ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir

08:02 - 28 İyun 2024 - GÜNDƏM

 ABŞ İrəvanı tələsdirir, Bakıya görə Fransanı tənqid edir

Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsinin imzalanmasını sürətləndirmək istəyir. Əlbəttə ki, bunun sifarişinin okeanın o tayından gəldiyi hər kəsə aydındır.

Bu sözləri BUTA.TV-a Ararat Mirzoyanın Tallində sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlər haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi Vaşinqtonun Moskvanı Cənubi Qafqazdan tamamilə çıxarmaq istədiyini bildirib:

“ABŞ sülh müqaviləsinin imzalanması ilə bağlı ortaya konkret mövqe qoyub. Bu mərhələdən sonra Vaşinqton İrəvana dəstəyini artıraraq onu Avroatlantik məkanın bir parçasına çevirməyə çalışacaq. Yalnız bunun arxasınca Ermənistanın sərhədlərindən, hava məkanından Rusiyanı çıxarmaq mümkün olacaq. Buraya Gümrüdəki hərbi baza da daxildir. Daha sonra isə Rusiyanın tamamilə Cənubi Qafqaz regionundan çıxarılması prosesi başlayacaq. Obrayenin 10-12 iyunda İrəvana, indi isə Bakıya səfəri buna hesablanıb”.

Bu xəbər hal-hazırda çox oxunur
Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Turab Rzayev Azərbaycanın da sülh müqaviləsinin imzalanmasını istədiyini, lakin konkret tələblərinin olduğunu vurğulayıb:

“Paralel şəkildə biz ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlikdən erməni mətbuatına müsahibə zamanı Fransanın ünvanına ciddi tənqidlər eşitdik. Uorlik tərəflərin sülhə yaxın olduğu dövrdə Fransanın Ermənistanı silahlandırmasını təxribatçı element adlandırdı. Baş verənlər Vaşinqtonun sülh müqaviləsinin imzalanmasına tərəfdar olduğunu, hətta onunla əks mövqedə olan Parisi tənqid etməkdən çəkinmədiyini göstərir. Fikrimcə, Ararat Mirzoyanın mövqeyi həm Paşinyanın, həm də Bayden administrasiyasının mövqeyinin məcmusudur. Əlbəttə ki, Azərbaycan da sülh istəyir. Lakin rəsmi Bakı gələcəkdə yenidən müharibə baş qaldırma təhlükəsi olmasın deyə, konkret və köklü dəyişikliklərin aparılmasını, təminatın verilməsini tələb edir. Artıq COP29-a qatılacaq ölkə rəsmiləri də sülhlə bağlı ümidlərini açıq şəkildə dilə gətirir. Bunların da başında Böyük Britaniya gəlir. Belə ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bu ilin martında Bakıda keçirilən “Parçalanmış Dünyanın Bərpası” mövzusunda XI Qlobal Forumun iştirakçılarına ünvanladığı məktubda noyabr ayında sülhün imzalanmasını görməyi arzuladıqlarını bildiriməsi də bunun təzahürüdür”.

Qeyd edək ki, Ararat Mirzoyan Tallində estoniyalı həmkarı ilə görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsinin demək olar ki, razılaşdırıldığını və İrəvanın bir ay ərzində bu işi tam başa çatdırmağa hazır olduğunu deyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol