Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

20:07 - 19 Oktyabr 2024 - GÜNDƏM

 Bakı sülh sazişini Paşinyanla imzalamaq istəmir - Əmirbəyov

Azərbaycan Ermənistanın bir sıra mühüm maddələri hələ də razılaşdırılmamış sülh müqaviləsi imzalamaq təklifini qeyri-real və qəbuledilməz hesab edir.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

Əmirbəyov jurnalistin Ermənistanın Almaniyadakı səfirinin Ermənistanın sabah da Azərbaycanla sülh sazişi imzalamağa hazır olması barədə bəyanatına rəsmi Bakının necə yanaşdığı ilə bağlı sualını cavablandırarkən bu bəyanatın səmimiliyinə çox şübhə etdiyini vurğulayıb.

“Tamamlanmamış, yarımçıq sazişin günü sabah imzalanması təklifi nəinki qeyri-real və qəbuledilməzdir, eyni zamanda ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdidir. Tərəflər saziş layihəsinin hələ açıq qalan bir neçə mühüm müddəası ilə bağlı razılığa gəlməlidir və onlarsız sənəd natamamdır”, - Azərbaycan Prezidentinin nümayəndəsi qeyd edib.

Bu xəbər hal-hazırda çox oxunur
“Plazalar kralı” Qafar Dəmirçi həbs edildi

Onun sözlərinə görə, sülhə nail olmaq yolunda əsas maneə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisinə Ermənistanın konstitusiyasında əksini tapmış ərazi iddialarıdır.

E.Əmirbəyovun sözlərinə görə, bu problemi görməzdən gəlmək otaqdakı fili görməməyə bərabərdir.

“Bununla Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq, guya sülh prosesində konstruktiv iştirak etdiyini göstərmək istəyir, əslində isə vaxtı uzadır və sülh prosesini çıxmaza salır. Ermənistan Qərbdən, o cümlədən Aİ-dən, ABŞ-dən və ayrı-ayrı Aİ dövlətlərindən qeyri-məhdud sayda diplomatik, iqtisadi və hərbi yardım almağa başlayan kimi danışıqlarda konstruktiv iştirak etməyə olan marağını itirib və belə görünür ki, Azərbaycanla sülhə nail olmaq artıq onlar üçün prioritet deyil”, - o vurğulayıb.

Jurnalistin nəticə əldə olunmasını sürətləndirmək üçün tərəflər Zəngəzur dəhlizinin açılması məsələsini sülh sazişi çərçivəsindən kənara çıxarmaq və elə bu formada Ermənistan konstitusiyasına düzəlişlərin sülh sazişinin imzalanmasından sonrakı dövrə təxirə salınmasının mümkünlüyü barədə sualını cavablandıran Əmirbəyov qeyd edib ki, bu iki məsələ arasında paralel aparmaq tamamilə yanlışdır, çünki onlar davamlı sülhün əldə olunması üçün əhəmiyyətinə görə tamamilə fərqlidir.

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilk gündən münaqişənin əsas səbəbi olub və davamlı sülhə nail olmaq üçün bu problemi birdəfəlik aradan qaldırmaq lazımdır. Bunu isə Ermənistan konstitusiyasını dəyişmədən etmək mümkün deyil. Ermənistan konstitusiyası indiki formada qalarsa, sülh sazişi qısamüddətli olacaq, çünki Azərbaycanla sülhə qarşı çıxan hər hansı yeni Ermənistan rəhbərliyi sazişin hüquqi cəhətdən daha üstün olan konstitusiyaya uyğun olmadığını əsas gətirərək onu sadəcə olaraq denonsasiya edəcək. Başqa sözlə, Azərbaycan sülh sazişini baş nazir Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir”, - o deyib.

Əmirbəyovun sözlərinə görə, məhz elə buna görə Azərbaycan zamanla münaqişənin yenidən canlanması baxımından və yeni faciələrə səbəb ola biləcək heç bir hüquqi boşluq buraxa bilməz, buna görə də biz uzunmüddətli Ermənistan-Azərbaycan qarşıdurmasının əsas səbəbini aradan qaldırmalıyıq.

Zəngəzur dəhlizinə gəlincə, Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, rəsmi Bakı hələ də onun açılışına böyük önəm verir. “Azərbaycan bu məsələnin sülh sazişi çərçivəsindən kənara çıxarılmasına razılıq verməklə bizi gözü götürməyən bədxahlara bu məsələnin həll edilməmiş mahiyyətindən istifadə edərək Azərbaycanı ümumi irəliləyişə xələl gətirən tərəf kimi təqdim etməsinə səbəb verməmək istəyindən çıxış edib”, - deyə Əmirbəyov fikrini tamamlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol