Millimizin baş məşqçisinə ağır ittihamlar - İşə prokurorluq qarışdı
Foto
Azərbaycan Deflİmpiya Komitəsinin Cüdo üzrə baş məşqçisi Mayıl Hümbətova qarşı ağır ittihamlar var.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, yığmanın çalışdırıcısı cüdoçu Aydın Əzizovun valideynindən Tokioda keçirilən 2025-ci il Deflimpiyasında iştirak etmək üçün 5000 manat tələb etməkdə ittiham olunur.
Eyni tələblə üzləşən cüdoçulardan birinin də Timur Ağayevin olduğu bildirilir.
Bununla bağlı Baş Prokurorluğa Aydın Əzizovun atası Xəqani Əzizov şikayət edib.
Xəqani Əzizov ərizəsində qeyd edib ki, baş məşqçi oğlunun Tokioda keçirilən 2025-ci il Deflimpiyasında iştirakına maneə yaradıb, onun Ceyranbatandakı evinə gələrək Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş formaları təqdim edərək, övladının yarışa getməsi üçün 5000 manat ödəməli olduğunu bildirib.
Xəqani Əzizov çalışdırıcının tələbini yerinə yetirmədiyindən, övladına qarşı münasibətinin dəyişdiyini, məşq
prosesində və yarışa hazırlıqda çətinliklərin yaradıldığını, digər idmançılarla müqayisədə
ayrı-seçkiliyə yol verildiyini qeyd edib.
Xəqani Əzizovun şikayəti aidiyyəti üzrə Sumqayıt Şəhər Prokurorluğunda araşdırılsa da, cinayət işinin başlanılmasının rədd edilməsi ilə bağlı qərar çıxarılıb.
Lakin Aydın Əzizovun atası qərarın ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Məhkəmə Əzizovun şikayətini təmin edərək, işin hərtərəfli araşdırılmaması qənaətinə gəlib və prokurorluğun qərarını ləğv edib. Sumqayıt Şəhər Prokurorluğu millinin baş məşqçisi Mayıl Hümbətovla bağlı ittihamları yenidən araşdıracaq.
Qeyd edək ki, Mayıl Hümbətovla bağlı daha bir ittiham Aydın Əzizovun sağlamlığını riskə atması ilə bağlıdır. Belə ki, baş məşqçi cüdoçunun zədəsi olduğu, 63 gün reabilitasiya prosesi keçdiyi halda, tam bərpa olunması və tibbi vəziyyətinin yenidən qiymətləndirilməsi təmin edilmədən, Göygöl rayonunda keçirilən təlim-məşq toplanışına cəlb etməkdə ittiham olunur. Məlumata görə, Əzizov burada özündən ağır çəkidə idmançılarla qarşılaşdırılıb, nəticədə ayaq və çiyin nahiyələrində ömürlük ödəm qalıb.
Onu da bildirək ki, bu il gənclər və idman naziri Fərid Qayıbov Aydın Əzizovun valideynini qəbula çağırıb, idmançının Lozannada keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində iştirakını müzakirə edib.

Xəqani Əzizov oğlunun əvvəlki travmaları, sağlamlıq vəziyyəti və yarışa tam hazır olmaması ilə bağlı narahatlıqlarını bildirib. Lakin yaranmış vəziyyətdə və övladının idman karyerasının davam etməsi naminə məcbur olaraq nazirliyin mövqeyi ilə razılaşıb və verilən qərarı qəbul edib.
İsveçrədə keçirilən həmin yarışda Aydın Əzizov əvvəlki travması olan sarğılı sağ ayağına rəqibi tərəfindən zərbə alıb.
Fotoda Mayıl Hümbətov və Anar Bayramov

Buna baxmayaraq, görüşü davam etdirən Əzizov gümüş medala yiyələnib.
Xatırladaq ki, Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin sədri, TƏBİB-in icraçı direktoru Anar Bayramovdur.
Sərhədi keçən əsgərimizə görə - Ermənistanda istefalar başladı