Kurska hücum Kiyevə nə qazandırdı? – Türk general

11:46 - 9 Avqust 2024 - GÜNDƏM

 Kurska hücum Kiyevə nə qazandırdı? – Türk general

Ukrayna Qərbdən F-16 qırıcıları və kəşfiyyat dronları da daxil olmaqla, yeni silah-sursat, elektron qurğular alaraq, hərbi arsenalını gücləndirdi. Ona görə də gücünə güvənərək, Kursk vilayətinə hücuma keçdi. Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinin dərinliklərinə 16 km irəliləyib. Bu, az məsafə deyil. Kiyevin məqsədi Rusiya üzərində psixoloji və mənəvi üstünlük əldə etməkdir.

Bu sözləri BUTA.TV-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz Ukraynanın Kursk vilayətində irəliləməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ukrayna bundan əvvəl də “vur-qaç” taktikası ilə əməliyyatlar həyata keçirib:

“Amma Kurska edilən hücum əvvəlkilərdən fərqlidir. Qərbin təchiz etdiyi kəşfiyyat, rabitə vasitələri, PUA-lardan istifadə edilməsi baxımından önəm daşıyır. Bu, Ukraynanın keçmişdəki əməliyyatlardan dərs almış bir şəkildə planlaşdırdığı bir hücumdur və uğurlu oldu. Rusiyanın çox sayda silah-sursatı məhv edilib, əsgərləri əsir düşüb. Təbii ki, Ukrayna da itkilər verib. Amma gedişatı izləyəndə Ukraynanın gücünü bərpa etdiyini deyə bilərik. Buna baxmayaraq, Kursk hücumu qarşıdurmanın gedişatına elə də böyük təsir eləməz. Sadəcə, Rusiyanın diqqətinin dağılmasını təmin edər. Bu hücumla Ukrayna çətin vəziyyətdə olduğu cəbhələrdə vəziyyəti ələ ala bilmək üçün vaxt qazanır. Bir neçə gündür Ukrayna əsir götürülən rus əsgərlərini, məhv edilən silah-sursatı sərgiləyir. Kiyevin burada əsas qazancı siyasi və psixoloji üstünlüyüdür. Bu da önəmli qazancdır”.

Qeyd edək ki, Ukrayna ordusu Kursk vilayətinə 6 avqustda hücuma keçib. İndiyə qədər 20-dən çox yaşayış məntəqəsini nəzarətə aldığı, ümumilikdə 430 kv.km ərazini ələ keçirdiyi bildirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol