Erməniəslli oliqarx, Qarabağdakı separatçı rejimdə “dövlət naziri” olmuş Ruben Vardanyanın həbsindən bir il ötməsi ilə əlaqədar ABŞ-da və Qərbdə ona işləyən PR maşınları yenidən işə düşüb.
BUTA.TV xəbər verir ki, artıq uzun müddətdir Ruben Vardanyanla sıx əlaqələrə malik ABŞ-ın “Edelman” PR şirkəti onun azad olunmasıı tələb edən kampaniyanı aktiv şəkildə davam etdirərək yeni bəyanat yayıb.
Azərbaycanın ötən ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirlərinin ardından torpaqlarımızda separatçılıqla məşğul olan erməniəsilli oliqarx Ruben Vardanyanın həbsindən bir neçə ay sonra Qərbdə “Erməni məhbusları azad et” adlı petisiya başladıldı. Əslində petisiyanın adı erməni məhbusları ilə bağlı olsa da, əsas ideyası Ruben Vardanyanın azadlığına nail olmaqdır. Kampaniyanın müəllifi illərdir Ermənistan üçün müxtəlif səpkili kampaniyalar həyata keçirən və Ruben Vardanyanla sıx əlaqələri olan ABŞ-ın “Edelman” PR şirkətidir.
Ruben Vardanyan 2022-ci ilə kimi Rusiya vətəndaşı, erməni lobbizminə pul ayıran milyarder kimi tanınıb. O, 2022-ci il sentyabrın 1-də Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb və burada qondarma rejimin “dövlət naziri” kimi fəaliyyət göstərməyə başlayıb. Daha sonra 2023-cü ilin sentyabrında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Ruben Vardanyan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri üzrə ittiham olunur.
Ruben Vardanyan Rusiyanın hərbi hava nəqliyyatında önəmli rola malik “Volqa Dnepr” hava nəqliyyatı ilə daşınma şirkətinin idarə heyətinin üzvü olduğu üçün Ukraynanın sanksiya siyahısına daxil edilib və Ukrayna Məxfi Xidmət Orqanı tərəfindən axtarışdadır. Lakin biznes planlarını münaqişə tərəflərindən birinin maraqları üzərində quran bəzi böyük şirkətlər kimi “Edelman”ı da sadalanan faktlar maraqlandırmır. Bu şirkətin Ruben Vardanyanla əməkdaşlığı 2015-ci ilə gedib çıxır. Həmin il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində aktiv PR kampaniyalarının aparıldığı bir vaxtda şirkət Vaşinqtonda bu mövzuda konfrans təşkil edir. O zaman tədbirin təşkilatçısı, statusu hələ ki yalnız moskvalı milyarder olan Ruben Vardanyan idi. Tədbirin təşkili üçün 250 min dollar vəsaitin xərcləndiyi bildirilir. Növbəti il “Edelman”ın Böyük Britaniya və İrlandiya üzrə baş direktoru Ed Uilyams “Avrora” mükafatının yaradılmasında şəxsən iştirakına dair qürurla açıqlama verir. Mükafatın həmtəsisçilərindən birinin yenə Ruben Vardanyan olması təsadüfi deyil. 2019-cu ildə isə “Edelman” Vardanyan və həyat yoldası Veronika Zonabend tərəfindən yaradılmış “Ermənistanın inkişafı təşəbbüsü” fondu ilə əməkdaşlığı genişləndirir.
“Edelman”ın adı bır sıra qalmaqallarda da xatırlanır. Bu baxımdan 1970-1980-ci illərdə tütün şirkəti ilə çalışaraq siqaret çəkməni məhdudlaşdırma siyasətinə qarşı çıxmasını, 90-ci illərdə “Microsoft”un maraqları üçün çıxış etməsini yada salmaq olar. Həmçinin ABŞ-da özəl həbsxanaların reputasiyasını bərpa etmək üçün gördüyü fəaliyyətləri, Cəmal Qaşıqçı İstanbulda qətlə yetirilən zaman şirkətin Səudiyyə Ərəbistanını təmizə çıxarmaq üçün bu ölkə ilə PR kampaniyasına dair müqavilə imzalamasını və başqa faktları sadalamaq olar. Bu xidmətləri qarşılığında şirkətin ildə 10 milyon dollara yaxın pul qazandığı bildirilir. Bu rəqəm həm də erməni diasporunun Azərbaycana qarşı kampaniya aparmaq üçün nə qədər pul xərcləməyi gözə aldığının sübutudur. Görünən odur ki,”Edelman” şirkəti Ermənistanın dünyaya tanıdılması və Ruben Vardanyanın maraqlarını müdafiə etməsi üçün var gücü ilə çalışıb, erməni lobbizmi isə bu istiqamətdə heç bir xərcdən çəkinməyib.
Adı “Erməni məhbusları azad et” olan kampaniyanın saytına nəzər saldıqda əslində mövzunun yalnız Ruben Vardanyanla bağlı olduğunu görmək mümkündür. Lakin bir ilə yaxın aparılan PR kampaniyasına imza atanların sayının 7815 nəfər olması ya kampaniyanın zəif aparıldığını, ya da böyük ehtimalla bütün rəqəmlərin əslində simvolik olaraq yaradıldığını və heç bir halda həqiqəti əks etdirmədiyini göstərir.
Kampaniya ilə əlaqədar saytda əlaqə bölməsində “Edelman” ilə yanaşı, Fransanın “Havas” şirkətinin də adı qeyd olunub. Ölkə kimi Fransanın Ermənistanı dəstəkləməsi ilə bağlı istənilən sübut nə qədər təəccüblü deyilsə, “Havas” şirkətinin əməkdaşlarının bir hissəsinin erməniəsilli ekspertlər olması da bir o qədər sual doğurmur.
“Edelman” şirkətinə hərbi əməliyyatlara dəstək verdiyi üçün Ukraynada sanksiya siyahısında olan, Azərbaycana qarşı cinayət əməllərində iştirak edən Ruben Vardanyanı dəstəkləməsinin səbəbləri barədə bir neçə dəfə sorğu ünvanlasaq da, cavab ala bilmədik. Əslində PR şirkəti olaraq onlar medianın sorğusunun cavabsız qalmamalı olduğunu hamıdan daha yaxşı bilməlidirlər. Bütün bunlar əsas məsələnin PR deyil, siyasi maraqlar olduğunu açıq göstərir.
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir