Avtomobil alqı-satqısında yeni dələduzluq üsulu - Sənədsiz maşın satıb GPS ilə geri götürürlər
Azərbaycanda xüsusilə gənc və təcrübəsiz sürücüləri hədəf alan mütəşəkkil dələduzluq sxemi genişlənməkdədir. İcarəyə götürülən və ya başqa şəxslərin adına olan avtomobilləri hissə-hissə ödəniş bəhanəsi ilə satan cinayətkar şəbəkə, daha sonra nəqliyyat vasitələrini GPS vasitəsilə izləyərək vətəndaşların əlindən alır.
BUTA.TV-a daxil olan növbəti şikayətdə analoji dələduzluq piramidasının qurbanı olmuş vətəndaşın acınacaqlı vəziyyəti əks olunub.
Daxil olan məlumata görə, təcrübəsiz bir vətəndaş ilkin ödəniş kimi 4 700 manat nağd pul ödəyərək, qalan məbləği isə aylıq hissə-hissə vermək şərti ilə avtomobil alıb. Satıcılar rəsmi alqı-satqı müqaviləsi bağlamaq əvəzinə, müxtəlif bəhanələrlə yalnız idarəetmə üçün etibarnamə veriblər.
Lakin maşın alındıqdan cəmi bir həftə sonra gözlənilməz hadisə baş verib. Avtomobilin dayandığı ünvana özünü nəqliyyat vasitəsinin əsl sahibi kimi təqdim edən şəxs polis əməkdaşları ilə birgə gələrək avtomobili GPS vasitəsilə tapdıqlarını və onu aparmalı olduqlarını bildirib.
Sürücü pulu təhvil verdiyi və avtomobili satan şəxslərlə əlaqə saxlamağa çalışsa da, qarşı tərəfin telefonlarına günlərdir zəng çatmr. Məlum olub ki, avtomobil rəsmi olaraq Tağıyev Bəhruz adlı vətəndaşın adına qeydiyyatdadır.
Zərərçəkən tərəf dələduzluq şəbəkəsinin üzvlərini ifşa etmək üçün sosial şəbəkələr vasitəsilə də kütləvi axtarışa başlayıb. Pul verilən an çəkilən fotolarda üzünün bir hissəsi düşən şəxsin və avtomobilin rəsmi sahibi Bəhruz Tağıyevin kimliyini tanıyanlardan hüquq-mühafizə orqanlarına və ya zərərçəkənlərə xəbər vermələri xahiş olunur.
Məsələ ilə bağlı zərərçəkən Daxili İşlər Nazirliyinə (DİN) və polis bölmələrinə rəsmi ərizə ilə müraciət edərək, mütəşəkkil qaydada vətəndaşların etibarından sui-istifadə edən bu şəbəkənin cinayət məsuliyyətinə cəlb olunmasını, vurulmuş maddi ziyanın ödənilməsini tələb edirlər.
Qeyd edək ki, analoji dələduzluq növü son zamanlar kütləvi xarakter alıb. Bu ilin avqustunda Balaxanı qəsəbə sakini Əjdər Məhərrəmov “Turbo.az” saytında gördüyü elan vasitəsilə 77-QJ-812 nömrəli “Toyota Aqua” avtomobilini almaq istəyərkən mütəşəkkil dələduzluqla üzləşmişdi. Özünü “Zaur” və “Hacı” kimi təqdim edən şəxslərə beh, onlayn etibarnamə və nağd ödəniş adı ilə ümumilikdə 4 900 manat verən zərərçəkənə nə rəsmi müqavilə verilib, nə də sənədlər təqdim olunub.
Ən dəhşətlisi isə avqustun 13-də yaşanıb: Mərdəkan yolunda 77-LE-105 nömrəli maşınla Əjdərin qarşısını kəsən naməlum şəxslər onu zorla avtomobildən düşürərək maşını əlindən alıblar.
DİN-in “102” xidmətinə və polis bölmələrinə müraciət edən zərərçəkən, daxili işlər naziri Vilayət Eyvazovdan məsələni şəxsi nəzarətinə götürməsini, dəstə üzvlərinin tapılaraq cəzalandırılmasını və dəymiş ziyanın ödənilməsini xahiş edir.
Məşhur bloqer Kamran Razmovanın da işıqlandırdığı məsələyə görə, cinayətkarlar "Rent-a-car" şirkətlərindən və ya üçüncü şəxslərdən icarəyə götürdükləri avtomobilləri "Turbo.az" və sosial şəbəkələrdə ucuz ilkin ödənişlə lizinq və ya kredit adı altında satışa çıxarırlar. Pul alındıqdan bir neçə gün sonra əsl sahiblər və ya şirkətlər GPS izləmə sistemləri vasitəsilə avtomobili taparaq geri götürür, alqı-satqını edən vasitəçilər isə qeybə çəkilir. Buna görə də noatrial qaydada mülkiyyət hüququ rəsmiləşdirilməyən, yalnız sürücülük etibarnaməsi ilə satılan hissə-hissə ödənişli avtomobil təkliflərinə qarşı diqqətli olmalıdırlar.
E.Məmmədəliyev,
BUTA.TV
“Başımızın hüzrə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər...”