Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
“BUTA.TV” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlət başçısına təqdim edərək, Baş nazirin ölkəmizlə uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirib.
Lord Anas Sarvar ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğulayıb, müstəqilliyimizi bərpa etdikdən bəri ölkələrimizin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd edib.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin ölkəmizə səfəri məmnunluqla xatırlanıb, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlifsəviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirilib.
Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunulub, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Görüşdə ölkələrimiz arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto







