Suriya hökuməti ölkənin unitar idarəetmə modelindən geri çəkilmək niyyətində deyil və YPG/SDQ-nin muxtariyyət, ayrıca idarəetmə və vahid silahlı strukturla qalmaq tələblərini qəti şəkildə rədd edir. Dəməşqin mövqeyi ondan ibarətdir ki, bütün hakimiyyət mərkəzi hökumətə tabe olmalı, silahlı qüvvələr isə yalnız vahid dövlət ordusu çərçivəsində fəaliyyət göstərməlidir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev Suriya hökuməti ilə SDQ arasında əldə olunan razılaşmanı şərh edərkən deyib.
Politoloqun sözlərinə görə, 14 maddəlik razılaşmada SDQ-nin tələb etdiyi muxtariyyət və ayrıca hərbi strukturla bağlı heç bir müddəa yer almır:
“Suriya ordusu ayrı-ayrı və ya muxtar birliklər şəklində deyil, yalnız tərkib hissəsi kimi mövcud ola bilər. Şara hökumətinin mövqeyi aydındır: YPG döyüşçülərinə yalnız fərdi qaydada Suriya ordusuna qoşulmağa icazə verilə bilər. Onların muxtar hərbi birlik kimi fəaliyyətini davam etdirməsinə imkan tanınmayacaq. Bu yanaşma Suriya hökumətinin YPG-ni faktiki olaraq mərkəzi hakimiyyətə tabe edərək, “əridib” nəzarət altına almaq istədiyini göstərir. SDQ razılaşmada iştirak etsə də, real qərarvermə səlahiyyətinə malik deyil. Görüşlərdən də aydın olur ki, YPG və SDQ hələ də birbaşa PKK-nın nəzarətindədir. Mərkəzdən – Qəndildən göstəriş almadan hər hansı addım ata bilmirlər. Bu da razılaşmanın icrasını faktiki olaraq mümkünsüz edir. Məhz bu səbəbdən Suriya hökumətinin hərbi əməliyyatları davam etdirməsi bir məcburiyyət kimi ortaya çıxır”.
Politoloqun sözlərinə görə, YPG daxilində də ciddi parçalanma müşahidə olunur:
“Bəzi qruplar Dəməşqlə siyasi və inzibati inteqrasiyaya getməyə daha praqmatik yanaşsa da, PKK-ya bağlı qruplar mərkəzi hökumətlə istənilən dialoqa qarşı çıxır və bu prosesdən yayınmağa çalışırlar”.
ABŞ-ın mövqeyinə toxunan politoloq bildirib ki, bu prosesi Vaşinqtonun mövqelərinin zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz:
“ABŞ faktiki olaraq Suriyada mərkəzi hakimiyyətin qurulmasına yaşıl işıq yandırıb. Açıq şəkildə YPG-ni danışıqlara getməyə təşviq edib. Lakin razılaşmadan yayınan tərəf məhz SDQ oldu. ABŞ indi rasional olaraq Dəməşqi dəstəkləyir və YPG-dən verdiyi vədləri yerinə yetirməsini tələb edir”.
- Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi
- Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”
- Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?
- Bakının bunu etməsi böyük hadisədir - Subari
- Qarabağı Azərbaycan adlandıran nazirə hücum
- Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir
- Boşanma xəbəri yayılan Mədət Quliyevlə Zəhranın hekayəsi...
- Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər