Bakıda 10 nəfərin öldüyü partlayış: məhkəmə başladı

12:44 - 8 Avqust 2024 - GÜNDƏM

 Bakıda 10 nəfərin öldüyü partlayış: məhkəmə başladı

Bakının Binəqədi rayonunda bu il yanvarın 15-də Bakı Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirli bilinən Tağı İbrahimov və Toğrul Rzayevin məhkəməsi başlayıb.

BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi yeni hakimə verildiyi üçün mahiyyəti üzrə baxılmayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol