2023-cü il oktyabrın 26-ı saat 19 radələrində Bakının Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Məhərrəmova qətlə yetirilib. Onun keçmiş əri Tərtər rayon sakini 1982-ci il təvəllüdlü Zamiq Tanrıverdiyev könüllü olaraq 35-ci Polis Bölməsinə gələrək, qadını öldürməsi haqda məlumat verib.
Məlum olub ki, hadisə İnqlab İsmaylıov küçəsi, 15 ünvanında yerləşən gözəllik salonlarından birində baş verib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. BUTA.TV Lent.az-a istinadən qətl hadisəsinin detallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, Zamiq Tanrıverdiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə 2 il şərti cəzaya məhkum olunub. Buna baxmayaraq, o, 2023-cü il oktyabrın 26-ı saat 18:30-da keçmiş arvadı Pərvanə Məhərrəmovanın dırnaq ustası işlədiyi gözəllik salonuna gəlib. Salonda Zamiq Pərvanə Məhərrəmovanı yanına çağıraraq, yüngül həyat tərzinə son qoymasını bildirdikdə, qadın ona "get işinlə məşğul ol, öz həyatımdı, özüm bilərəm" söyləyib. Bundan hiddətlənən Zamiq Tanrıverdiyev bıçaqla Pərvanə Məhərrəmovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 25 dəfə zərbə endirib. Nəticədə qadın ölüb.
Məhkəmə baxışında Zamiq Tanrıverdiyev bildirib ki, Pərvanə Məhərrəmova ilə 2004-cü ildə ailə qurub, nikahlarından 2 övladları dünyaya gəlib. 2022-ci ildə Tərtər rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi boşanıblar:
"Nikahımız pozulandan sonra arvadım 18 və 17 yaşlı qızlarımızla birlikdə kirayə mənzildə qalırdı. Pərvanə evin yaxınlığında yerləşən gözəllik salonunda işləməyə başlamışdı. Oktyabrın 26-da evdən mətbəx bıçağını götürüb, salona yollandım. İçəri girəndə Pərvanədən başqa orda 2 xanım da vardı. Onlara doğru getməyərək, keçmiş arvadımı səslədim. Pərvanəyə "səhv yoldasan, bunu etmə" deyəndə, qadın "get işinlə məşğul ol" söylədi. Bıçaq zərbələri vurarkən, demək olar ki, qadın müqavimət göstərə bilmədi. Qışqırdı, sonra isə səsi kəsildi. Çox bıçaq vurmağımın səbəbini özüm də bilmirəm. Salondan çıxıb, birbaşa 35-ci bölməsinə getdim".
Zamiq Tanrıverdiyev qeyd edib ki, yoldaşı ilə ayrılsa da, övladlarının həyatına biganə qala bilməyib. Pərvanənin tanımadığı avtomobilə əyləşməsini görəndən sonra, onun əxlaqsız həyat tərzi sürməsini düşünüb. Hadisədən əvvəl neçə dəfə ona xəbərdarlıq edib. Həmin gün də iş yerinə bu məqsədlə gedib, amma eşitdiyi cavabdan sonra, özünü saxlaya bilməyərək, qadını öldürüb.
Şahid Qənirə Süleymanzadə ifadəsində göstərib ki, oktyabrın 26-da axşam dırnaq ustasının yanına gedib:
"Salona daxil olan Zamiq Tanrıverdiyev Pərvanəyə sözü olduğunu dedi. Buna görə, qadın əlcəklərini çıxartdı və ayağa qalxaraq ona tərəf addımladı. 2-3 saniyədən sonra qadın "kömək edin" deyə qışqırdı. Həmin şəxsin isə əvvəl ayaq üstə və sonra yerdə ona zərbələr vurduğunu gördüm. Sonra içəri bir kişi girərək, deyəsən bıçağı əlindən almaq istədi, amma Pərvanəni vuran şəxs onu kənara itələdi və qaçdı. Hadisə təxminən 2 dəqiqə ərzində baş verdi. Pərvanə xanımla 5 il əvvəl tanış olmuşam. Pərvanə söhbət əsnasında mənə yalnız boşandığını demişdi, keçmiş yoldaşının onu izləməsi haqda heç nə danışmamışdı".
Şahid Ruxsarə Mərdanova ifadəsində göstərib ki, Zamiq Tanrıverdiyev çağırandan sonra, Pərvanə onunla balaca otağa keçib:
"Aralarında heç bir söhbət olmadı. Dəqiqə keçməmiş Pərvanə qışqırmağa başladı, həmin şəxs yıxılandan sonra da iş yoldaşıma vəhşicəsinə zərbələr endirdi. Pərvanənin həyat tərzi ilə bağlı məlumatım yox idi. Boşandığını və keçmiş ərinin qayınatasını bıçaqladığını bilirdim. Zamiq Tanrıverdiyevi əvvəllər salonda heç vaxt görməmişəm".
Şahid Fidan Tanırverdiyeva deyib ki, anası 3 ildir boşanıb, onun heç bir günahı olmayıb, əxlaqsız həyat tərzi ilə bağlı söylənənlərin hamısı yalandır:
"Anam hər gün axşam saat 8-9-a kimi işdə olurdu. Atam bizi ancaq çox iyrənc söyüşlərlə təhqir edirdi. Bununla bağlı sübutlarım da var. Bu planlaşdırılmış bir iş olub, bizə ancaq deyib ki, "ananızı da, sizi də öldürəcəyəm". Bu hadisədən əvvəl atam babamı bıçaqlamışdı. Ayın 26-da axşam bacım mənə zəng edib dedi ki, "deyəsən anamıza nəsə olub, get iş yerinə bax". Salona daxil olanda, ölüm hadisəsi baş verdiyini bildim".
Məhkəmə hesab edib ki, Zamiq Tanırverdiyevin əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Zamiq Tanrıverdiyev 18 il müddətinə azadlıqdan məhrum olunub.
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!
- Azərbaycan XİN Pakistana başsağlığı verdi
- Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
- Boşananlara bəd xəbər: aliment artırılır