcburiyyətində qalacaq”.
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...