Fransa müdafiə nazirləri içərisində ilk dəfə Sebastyan Lekornu İrəvana səfər etdi. Ötən gün başlayan və iki gün davam edəcək bu səfər “tarixi səfər” adlandırılır.
Lekornunun əvvəlcədən elan etmədən, qəfildən İrəvana gəlməsi və özü ilə müdafiə sənayesi şirkətlərinin rəhbərlərini də gətirməsinin məntiqi nədir?
Hazırda Paşinyan Parisdədir, İkinci Dünya müharibəsi zamanı ”nasizmə qarşı” fəaliyyət göstərən Misak Manuşyan adlı erməni əsilli şəxsin “yenidənbasdırılması əməliyyatında” iştirak edir: Manuşyan kommunist olub, hətta Fransa demokratiyası ilə toqquşub, həbs də olunub: 1944-cü ildə almanların güllələdiyi Manuşyanın bu qədər şişirdilməsi yalnız siyasi məqsədlidir. Əgər doğrudan da Fransa öz tarixinə sayğı göstərsə və Fransanın azadlığı üçün mücadilə aparan əcnəbiləri qiymətləndirmə yolunu tutsaydı, Əhmədiyyə Cəbrayılova – Mişel Axmedə abidə qoyar və onun xatirəsini əziz tutardı. Çünki Şarl de Qollun ən yaxın silahdaşı Mişel Axmedin Fransa üçün nələr etdiyini bu ölkənin azadlıq müharibəsinə rəhbərlik edən şəxs tarixləşdirib, həmçinin Əhmədiyyə Cəbrayılov Fransa Qəhrəmanıdır...
Makronun Manuşyan üzərindən siyasi oyunları zamanı Paşinyanın Fransa mediasına açıqlaması da, Ermənistan baş nazirinin Parisdə olduğu vaxt Lekornunun tələm-tələsik İrəvana gəlməsi də Emmanuel Makronun Azərbaycana qarşı necə aqressivləşdiyinin növbəti sübutudur: Paşinyan Fransa mediasına “İrəvanın KTMT-də fəaliyyətini dondurduğu”nu bildirir, “Azərbaycanın hücuma keçməsi ehtimalını yüksək qiymətləndirir”, Makron sosial şəbəkə hesabında Fransanın Ermənistana misilsiz dəstəyini bir də ermənicə ifadə edir, elə həmin anlarda böyük heyətlə İrəvana gələn Lekornu burda açıqlama verərək, Ermənistana hava hücumundan müdafiə silahları ilə yanaşı, yaxın, orta və uzaq mənzilli raketlər verilə biləcəyinin anonsunu verir.
Olduqca maraqlı situasiyadır: Əgər Fransa doğrudan da hava hücumundan müdafiə silahları, müxtəlif çaplı raketlər vermək iqtidarındadırsa, aylardır mərmi-raket üçün yalvaran Ukraynaya niyə göndərmir bu silahları? Axı Azərbaycanın Ermənistana qarşı hər hansı təcavüzü yoxdur, ola bilməz, aradakı müzakirələr yalnız sərhədin müəyyənləşməsi və Ermənistanın işğalda saxladığı 8 kəndi geri qaytarması, 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməsidir.
Ukrayna isə hava hücumuna məruz qalır, Rusiya bu ölkənin hava məkanında tam söz sahibidir: Rusiya Ukrayna şəhərlərini bir-bir işğal edir. Hazırda Ukraynanın yaxın, orta, uzaq mənzilli raketlərə əşhədü-ehtiyacı var. Bir neçə gündən sonra Avropanın bir neçə liderini toplayıb, Rusiyaya “güclü siqnal” verməyə hazırlaşan Makron elə bu raket, hava-müdafiə silahları ilə Ukraynaya real dəstək verə bilməzmi?
Əlbəttə ki, fərqli oyun gedir: regiona soxulmağa çalışan Fransa burada Ermənistana təhdid yox, Ermənistanın özünü təhdid halına gətirməyə, Azərbaycanı hədələməyə çalışır. Lekornunun tələsik İrəvana gəlməsinin əsas səbəbini isə Münhendə axtarmaq lazım gəlir.
Münhen Təhlükəsizlik Konfransında Əliyev-Paşinyan görüşünə Makronun “moderatorluq eşqi” rədd edildi; Makron faktiki olaraq kənarda qaldı, Şolts isə təşəbbüs göstərərək, ikitərəfli görüşə nail oldu. Başqa sözlə, Azərbaycan lideri Makronu nəinki “moderator”, hətta təşəbbüskar yerinə də almadı. Makron isə bunun sarsıntısını “çılğın-panik siyasi ataklar”la cavablandırır.
Ermənistana tədarük edilən 3 ədəd M-200 və yaxud 50 ədəd “Bastion”dan başqa Fransanın İrəvana real hərbi yardımı yoxdur. O hərbi tədarükləri də İlham Əliyev “metal yığını” kimi qiymətləndirmişdi.
Əvəzində Azərbaycan Pakistandan ən müasir, F-16-ların analoqu sayılan JF-17, həm də son versiyasını alır – həcm də 1,6 milyard dollar. “Bastion”larmı dayanacaq bunların qarşısında? Yoxsa 3 ədəd M-200?
Azərbaycanın Türkiyədən ən müasir “Akıncı” PUA-ları da tədarük etdiyini İlham Əliyev bir neçə gün öncə bütün dünyaya göstərdi. Eyni zamanda digər ölkədən ən müasir PUA-lar gətirdiyi haqda informasiyanı isə elə erməni mediası yayıb.
Fransa yalançı vədlərlə Ukraynanı Rusiyanın qucağına itələdiyi kimi, indi də sərhədlərindən minlərlə km uzaqlıqda olan Ermənistanı alovun içinə atdığının fərqindədirmi?
Əlbəttə ki, fərqindədir, amma görünür, Ermənistan özü bu oyunu oynamaqda maraqlıdır. Ermənistanın isə Rusiyaya qarşı Fransa ilə qurduğu oyunda öz maraqları var və bu, qətiyyən Rusiyaya üzdə olan “sərt siyasi xəttə” uyğun gəlmir. Rusiya ilə razılaşdırılmış “sanksiyalardan yayınma” oyunu gedir: Ermənistan Rusiyaya qarşı sərt siyasi bəyanatlar verdikcə, bu ölkənin Rusiya ilə ticarət dövriyyəsi həndəsi silsilə ilə şişir...
Əvəzində Fransa Ermənistanın xarici ticarət tərəfdaşları arasında heç ilk onluqda da qərar tutmayıb.
Hər ölkə öz oyununu oynayır – ancaq unudulan bir məqam da var: Regionun sahibi Azərbaycandır. Azərbaycan isə oyun oynamır, iş görür – nəticəsi də olub, olur və mütləq olacaq.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək