Bayramov onu sülh gündəliyi barədə məlumatlandırdı

14:42 - 2 Mart 2024 - GÜNDƏM

 Bayramov onu sülh gündəliyi barədə məlumatlandırdı

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BUTA.TV-a bildirilib ki, görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında intensiv xarakter daşıyan səfərlər və görüşlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib. Xüsusilə, Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis olunmasından sonra artan təmasların məmnunluq doğurduğu, o cümlədən siyasi, mədəni, humanitar və sair sahələr üzrə əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində vacib rol oynadığı qeyd edilib.

Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı diqqətə çatdırılıb.

Qarşı tərəf, eyni zamanda, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin son durumu barədə məlumatlandırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol