31 iyulda biz HƏMAS lideri İsmayıl Haniyənin, bir neçə gün öncə isə Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinin şahidi olduq. Arxasınca isə Livana qarşı quru əməliyyatının başlaması İranın İsrailə raket hücumuna səbəb oldu. İran ideoloji üstünlüyü əldən verməmək üçün İsrailin Livandakı quru əməliyyatının qarşısını almaq istədi.
BUTA.TV xəbər verir ki, bu sözləri Oxu.az-a İranın İsrailə raket hücumu barəsində danışan Türkiyənin Bahçeşehir Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.
"İsrailin ölkə daxilində qapalı hərbi bölgə elan etdiyi bir yer var. Bura Kefar Gladi və Misgav Am kibbutzlarını (İsraildə kollektiv icma növü - red.) və Metulla şəhərini əhatə edir. Sözügedən qapalı hərbi bölgənin qarşısında, sərhədə yaxın bölgədə Livanın Kafr Kila kəndi var. Kafr Kilada isə "Fatimə qapısı" (Bab əl-Fatimə) adlı bir yer mövcuddur. Bura şiə hilalının şimal-qərbindəki ucunun dəydiyi və rəmzi mənası olan yerdir. İran və Hizbullah öz mübarizəsini tarixi və dini ideologiya baxımından əsaslandırmaq üçün buradan istifadə edirlər.
Digər tərəfdən, Hizbullah özünü İsrailə və Qərbin dəstəklədiyi qüvvələrə qarşı müqavimətin lideri olaraq təqdim edir. "Fatimə qapısı" və onun dini mənasının bu müqaviməti dəstəkləmək üçün birləşdirici və ilhamverən bir amil kimi Hizbullah üçün xüsusi önəmi var. Bu qapı 1982-ci ildən bəri bağlıdır. İranın "Ümmul Küra" (Qurani-Kərimdə Məkkə üçün istifadə olunan addır - red.) nəzəriyyəsinə görə, İsrailin "Fatimə qapısı"ndan keçib Qüdsə girəcəyi barədə bir yanaşması var. Rəsmi Təl-Əviv də bunu çox yaxşı bilir. Fikrimcə, Livanda həyata keçirilən əməliyyatların və atılacaq addımların əsas hədəflərindən biri həmin yeri ələ keçirməkdir. İranın İsrailə qarşı gecə boyunca həyata keçirdiyi raket hücumunun əsas səbəblərindən biri də bunu əngəlləmək və ideoloji baxımdan zəif vəziyyətə düşməmək idi", - ekspert qeyd edib.
Alim İsrailin mövcud hava hücumundan müdafiə (HHM) sistemlərindən də bəhs edib:
"Son hücumla bağlı isə deyə bilərəm ki, İsrailin "Dəmir qübbə" sistemi 40 km mənzilli raketlər üçün nəzərdə tutulub. Ancaq ballistik raketlərə qarşı İsrailin "Arrow-3" və ya digər adı ilə "Hetz-3" atmosferdənkənar hipersəs raketdən müdafiə sistemi, atmosferdaxili hücumlar üçün "Arrow-2" müdafiə sistemi mövcuddur. Güclü silahlı PUA-lar və sairə qarşı isə "Davud sapandı" (David`s Sling) adlı müdafiə sistemi var.
Qaz çıxarılan sahələri qorumaq üçün "Saar 6" korveti və digər top sistemlərindən istifadə olunur. Yəni İranın ballistik raketlərlə etdiyi hücumu dəf edə biləcək əsas sistemlər "Hetz-2" və "Hetz-3"lərdir. Sonuncu hücum İranın Dəməşqdəki diplomatik nümayəndəliyin vurulmasına verdiyi cavabla müqayisədə daha güclüdür. Bundan əvvəl ABŞ İsrail üçün yalnız "Patriot"ları yox, həmçinin THAAD yüksək hündürlükdə hava hücumundan müdafiə sistemini də göndərib. THAAD-lar atmosferdənkənar raket hücumları üçün nəzərdə tutulub və 200 km radiusda 150 km hündürlükdəki hədəfləri vura bilir və 3 500 km-ə qədər mənzilli ballistik raketlərə qarşı təsirlidir. İran bununla atmosferdənkənar raket hücumlarını təşkil etmək gücündə olduğunu göstərmək istədi".
A.Ağar rəsmi Tehranın son addımının iki mümkün nəticəsindən bəhs edib:
"İran İsraili növbəti addımlardan çəkindirmək istəyir və hücumu özünümüdafiə hüququ ilə əsaslandırır. Ancaq bunun hansı dərəcədə effektiv olduğunu yaxın gələcəkdə görəcəyik. Çünki İsrail ABŞ-nin yalnız onu dəstəkləməsinə deyil, eyni zamanda, birbaşa gedən toqquşmaların tərəfi olmasına çalışır. ABŞ daha əvvəl İsrailə dəstək üçün "A-10", "F-15 E", "F-22" qırıcılarını göndərib. Vaşinqtondan verilən son açıqlamada bunlara əlavə olaraq, böyük hərbi heyətlə birlikdə eyni növ qırıcıların göndəriləcəyi bildirilib. Bu ana qədər İran öz gücünü bildiyi üçün ABŞ və müttəfiqləri ilə qarşı-qarşıya gəlməmək məqsədilə gözlədi və bunu "strateji səbir" adlandırdı. Digər bir səbəb isə indiyədək tərəflərin bir-birini gücdən salmaq üçün mübarizə aparması idi.
Hazırda isə vəziyyət tamamilə fərqlidir və daha təhlükəlidir. Yaxın gələcəkdə baş verə biləcək hadisələrlə bağlı iki ssenari mövcuddur. Birincisi odur ki, İranın raket hücumu nəticə verəcək və gərginliyin miqyası genişlənməyəcək. Başqa bir ssenariyə görə isə, bir tərəfdə rəsmi Tehran, digər tərəfdə isə İsrail və ABŞ birbaşa müharibəyə girəcəklər".
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi