Bir otağa sığışan 10 uşaqlı ailə... - “Deyərlər ki, bu qədər uşaq nə vacibdir?!”
Ləman, Kənan, Sənan, Zəhra, Zeynəb, Yusif, Nazilə, Nazlı, İbrahim, Elisa - Feyzullayevlər ailəsində 10 uşaq böyüyür!
İlk övladları 20 yaşındadır, sonuncu isə cəmi 7 aylıq körpədir. Ailə 4 otaqlı evdə yaşayır. Lakin otaqların üçündə təmir aparılmadığından ailənin günü yalnız bir otaqda keçir. Uşaqlar burada yemək yeyir, dərs oxuyur, oynayır və yatırlar. Geyimlər, əşyalar, yataq dəstləri - demək olar ki, ailənin bütün gündəlik ehtiyacları bu otağa sığıb.
Adətən çoxuşaqlı ailələrə kəndlərdə rast gəlirik. Amma bu dəfə söhbət hansısa ucqar kənddən yox, Bakının mərkəzi küçələrindən birində yerləşən evdən gedir. Otaqdakı əşyaların əksəriyyəti köhnədir. Ailənin maddi imkanları məhduddur, bəzən gündəlik ehtiyacları, hətta süfrəyə qoyulacaq yeməyi qarşılamaq belə çətinləşir.
Bu evdə gün 10 uşağın səsi ilə başlayır. Böyük uşaqlar valideynlərinə kömək edir, kiçik bacı-qardaşlarının qayğısına qalır, ev işləri ailə üzvləri arasında bölüşdürülür. Evdə ərzaq az olanda isə ilk növbədə ən kiçiklərin süfrəsi düşünülür. Amma bütün bu çətinliklərin içində uşaqların öz dünyası var. Onlar bir-biri ilə oynayır, gülür, söhbət edir. İmkanları məhdud olsa da, bacı-qardaşların bir-birinə bağlılığı bu evdə hər an hiss olunur.
“BUTA.TV” olaraq bu ailənin qapısını döydük. Ailənin qarşılaşdığı çətinlikləri ən yaxşı bilən evin xanımı Zinyət Fevzulayeva ilə necə deyərlər, dərdləşdik.
Xanımın 38, həyat yoldaşının isə 44 yaşı var. Hələ 18 yaşı olarkən sevdiyi ilə ailə həyatı quran Zinyət xanım deyir ki, 20 ildə çox əziyyətlər çəkib: “İndiki ağlım olsaydı, heç vaxt evlənməzdim. Həqiqətən çox çətinlik çəkirik, bu qədər uşağı böyütmək çətindir. Amma nə qədər çətin olsa da, nə mən, nə də yoldaşım uşaqların təhsildən yayınmasına imkan yaradırıq. İstəyirəm ki, düzgün, dürüst böyüdüm. İndiki ağlım olsaydı, bu qədər uşaq dünyaya gətirməzdim. Bəlkə insanlar baxar, deyər ki, bu şəraitdə bu qədər uşaq nə vacibdir?! Amma bir cana qıymıram, mən onu bacarmıram. Yoldaşım zibil qutularından kağız, butulka toplayıb satır, evimizə 5-10 manat gətirir ki, uşaqlar ac qalmasın”.
.jpg)
Övladlardan ikisi burun sınığına görə təmənnasız əməliyyat ediliblər. Bir qızının isə ürəyində problem var. Amma nə uşaqları müalicə etdirə, nə də öz sağlamlıqlarına baxa bilirlər: “Bu boyda böyük ailə bir tək yoldaşımın əlinə baxırıq. Mən uşaqlara baxdığım üçün işləyə bilmirəm. Böyük qızım və oğlum işləyirdilər. Onların da səhhətində problem olduğu üçün əməliyyat olundular. Bundan sonra işləmədilər. Yoldaşımın da ayaqlarında problem var, amma işləməyə məcburdur. Dövlət tərəfindən ailəmizə sosial yardım edilir. Amma o da bəs etmir. Adam bilmir, hansını çatdırsın. Pulumuz ən çox yeməyə gedir. Övladlarımdan 5-i idmanla məşğuldur. Boğazımızdan kəsib onları idmana göndəririk ki, uğurları olsun. Qızım Avropa birincisidir. O yer tutan uşağa da baxan yoxdur, ona üstünlük verən yoxdur. Anam yox, atam yox ki, dəstək alam. Düzdür, qohum-əqrəba var, amma hər kəs özü üçündür.
.jpg)
Kimə deyim ki, gəl mənə kömək elə? Vallah, deyəndə deyirlər ki, mənim üçün dünyaya gətirmisən? İndi yenə övladım olsa, bəlkə də mən yenə o uşağın canına qıya bilmərəm. Heç vaxt heç birindən də imtina etməmişəm. Uşaqlarım dünən günortadan bəri heç nə yeməyiblər. Gün olub ki, mən qazana adi suyu töküb qaynatmışam. Uşaqlara da demişəm ki, yemək var içində. Belə başlarını aldadıb onları yatızdırmışam”.
.jpg)
Bu vaxta qədər heç bir uşağına geyim almadığını deyən ana qeyd edir ki, əyinlərindəki bütün geyimləri həyat yoldaşı elə zibillikdən gətirir: “Dərslər başlayanda məni dərd götürmüşdü ki, qızın əyninə nə geyindirəcəyəm?! Gecə yoldaşım bir dəst forma tapıb gətirdi. Yudum, ütülədim, uşaq səhər dərsə sevinə-sevinə getdi. 20 yaşında qızdır, mən bu yaşa qədər hələ bir corab belə almamışam ona. İnanırsan, altdan yuxarı baxırlar. Heç kim başa düşmür, heç kim bizim dərdimizi anlamır.
Dünən mənə xəbərdarlıq gəlmişdi. Evimə zəng olundu ki, ödəməsəz, qaz, su, işıq kəsiləcək. 300 manat komunal borcumuz var. İnternetin də ödəniş vaxtıdır. O da kəsilsə, uşaqlar dərslərini hazırlaya bilməyəcək. Bütün müəllimlər tapşırıqları qruplara atırlar axı”.
Hazırda bir otaqda yatdıqlarını bildirən Zinyət xanım qızları üçün ayrı otağın olmasını arzulayır: “Tək arzum odur ki, qızlarımın özlərinə aid bir otaqları olsun. Yetişkin yaşda qızlardır, qoy özlərinə aid bir yerləri olsun. Ata, ana, qardaş, bacı hamımız bu otaqdayıq. Bir-birimizə dəstək oluruq. Şükür ki, Allah mənə 10 dənə gül kimi övlad verib. Dalaşırlar da, vuruşurlar da, oynayırlar da. Mən heç vaxt “Of, bezdim, yoruldum” deməmişəm. Heç demərəm də”.
.jpg)
Evin 4-cü övladı olan 15 yaşlı Zəhra 9-cu sinifdə oxuyur. Cüdoda bir çox uğurları var. Zəhra hazırda ayağındakı narahatlığa görə məşqlərə qatıla bilmir. Amma bu sahədən uzaqlaşmaq da istəmir. Ev işlərində anasına dəstək olan Zəhranın sözlərinə görə, özünün bu qədər çox övladının olmasını istəməz: “6 yaşımdan cüdoya həvəsim başladı. Atam da aparıb məni cüdoya yazdırdı. Avropa üçüncüsüyəm, ölkələr üzrə olan yarışda da üçə çıxmışdım. Amma sonradan liqa turlarını güləşəndə dizimin bağı qırıldı. Həkim deyir ki, sənə ümumiyyətlə, məşğul olmaq olmaz. 18 yaşında əməliyyat olmalıdır dizim. Mən də istəyirəm ki, dizim tez sağalsın, məşqimə davam edim. Hərdən bu işi buraxmağı düşünürəm, sonra isə atam və anamın əziyyətlərini görüb davam edirəm. Böyüyəndə idman müəllimi olmaq istəyirəm. Amma mən bu qədər uşağımın olmasını istəmərəm. Çünki anamgilin əziyyətini görürəm. Çox çətindir uşaq böyütmək”.
.jpg)
Feyzullayevlərin sosial vəziyyəti ilə əlaqədar rəsmi qurumdan da cavab aldıq. Ailənin maddi vəziyyəti ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Qurumdan “BUTA.TV”ya bildirildi ki, Feyzullayeva Zinyət Tacəddin qızına bir neçə istiqamət üzrə sosial ödənişlər həyata keçirilir: “Dövlət Sosial Müdafiə Fondu tərəfindən Feyzullayeva Zinyət Tacəddin qızına 2026-cı ilin aprelin 1-dən beşdən çox uşağı olan ana 8 övladının hər birinə aylıq 140 manat məbləğində müavinət təyin edilməklə ümumilikdə hər ay 1120 manat müavinət ödənilir.
Bundan başqa, Feyzullayeva Zinyət Tacəddin qızının ailəsinə 2026-cı ilin mayın 1-dən 1 il müddətinə aylıq 1171,45 manat məbləğində ünvanlı dövlət sosial yardım təyin olunub. Hazırda ödəniş davam etdirilir.
Beləliklə, ümumilikdə ailəyə Fond tərəfindən hər ay 2291,45 manat məbləğində ödəniş həyata keçirilir”.
Feyzullayevlər ailəsinə dəstək olmaq istəyənlər üçün əlaqə nömrələrini qeyd edirik: (+994) 055 970 10 19
Lamiyə Məmmədova
Foto-Video: Pərvin Zeynal
Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı








