Ehtiyyac içində yaşayıram, övladlarım işsizdir - Xalq artisti
"Mənə bir manat belə dəstək verən yoxdur. Bu boyda ad-sanın müqabilində ehtiyac içərisində yaşayıram".
BUTA.TV xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
Aktyor bütün ailə üzvlərinin işsiz olduğunu bildirib: "İncik düşdüyüm şeylər var. İllərlə xidmətimin müqabilində xalqın arasından bir adam mənə sahib çıxmadı, heç kəs dəstək olmadı. İstər səhhətim olsun, istərsə də mənzillə bağlı. 5 nəfərlik ailə işsizdir. Özüm də xəstəyəm. Nə yaxşı ki, Prezident təqaüdü alıram, yoxsa vəziyyətim daha da pis olardı. Pul dərmana çatmır. Güman edirdim ki, Azərbaycanın sayılıb-seçilən adamları məni tək qoymaz. Hətta ölmədən mənə heykəl belə qoyarlar. Sən demə yalılmışam".
Xalq artisti övladlarının işsiz olduğunu da bildirib:
"Hər ikisi işləyirdi, amma sonra işdən çıxardılar. O vaxtdan hər ikisi işsizdir. Bir nəfər belə səsini çıxarıb demədi ki, bu Xalq artistinə kömək edəcəm. Amma məni küçədə, məclislərdə, teatrlarda görəndə öpürlər, deyirlər ki, "səndən yoxdur, qeyrətlisən, millət, vətən deyib, milli-mənəvi dəyərlərə sahib çıxırsan". Quru bəy tərifləridir. Evim başıma uçur, sata da bilmirəm ki, müalicəmə verim. Hamıya sadəcə dövlət sahib çıxmalı deyil ki. Bir nəfərə də imkanlı adamlar dəstək olsun. Şoumen, müğənni olsaydım, tez dəstək verərdilər".
Qeyd edək ki, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti yenidən qəfil pisləşib. Aktyor Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Üç nəfərin zorladığı 23 yaşlı azərbaycanlı qızla bağlı şok faktlar - VİDEO