61 yaşlı əməkdar artistin ərə getmək istəyi aranı qatdı - Görün nə dedilər...

17:34 - 5 Mart 2024 - GÜNDƏM

 61 yaşlı əməkdar artistin ərə getmək istəyi aranı qatdı - Görün nə dedilər...

Əməkdar artist Mətanət İsgəndərlinin ötən gün efirdə “evlilik təklifi gəlsə, düşünərəm” deməyi müzakirələrə səbəb oldu.   Sənətçinin 61 yaşında bu fikirləri səsləndirməsi birmənalı qarşılanmadı, sosial şəbəkə istifadəçiləri müğənnini tənqid və qınaq atəşinə tutdu. 

Bəs görəsən, niyə ölkəmizdə qadınların müəyyən yaşdan sonra ailə qurmaq istəməsi bu qədər sərt təpki ilə qarşılanır?  Bunun kökündə hansı psixoloji səbəblər dayanır? 

Məsələ ilə bağlı danışan sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva bildirib ki, bu düşüncənin altında bir sıra psixoloji məqamlar yatır: 

“Bu, bizim bir millət olaraq psixoloji kodlaşmalarımızla əlaqədardır. 

“Sən bir dəfə gəlinlik geyə bilərsən”, “Girdiyin qapıdan ancaq kəfənlə çıxmalısan” kimi şüuraltı kodlamalar bu günə kimi hələ də öz sözünü deyir. Əgər qadın olaraq dünyaya gəlmisənsə, ancaq ailə və uşaq üçün yaşamalısan düşüncəsinə xas olan bir xalqıq. 

Mətanət xanımı daşa tutan insanların psixoloji analizini aparsaq, bunun kökündə dərin psixoloji travmalara və problemlərə varacağıq, belə insanlar başqalarına ağıl öyrətməklə, tənqid etməklə şüuraltı olaraq özlərinə qiyməti bərpa etmiş olurlar. Bunu deyən insanlar çox zaman özlərinə olunmuş qadağalara görə istədikləri həyatı yaşaya bilməyən insanlardır”. 

Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə məşhurları tənqid edənlər real həyatda onlarla şəkil çəkdirmək üçün növbəyə düzülürlər: 

“Onu deyim ki, insanın xronoloji yaşı sənəddəki yaşıdır, insanın əsl yaşı onun ruhunun yaşı, psixoloji yaşıdır. 

İnsan hər yaşda sevə, hər yaşda evlənə bilər. Əsl qadın hər yaşda qadın qala bilən qadındır, onun arzuları, enerjisi, həyatsevərliyi, yaradıcı gücü və s. həyatı necə yaşamasını təmin edir. 

Biz psixoloji olaraq elə kodlanmışıq ki, əgər qadın müəyyən bir yaşdadırsa, anadırsa, nənədirsə, onun ikinci, üçüncü dəfə öz həyatını qurmasına yanlış baxırıq, belə qadınları “etiketləyirik”. Psixologiyada belə bir söz var, özü xoşbəxt ola bilməyən başqasını xoşbəxt edə bilməz. Hər bir qadının içində kiçik bir qız uşağı var. Əgər o kiçik qızcığazın arzuları yarımçıq qalarsa, travmatik bir həyat yaşayarsa, onun bir qadın olaraq xoşbəxt olma tələbatı hər zaman olacaq və heç kim başqasının həyatını mühakimə edəcək haqqa sahib deyil. Hələ bunu sosial şəbəkələrdən çox rahatlıqla edən insanların çoxu inanıram ki, real həyatda Mətanət xanımla selfi çəkdirmək istəyənlərdir”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol