İranda məcburi hicab qaydalarına əməl etmədən konsert verən 29 yaşlı müğənni Parastoo Ahmadiyə verilən 74 şallaq cəzası apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

“BUTA.TV” xəbər verir ki, Qum Vilayət Apellyasiya Məhkəməsi müdafiə tərəfinin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb.

Qərara əsasən, Ahmadiyə iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olmaq və ölkəni tərk etmək də qadağan edilib.

Müğənninin vəkillərinin sözlərinə görə, apellyasiya şikayəti məhkəmə iclası keçirilmədən rədd edilib. Ahmadi də sosial media hesabında qərarın qəti olduğunu açıqlayıb.

Ahmadi 2024-cü ilin dekabrında “Youtube”da yayımlanan təxminən 27 dəqiqəlik konsertdə hicab taxmadan çıxış edib. Dörd kişi musiqiçinin müşayiəti ilə verdiyi konsertin görüntüləri geniş yayılıb. Bundan sonra İran məhkəmə sistemi Ahmadi və konsertin digər iştirakçıları barəsində araşdırmaya başlayıb.

İyun ayında Qum şəhərindəki məhkəmə Ahmadi, musiqiçilər və prodüser qrupunun üzvlərinə 74 şallaq, iki il audiovizual fəaliyyət qadağası və iki illik səyahət məhdudiyyəti tətbiq edib.

Apellyasiya məhkəməsinin son qərarı ilə bu cəzalar qüvvədə qalıb. Qərarın konsertdə iştirak edən digər musiqiçilərə və prodüser qrupunun üzvlərinə də şamil edildiyi bildirilib.

Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO