Həmin məlumatı verənləri pul mükafatı gözləyir
Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək.
“BUTA.TV” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, verilmiş məlumat öz təsdiqini tapdıqda məlumat verən şəxsə təşkilatın büdcəsinin hesabına (büdcə təşkilatlarına münasibətdə həmin təşkilatların saxlanılması xərcləri və büdcədənkənar vəsaitləri hesabına) təşkilat rəhbərinin qərarı ilə maddi mükafat ödəniləcək.
Mükafat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılaraq öz təsdiqini tapması barədə məlumat verən şəxsin məlumatlandırıldığı tarixdən 10 (on) iş günü müddətində ödəniləcək.
Təşkilatda mükafatın rəsmiləşdirilməsi və ödənilməsi üzrə tədbirlər bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş konfidensiallıq tələblərinə riayət edilməklə həyata keçiriləcək və həmin tədbirlərin icrasını təmin edən şəxslər tərəfindən məlumat verən şəxsə dair onlara məlum olan məlumatların digər şəxslərə açıqlanmasına yol verilməyəcək.
Mükafatın məbləği minimum əməkhaqqı məbləğinin 25 mislindən çox ola bilməz.
Mükafatın məbləği müəyyən edilərkən korrupsiya ilə əlaqədar hüquqpozmanın xarakteri, faktların sayı, verilmiş məlumatın korrupsiya ilə əlaqədar hüquqpozmanın aşkar edilməsində əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Cinayət təqibinin həyata keçirilməsi nəticəsində ittihamedici əsaslarla hökm və ya digər yekun qərar çıxarıldığı və ya cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verildiyi hallarda Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq, cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilmiş əmlakın satışından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsaitdən (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) və ya xüsusi müsadirə edilmiş pul vəsaitindən (bank əməliyyatları üzrə xərclər və normativ hüquqi aktlarla müəyyən edilmiş digər ödənişlər çıxılmaqla) və ya cinayət qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla dövlət büdcəsinə ödənişin məbləğinin, yaxud dövlətə ödənilməsi təmin edilmiş maddi ziyanın miqdarının 5 faizi məbləğində pul vəsaiti məlumat verən şəxsə ödəniləcək.
Cinayət işi üzrə məlumat verən şəxsə pul vəsaitinin ödənilməsinə dair qərar məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılığı ilə müstəntiq, məhkəmə icraatı zamanı işə baxan məhkəmə tərəfindən qəbul ediləcək.
Nuranə Daxilqızı
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto