“İndi biz Ermənistanın sifarişi ilə qoşunları geri çəkməliyik? Ola bilməz!”

13:35 - 9 Yanvar 2024 - SİYASƏT

 “İndi biz Ermənistanın sifarişi ilə qoşunları geri çəkməliyik? Ola bilməz!”

“Ermənistan tərəfi qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi məsələsində, sadəcə, növbəti bəhanəni ortaya atıb və bu gün həmin bəhanədən istifadə edərək üzərinə götürdüyü bir çox məsələləri həll etmək istəmir. Əksinə, İrəvan vaxt udmaq istəyir və onların məqsədi, məramı budur”. 

Bu sözləri açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. Hərbi ekspert Ermənistan tərəfinin qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsi təklifindən söz açıb.

Xatırladaq ki, İrəvan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiya çərçivəsində məlum təklifi uzun müddətdir ki, irəli sürüb. Bundan əlavə, yanvarın sonunda sərhəd komissiyalarının görüşündə də Ermənistanın analoji təkliflə çıxış edəcəyi bildirilib. 

Müsahibimiz isə diqqətə çatdırıb ki, bu cür çağırışlar İrəvan tərəfindən ötən illərdə də olub: 

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

“Əgər kəskin atıcıların, snayperlərin və qoşunların sərhəddən geri çəkilməsi məsələsi o vaxtı baş verməyibsə, indi də baş verməsi mümkünsüzdür. Bir də ki, niyə Ermənistan həmin şərtləri Azərbaycana diktə etməlidir? İrəvanın narahatlığının səbəbi nədir? Ermənistan hər şeydən əvvəl Azərbaycanla sülh müqaviləsini imzalamalı və sərhədlərlə bağlı müəyyən müzakirələr aparmalıdır. Bundan sonra söyləmək olar ki, kim harada dayanacaq”. 

“Ermənistan öz sərhədləri daxilində hər hansı bir qərar qəbul edəndə bunu Azərbaycanla razılaşdırır? Xeyr, elə bir şey yoxdur. Ona görə də Ermənistan rəhbərliyinin bu məsələdə yeni bir oyuna başlaması açıq şəkildə görünür. Hətta deyərdim ki, bütün ermənilərin katolikosu II Qareginin Ermənistanın “İctimai Televiziya”sına buraxılmaması, “Artsax” mövzusunu dilə gətirməsi Baş nazir Nikol Paşinyanla razılaşdırılmış bir məsələdir. Yəni həm Ermənistan sülh müqaviləsindən yayınmaq, həm də Rusiya və Qərb danışıqların dalana dirənməsi üçün kilsə amilindən istifadə etmək istəyir”, – deyə o, əlavə edib. 

Polkovnikin fikrincə, “güzgü prinsipi” çağırışı elə boş çağırış olaraq da qalacaq: 

“Məncə, bu, ciddi müzakirə mövzusu deyil. Bu gün sərhədlərimizdə Dövlət Sərhəd Xidmətinin qoşunları dayanır. İndi biz İrəvanın sifarişi ilə qoşunları geri çəkməliyik? Əlbəttə, xeyr. Ola bilməz! Baş verən hadisələr sadəcə bir görüntüdür. Bu gün ayın 9-dur və yanvarın birinci dekadası başa çatıb. İrəvan həftələri aylara, ayları isə ilə calamaqla günlərini yola verir. Guya 2022-ci ilin dekabrında sülh müqaviləsi imzalanırdı, alınmadı. 2023-cü il də bütövlükdə getdi. İndi 2024-cü ildəyik və yenə də boş bəyanatlar, mənasız fikirlər və absurd təkliflər var. Onlar bilirlər ki, bu təklif reallaşan məsələ deyil, ona görə də bu təklifi atıblar ortaya”. 

“Yaxşı olardı ki, biz artıq işğal altında qalan 8 kəndimizlə bağlı praktiki və konkret addımlar atmalıyıq. Çünki yaxın vaxtlarda Azərbaycan sərt tədbirlərlə əl atsa, Ermənistan yenə dünyaya car çəkəcək ki, Azərbaycan müharibə edir və s. Halbuki Azərbaycan dəfələrlə deyib ki, Qazaxın 7 kəndi ilə yanaşı Naxçıvanın Kərki kəndi Azərbaycanın yurisdiksiyasına qayıtmalıdır. Hansı ki, Praqada Baş nazir Paşinyan da bunu etiraf edib. Ona görə də Ermənistan bu bəhanələrdən əl çəkib konkret mövzuların müzakirəsi ilə bağlı masaya oturmalıdır”, - həmsöhbətimiz fikirlərini yekunlaşdırıb. 

Rafi MÜSLÜMOV 


- kanalımız


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol