“Made in China 2025” işə düşdü - Qərb narahatdır

13:16 - 4 Yanvar 2025 - GÜNDƏM

 “Made in China 2025” işə düşdü - Qərb narahatdır

Pekin Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan yol xəritəsi tərtib edib. Çin lideri Si Szinpin ölkəsini dominant güc olmaq və şirkətlərini birinci yerdə yerləşdirməyi hədəfləyən “Made in China 2025” proqramını işə salıb. Proqram Çin şirkətlərinə hökumət subsidiyalarını almaq, dövlət müəssisələrini səfərbər etmək və qlobal rəqabətdə digərlərini üstələmək məqsədilə intellektual mülkiyyəti əldə etmək üçün üstünlüklər verəcək.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Pekinin yeni proqramı ABŞ və AB bazarlarında Çin məhsullarının sıxışdırılmasına cavabdır:

““Made in China 2025” proqramı tam məxfilik şəraitində hazırlanıb. Proqramın əsas hədəfləri bunlardır: yeni nəsil informasiya texnologiyaları və telekommunikasiya sahəsini, qabaqcıl robototexnikanı, süni intellekti, aerokosmik mühəndisliyi, yeni sintetik materialları, qabaqcıl elektrik avadanlıqları, biotibbi, yüksək səviyyəli dəmir yolu infrastrukturunu və yüksək texnologiyalı dəniz mühəndisliyini inkişaf etdirmək. Çin ən son texnoloji nailiyyətlərdən istifadə edərək sənaye sahələrini sistematik olaraq uğura doğru istiqamətləndirməyi hədəfləyib. Yarımkeçiricilər və elektrik nəqliyyat vasitələri istehsalında üstünlük qazanan Çin xarici texnologiyaya güvənməməyi qarşısına məqsəd qoyub. Bu proqram ölkənin dördüncü sənaye inqilabına uyğundur. Çin yeni proqram vasitəsilə 2025-ci ildə yüksək texnologiyalı sənayenin 70 faizini təmin etməyi hədəfləyir və bununla 2049-cu ilə qədər qlobal üstünlük əldə etməyə çalışacaq.

Qərb ölkələrində hesab edirlər ki, Çin qazandığı üstünlükləri xarici sərmayələrin ayrı-seçkilik məqsədilə istifadəsinə, məcburi texnologiya transferlərinə, əqli mülkiyyət oğurluğuna, kiberhücumlara və casusluğa borcludur. Qərb ölkələrinin siyasətçiləri Çinin son üstünlük arzusunun qlobal ticarətdə sabitliyi pozacağından narahatdırlar”.

Politoloqun sözlərinə görə, Çində fəaliyyət göstərən xarici şirkətlər həssas əqli mülkiyyət və qabaqcıl texnoloji bilikləri paylaşmaq şərtləri ilə Çin şirkətləri ilə birgə müəssisələr qurmağa məcbur olduqlarından şikayətlənirlər:

“Buna baxmayaraq, Çinin dövlət şirkətləri yüksək maaşla Qərbdəki alimləri və aparıcı mütəxəssisləri proqrama cəlb etməyə müvəffəq olublar. Bu proses 2018-ci ildən başlayıb. Vaşinqton hesab edir ki, Pekin bu yolla ABŞ-ın əqli mülkiyyətini əldə etməyə çalışıb. Avropada da Çinin yeni proqramından narahatlıq var. Çünki Pekin ölkə şirkətlərinin qlobal rəqabətdə irəli çıxmaları üçün istehsalı həddindən artıq təşviq edir və dünya ölkələrini ucuz mallarla doldurur. Misal üçün Çin hökumətinin ölkə avtomobil şirkətlərinə ayırdığı dövlət subsidiyaları hesabına elektrikli avtomobillərin qiyməti Qərbdəki elektrik avtomobillərin qiymətlərindən xeyli ucuzdur. Bunun nəticəsidir ki, Almaniya və dünyanın digər aparıcı avtomobil şirkətləri müəssisələrinin bir qismini qapatmaq və işçilərini ixtisar etmək qərarına gəlib. Bu səbəbdən ABŞ və Avropa Çinin 2025-ci ildəki ticarət siyasətini qlobal təhlükə kimi qəbul ediblər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol