Aşıq Əlinin Kult.az-a müsahibəsi:
- Aşıq, sizə elə gəlmir ki, aşıq sənəti aktuallığını itirib? Aşıqlıq indi daha çox köhnə estetika kimi qəbul olunur, yeni tendesiyalar yaranıb...
- Razılaşmıram bu fikirlə. Əvvəla, müasirlik-zad yoxdur, axı. Siz müasirlik nəyə deyirsiniz? Təzə oxuyanlar çıxır e, inkubator kimi. Onlardır müasir?!
- Bir növ həm də onlardır kimi görsənir. Qarşılarını necə almaq olar ki?
- Heç cür. Sosial şəbəkələr varsa, onların da qarşısını olmaq mümkün deyil. Gərək ki, birinci elə sosial şəbəkələri tamamilə bağlasınlar. Onlar güclü reklam olunur, hərəsinin 10 işçisi var, təbliğ edirlər. Bir də görürsən, məsələn, hansısa sayt yazır ki, bəs, filan müğənniyə ev sahibi etiraz etdi, geyimində narazılıq yarandı. Amma ortada fakt yox. Bir bədbəxtlik də odur ki, efirlərimiz də sosial şəbəkələrlə işləyir.
- Aşıqları da efirlərdə az-az görürük…
- Şəxsən mən çıxmıram.
- Niyə? Sizi əvvəllər tez-tez görürdük, axı.
- Əvvəllər yaxşı idi, belə deyildi verilişlər. İndi bərbad vəziyyətdədir. Mən o inkubator müğənnilərlə bir yerdə olmaq istəmirəm, ona görə də dəvət olunsam belə, getmirəm.
- Saz niyə müqəddəsdir? Onu müqəddəs edən nədir?
- Bu, bir az fərqli məsələdir. “Müqəddəs” sözünün mənası çox yerə gedib çıxır. Mən “toxunulmazdır” deyərdim. Çünki bu, sənin milli sərvətin, dəyərin, kimliyindir. Hər bir xalq öz milli sənəti, sənətkarı, geyimi, kulinariyası və s. ilə tanınır. Azərbaycan musiqinin kökü sazdır, həm də bununla tanıyırlar. Sazı qorumaq borcumuzdur.
- Cəmiyyətdə aşıq sənətini tənqid edən adamlar da çoxdur.
- Baxmaq lazımdır ki, kim və niyə edir? Kimlər ki, tənqid edir, onlara elmlə cavab vermək lazımdır, hay-küylə yox.
- Restoranlarda saz çalan adamlara münasibətiniz necədir? Aşığı el dolandırar, yoxsa deyilən iradlarda haqlıdırlar?
- Bu sual çox verilib mənə və cavablandırmışam. Bilirsiniz, deyə bilərəm ki, onlar çox nahaq edirlər, amma onda da cavab verəcəklər ki, Aşıq Əlinin “ağzı isti yerdədir”. Bax bu sözün deyilməməsi üçün belə məsələlərə qarışmıram. Taleyin qisməti də var. Adam var, yaxşı idmançıdır, amma nəticəsi yoxdur. Adam var, sənəti yoxdur, amma hər yerdə onlardan danışırlar.
- Sənəti olanlar da olmayanların kölgəsində qalır?
- Yox. İstedadı ört-basdır etmək, qabağını almaq olmur. Bircə məsələ odur ki, şəxsiyyətini alçatmayasan, gərək. Maddiyyat bir gün var, bir gün yox.
- Hər sənətin yeniliyi olur. Aşıqlar nə yenilik edir bəs?
- Aşığın yeniliyi sənəti yaşatması, müasir dövrdə onu qoruyub saxlaması və təqdim etməsidir. Sazın ağırlığını saxlamaq lazımdır, ana xəttə toxunmaq olmaz.
- Aşıq Ədaləti necə xatırlayırsınız? Ustadınız olub, deyilənə görə, ən yaxın münasibəti də sizinlə olub.
- Ustad məcazi mənada olub. Aşıqlıq sənətində belə bir xüsusiyyət var ki, özündən böyüklərə, statuslu sənətkarlara “ustad” deyilir. Mən o adamları özümə ustad bilirəm. Fərqi yoxdur ki, hansı aşıq məktəbini təmsil edir. Mən özümü Azərbaycan aşığı hesab edirəm. Düzdür, Şirvan Aşıq Məktəbinin təmsilçisiyəm, amma ölkənin hər yerində şənliklərə gedirəm. Ədalət Nəsibovla yaxşı münasibətim olub, mahir saz ifaçısı idi, ustad idi. Baməzə, güclü yumoru, yaxşı nəsihətləri var idi. Həm həyat, həm də sənət baxımından. Yaş da önəmlidir, “çox gəzən, çox bilər” deyiblər.
- Çox gəzmək demişkən, bizim aşıqların xaricdəki fəaliyyəti ilə bağlı nə demək olar? Sanki, xaricdə də çox görünmürsünüz…
- Həm razıyam, həm də narazı. Fransadan üzü belə çox ölkədə olmuşam,. Elə bu yaxınlarda həm Qətərdə, həm də Özbəkistanda Azərbaycan mədəniyyət günləri oldu. Qətərdə tək iştirak etdim, Özbəkistanda da Aşıq Samirə ilə. Məsələn, orada rok ifa etdik.
- Onda bunu yenilik hesab edə bilərik?
- Bəli, yaxşı da qarşılandı. Ana xəttə dəymədən “Cəngi”dən “Misri”yə ifa etdik. Xeyli izlədilər.
- Aşıq məktəbi, sizcə, hansı bölgəmizdə daha yaxşıdır?
- Tam səmimi deyirəm, hamısında. Hamısı biri-birinə bağlıdır. Belə ayrımçılıq etmək doğru deyil. Hər yerin mahir ifaçıları var. Belə deyək, kamanın öz yeri, tarın öz yeri. Məsələn, deyə bilərəm ki, Şirvan Aşıq Məktəbində son dönəmlər səngimə var və mən bundan narahatam. Yaxşı, mən ifa elədim, bir neçə gəncimiz var, onlar da etdi, sonra nə olacaq? Ona görə də təbliğat aparmaq lazımdır.
- Gənc aşıqlardan razısınız?
- Gənclərdən narazılığım var. Hamısı solo-saz ifasına qaçır və düzgün ifa etmir.
- Ustadları elə öyrədir?
- Yox. Şüurlarında problem var. Gözlərini açıb, çox yerdə o cür uyğunsuz ifalar görürlər, ona görə.
- Bədii ədəbiyyatla aranız necədir? Roman, hekayə oxuyursunuz, yoxsa ancaq aşıq şeirləri?
- Aşıqlıq sənətində dastançılığı bilməlisən. Düzdür, indi buna da maraq azalıb, amma bilməlisən. Müasir Azərbaycan ədəbiyyatını az oxuyuram, o da vaxta görə. İşim çoxdur. Qobustan Mədəniyyət Evinin direktoruyam, yaradıcılığım, konsertlər, el şənlikləri - buna görə də vaxt az qalır. Amma yenə də bacardıqca oxuyuram ki, elmim artsın, nitqim formalaşsın.
- Əsl aşıq necə olmalıdır? Məsələn, elə aşıqlar var, rəqs də edir, aktyorluğu bacarır, muğam oxuyur - hamısı da eyni anda!
- Əsl aşıqda bunların hamısı olmalıdır, bacarmalıdır. Əksər aşıqlar isə bacarmır. Eləsi var, saz çala bilir, oxuya bilmir. Eləsi var, qoy, ancaq müğənni kimi oxusun, eləsi var, dastan bilmir. Aşıq meydangir olmalıdır. Onun yaxşı və pis olması meydanda bilinir.
- Sənətin digər növlərində davalar gedir. Məsələn, kişi yazıçı-şairlər daha yaxşıdır, nəinki qadınlar. Aşıqlıqda necə, qadınları daha öndə görürsünüz, ya kişiləri?
- Bilirsiniz, xislət məsələsi var. Bəzən deyirlər ki, filan xanım kişi kimidir. Mən bunu qəbul etmirəm. Qadın qadındır, xanımın dünyaya baxışı ayrıdır, kişinin ayrı; qadının yazdığı ayrıdır, kişinin yazdığı ayrı. Mən deyə bilmərəm ki, qadın yaxşıdır, ya kişi. Hərəsinin öz rolu, yolu var.
- Tarixi ardıcıllıqla götürsək, aşıq adı ilə ümumtürk şerinin ən görkəmli simaları var. Aşıq Paşa, Aşıq Çələbi, Aşıq Əhməd, Aşıq Abbas Tufarqanlı. Müasir zəmanədə siz bu ardıcıllığı necə qurardınız?
- Aşıq Şakir, Aşıq Xanmusa, Aşıq Məmmədağa, Aşıq İmran, Aşıq Kamandar, Aşıq Əkbər və s. Bunlar dünənimizin-bugünümüzün aşıqlarıdır.
- Sizlərdə ustadlıq necə olur? Yaşa görə?
- Bədbəxtçilik ondadır elə. Gözləyirlər, 60 yaşı olsun, sonra dədə, ustad deyilsin.
- Siz gəncsiniz, özünüzü ustad hesab edirsiniz?
- Mən heç nə deyə bilmərəm. Heç kimə də demirəm ki, mənə “ustad” de. Özümə yaraşdırmaram. Özümün özümə deyəcəyim söz deyil, axı.
- Bəs narahat da olmursunuz kimsə belə deməsə? Aşıqlıq sənətində xidmətləriniz var axı.
- Narahat deyiləm.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış