Müasir təhsil paradiqmasında şagirdlərin yalnız faktoloji biliklərə sahib olması deyil, eyni zamanda bu bilikləri tətbiqetmə və ifadəetmə qabiliyyəti prioritet təşkil edir. Bu baxımdan, 2027-ci ildən etibarən buraxılış imtahanlarında xarici dil fənni üzrə yazı bacarığının (esse) qiymətləndirilməsi qərarı nəzəri cəhətdən mütərəqqi və strateji bir addımdır. Lakin hər bir islahatın uğuru onun konseptual mükəmməlliyindən daha çox, tətbiq mühitinin hazırlıq səviyyəsindən asılıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov buraxılış imtahanlarında xarici dil üzrə nəzərdə tutulan dəyişikliklərdən danışarkən deyib.
Alim qeyd edib ki, onilliklər boyu Azərbaycan təhsil sistemində qiymətləndirmənin “test mərkəzli” model üzərində formalaşması şagirdlərdə mexaniki cavab seçmə vərdişini inkişaf etdirsə də, onların analitik təfəkkürünü və yaradıcı potensialını kölgədə qoyub:
“Biz robot deyil, intellektual subyekt yetişdiririk. Yazı bacarığı isə fərdin duyğu və düşüncələrini strukturlaşdırılmış formada təqdim etməsidir. Hazırkı reallıqda şagirdlərin 100 sözlük esse yazmaq öhdəliyi ilə üz-üzə qalması illərdir formalaşmış “hazır cavab” psixologiyası ilə kəskin ziddiyyət təşkil edir”.
İlqar Orucov vurğulayıb ki, imtahan modellərinin tez-tez və kəskin dəyişikliklərə məruz qalması təhsilalanların psixoloji dayanıqlığına ciddi zərbə vurur:
“Hər bir yeni “sınaq” şagirdlərdə əlavə gərginlik yaradır və bu, psixoloji travmalara yol aça bilər. İslahatların uğurlu tərəfləri ilə yanaşı, onun şagird şəxsiyyəti üzərindəki neqativ təsirləri də qiymətləndirilməlidir.
Beynəlxalq təcrübənin birbaşa və mexaniki şəkildə yerli mühitə transferi çox zaman effektiv olmur. Baza formalaşdırılmadan tətbiq edilən hər bir kənar model cəmiyyətdə intellektual boşluqlara səbəb ola bilər. Hər bir təhsil islahatı cansız bir mexanizm üzərində deyil, birbaşa canlı insan faktoru üzərində reallaşdırılır. Bizim üçün şagird eksperiment subyekti deyil, fərdi psixologiyası və mənəvi dünyası olan şəxsiyyətdir”.
Ekspertin fikrincə, yeni imtahan modelinin uğuru prosesin mərhələli şəkildə həyata keçirilməsindən asılıdır:
“Kurikulumların uyğunlaşdırılması, müəllimlərin ixtisasartırması və şagirdlərin aşağı siniflərdən etibarən bu bacarıqlara alışdırılması mütləqdir. İslahatlar şagirdi sınaq obyektinə deyil, inkişafın mərkəzinə çevirməlidir”.
Qeyd edək ki, rəsmi məlumata görə, 2027-ci ildən etibarən tam (11 illik) orta təhsil səviyyəsində buraxılış imtahanlarında xarici dil fənni üzrə dinləmə, oxu, leksik-qrammatik və yazı bacarıqları ayrıca qiymətləndiriləcək. Yeni modelə əsasən, şagirdlərdən verilmiş mövzu üzrə ən azı 100 söz həcmində yazı (esse) yazmaq tələb olunacaq.
- Azərbaycan vətəndaşı Türkiyədə ələ keçdi - Video
- OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu
- Arayik Arutyunyana hökm oxundu
- Arvadından sonra qızı da işdən çıxarıldı
- Ağcabədidə 6 yaşlı uşaq bıçaq xəsarətləri aldı
- Xaçmazda qatar maşını vurdu, ölən var
- Sosial şəbəkədə bu kəndi, qəbirləri təhqir edirlər - Foto
- Dubaydan gələn şəxsdən brilyant qaşlar götürüldü