Yenə yığışdıq, özümüz dedik, özümüz eşitdik - Cavanşir

08:32 - 17 Fevral 2024 - MÜSAHİBƏ

 Yenə yığışdıq, özümüz dedik, özümüz eşitdik - Cavanşir

BUTA.TV şair Cəlil Cavanşirlə müsahibəni təqdim edir:

- Cəlil, poeziya gecəsi keçirdiniz, necə düşünürsünüz, indi şeirə maraq qalıbmı, buna ehtiyac var idimi?

- Şeir gecəsinə ehtiyacın olub-olmadığını bilmirəm, amma mənim buna ehtiyacım var idi. Hiss elədim ki, darıxıram, sıxılıram, nəsə bir fərqlilik olmalıdır. Uzun zamandır ki, ədəbi mühitdə də hamı bir-birinə söz atır. Mən də düşündüm, real işlər görmək lazımdır və az da olsa, görməyə çalışdım. Bu, hələ başlanğıcdır. “Qanun” nəşriyyatında, “Mteatr”da bu cür işlər mütəmadi olaraq davam edəcək.

- Deyəsən, siz də indi söz atırsınız. Bəs deyə bilərsinizmi kimlərdir o iş görməyib, uzun müddətdir bir-birinə söz atanlar?

- O adamları hamımız yaxşı tanıyırıq, dostlarımızdır. Amma indi bunu şikayət kimi demirəm. Mənim üçün o mərhələ geridə qalıb, iş görmək vaxtıdır.

- Siz də vaxtı ilə iş görməyərək söz atdığınızı qəbul edirsiniz?

- Nisbətən gənc olanda, hə.

- Bu qədər işi necə çatdırırsınız? Həm “Qanun” nəşriyyatında təşkilatçı, həm ssenari yazmaq, kitab tərcümə və redaktə etmək, üstəlik də şeir... Bəlkə bu işlər şeirlərinizin əvvəlki kimi yaxşı alınmamağına təsir edir?

- Doğrudur, həddindən çox işləyirəm. Elə olur, gün ərzində 20 saat iş görürəm. Düşünürəm ki, hələ enerjim var və işləməliyəm. İşlədiyim dönəmlərdə isə şeir yazmıram. Şeir gecəsində səsləndirdiyim şeirlər də bundan əvvəl yazdıqlarım idi.

- Gün ərzində 20 saat işləyən adam bəs şeiri nə vaxt yazır?

- Mən şeiri hamıdan və hər kəsdən qaçanda yazıram. Hər şeydən əlimi üzürəm, əlaqələri kəsirəm, özümə çəkilib yazıram. Bu da zaman alır. Yəni gündə bir şeir yazan adam deyiləm.

- Şeir gecəsində olan adamların çoxu elə şairlər idi. Sizcə, özünüz deyib, özünüz eşitməkdən əl çəkmək zamanı deyilmi?

- Düşünmürəm ki, orada çoxu şair idi. Cəmi 4-5 şair dostumuz olardı ki, bu da normaldır. Dostlar da dəstək olur. Amma özümüz deyib, özümüz eşitmək məsələsində çox haqlısan. Demək olar, hər zaman belə olub.

- “Qadın”, “darıxmaq” kimi sözlər sizin şeirlərinizdə çoxdur. Hazırlıqlı oxucular, ciddi ədəbiyyatşünaslar, adətən, bu cür ifadələri tənqid edir, çünki artıq şablonlaşıb. Sizin şeirləriniz niyə ancaq bu səpkidədir?

- Ancaq bu səpkidə olduğunu deməzdim. “Darıxmaq”, “qadın” söhbətləri yaradıcılığımın ilk dönəmlərində yer alırdı. Hamı bilir, oxuyur, görür ki, ciddi şeirlərim var və onlar öz oxucusunu tapıb. Şeir gecəsində daha çox bu cür şeirlərə üstünlük verdim, çünki sevgiyə, “Sevgililər günü”nə hesablanmışdı.

- Yəni həm də kommersiya məqsədli idi...

- Bəli, bir qədər eləydi. Bu da çox normaldır. Adamlar “Sevgililər günü” adı ilə ora yığıb, fəlsəfədən danışım?

- Cəlil, nəsr də yazırsınız, amma elə bil, ciddi qarşılanmır, şairlik üstələyir.

- Mənim gördüyüm bütün işlər şairliyimi önə çıxarmaq üçündür. Amma ciddi qarşılanmır nəyə deyirsən?

- Yəni Cəlil Cavanşir deyəndə heç kimin ağlına roman, hekayə gəlmir, nəsrinizdən yazan yoxdur...

- O, artıq mənim problemim deyil. Düşünürəm, kifayət qədər ciddi nəsr əsərlərim də var. Kimlərsə bəyənmirsə, başqa məsələ.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol