O qayalar simasında heç vaxt bir şəhidin adını daşıya bilməz...

17:07 - 8 Sentyabr 2026 - GÜNDƏM

 O qayalar simasında heç vaxt bir şəhidin adını daşıya bilməz...

O qayaların öz adları var. O qayalar heç kəsdən balaca deyil, əksinə çoxumuzdan böyükdür.

Bəni-adəm deyə bilməz mən daşdan, qayadan daha əzəliyəm, yaxud əbədiyəm.

Şuşa qayaları bizdən də, babalarımızdan da əvvəl olub və daim olacaq. İndi üzərində güllə izləri olan daşlar əsrlər əvvəl babalarımızın xəncərlərinə, qılınclarına bülöv daşı olub. Minlərlə soydaşımıza qalxan olan qayaların öz adları var, onların üzərinə rəngli boyalarla şəhid adları yazmaq həm şəhidlərə, həm daşlara yaraşmır.

O daşlar kələyi kəsilən minlərlə igidin daldalanacağı olub. Sevdiyinə sipər olub, sevmədiyini üstündən sürüşdürüb bu daşlar. Yalnız laçın insanlar o qayalara söykənib yaşaya bilib. Həmin daşlarda hələ də Pənahəli xanın istisi, Üzeyirin bəstəsi qalır.

Böyük şair Məmməd Araz bu şeiri 1970-ci ildə məhz Şuşada yazıb:

“Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar, 

İnsanların nərəsindən doğulub bu qayalar.

Nər igidlər düşmən üstə gedən zaman 

Babalar da baş qaldırıb yer altından,

Qaya kimi, 

dayaq olub, yumruq olub, ox olublar. 

Qayadöşlü qəhrəmanlar 

qayalıqda yox olublar.

Bu torpağın taleyində o da elə bir gün idi, 

İgidlərin yaşaması daş olmaqla mümkün idi.

O daşlar Vətən müharibəsində də bizdən idi. Düşmən qayalara güvənib o səmtdən az qorunanda qayalar çopurlarında əsgərlərimizin atdığı qarmaqlara yer elədi, otuz il sonra bizi yenidən əbədi ehtirasla qoynuna çəkdi.

Həmin müqəddəs gecə qayalar bizim arxamızda idi. Laçın igidlərin hərbi ayaqqabılarının cadar dabanlarına bənd oldular, bizimkilər büdrəmədi.

O qayalardan əbədiyyən silinməyən şəhid qanı damcılayır. O qayalar simasında heç vaxt bir şəhidin adını daşıya bilməz, onlar bizim minlərlə şəhidimizə döş daşı, baş daşı olub - onlar milyonlarla şəhidimizin qan yaddaşını qoruyur.

Bu qırmızı koftalı, yaşıl tumanlı dağlar özü bir nəhəng insandır. Azərbaycanın vətən daşıdır. Bu nəhəng insanı görmək lazımdır, Məmməd Araz kimi:

“Siz nənəmin bacılığı, siz babamın qardaşlığı,

Təbiətin səpdiyi bir zəmi sanım bəlkə elə bu daşlığı! 

Siz ey qədim əfsanələr, 

Şerimə yağ, səsimə yağ! 

Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq.

Bu daşların, qayaların keçmişini oyadacaq,

Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq.

Bu basılmaz nərlər-ərlər, 

Bax bu qaya sərkərdələr 

Onda məni - bir balaca daş əsgəri

Qoyar yəqin qoşulmağa bu cərgəyə,

Qayaların keçmişini 

qayalara yazdım, deyə. 

Onda Vətən sanar məni bir balaca Vətən daşı.

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...

Sərdar Amin

Xüsusi olaraq “BUTA.TV” üçün



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol