Qədim dövrlərdən insanlar havaya təsir göstərməyə çalışıb, yağış çağırmaq üçün müxtəlif ayinlər və dualardan istifadə ediblər. Son bir neçə ayda Bakıda güclü yağışlar artıb və küçələrin, həyətlərin və tunellərin su altında qalması Azərbaycan paytaxtında adi bir mənzərəyə çevrilib. Bakını suya təslim edənlər: Yağış yudu, gün qurutdu?
Bəzi yerli mütəxəssislər bunu güclü yağıntıların tezliyinin artmasına səbəb qlobal istiləşmə, Arktikada buzlaqların sürətlə əriməsi və cənuba doğru hərəkət edən siklonların rütubətin artırması ilə izah edir. Hətta Bakıda bu təhlükəli meteoroloji hadisələrin yaxın 4 ildə davam edəcəyi gözlənildiyi proqnozlaşdırılır. Daha bir versiya isə süni yağışlarla bağlıdır.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, bu sahədə real elmi dönüş nöqtəsi 1946-cı ildə baş verdi. Məhz həmin il alimlər ilk dəfə süni şəkildə yağıntı yaratmağın mümkün olduğunu kəşf etdilər. O vaxtdan bəri texnologiyalar sürətlə inkişaf edib və bu gün atmosfer proseslərinə təsir imkanları daha da genişlənib.
İkinci Dünya müharibəsindən sonra ABŞ-da hava şəraitinə nəzarət üzrə genişmiqyaslı tədqiqatlara start verildi. Bu işlərin bir hissəsi potensial “iqlim silahı” yaratmaq məqsədi daşıyırdı. 1946-cı ildə aparılan təcrübələr zamanı müəyyən olundu ki, soyudulmuş buludlara quru buz hissəcikləri səpildikdə buz kristalları yaranır və nəticədə yağıntı düşür. Bu kəşf “Project Cirrus” adlı layihənin əsasını qoydu. Həmin il noyabrın 13-də təyyarədən buludlara quru buz səpildi və nəticədə süni qar yağışı müşahidə olundu. Texnologiyanın ən məşhur hərbi tətbiqi isə Vyetnam müharibəsi dövründə həyata keçirilən “Popay əməliyyatı” oldu. 1967–1972-ci illərdə ABŞ qüvvələri “Ho Şi Min yolu” üzərində buludları “toxumlayaraq” yağışları gücləndirməyə çalışırdı. Məqsəd yolları yararsız hala salmaq və düşmənin təchizatını zəiflətmək idi.
“Bu gün süni yağıntı yaratmaq üçün əsasən üç metoddan istifadə olunur. Birinci üsul buludların soyudulmasıdır – maye azot və ya quru buz vasitəsilə su damcıları sürətlə buz kristallarına çevrilir. İkinci üsul – gümüş yodiddən istifadədir. Bu maddə təbii buz kristallarının formalaşmasını imitasiya edərək yağıntını sürətləndirir. Üçüncü üsul isə higroskopik maddələrin səpilməsidir – kalsium və ya natrium xlorid kimi duzlar su damcılarını birləşdirərək onların böyüməsinə və yerə düşməsinə səbəb olur” deyə, bildirilir.
Bu metodların effektivliyi isə buludların növündən asılıdır. Bəzi hallarda yağıntının həcmini 15–25%, hətta quraq ərazilərdə 30%-ə qədər artırmaq mümkündür. Süni yağış texnologiyası bu gün dünyanın bir çox ölkəsində istifadə olunur. ABŞ-da quraqlıqla mübarizə üçün geniş tətbiq edilir. Çin “Səma çayı” adlı layihə ilə cənub bölgələrindən şimala su buxarının daşınmasını planlaşdırır. Səudiyyə Ərəbistanı bu məqsədlə xüsusi təyyarələr alıb və proqramı aktiv şəkildə həyata keçirir. Qazaxıstan isə Mərkəzi Asiyada bu texnologiyanı tətbiq edən ilk ölkələrdən biridir. Bundan əlavə, texnologiya böyük tədbirlər zamanı havanı “təmizləmək”, həmçinin meşə yanğınlarının söndürülməsi üçün istifadə olunur.
Son illərdə daha innovativ üsullar da sınaqdan keçirilir. Birləşmiş Ərəb Əmirlikləri dronlar vasitəsilə buludlarda elektrik yükləri yaradaraq damcıların birləşməsini sürətləndirir. Digər yanaşma – yerüstü ion generatorları ilə atmosferə təsir etməkdir.
Alimlər hətta bakteriyalardan da istifadə imkanlarını araşdırırlar. Bəzi mikroorqanizmlər su molekullarını buz kristalı formasında düzərək yağıntı prosesini sürətləndirə bilir.
Bütün üstünlüklərinə baxmayaraq, bu texnologiyanın ciddi riskləri də mövcuddur. Əsas problemlərdən biri ekoloji təhlükələrdir. Məsələn, geniş istifadə olunan gümüş yodid zəhərli maddə sayılır və uzunmüddətli istifadədə torpaq və suda yığıla bilər.
Digər problem gözlənilməz nəticələrdir. Bəzi hallarda süni müdaxilə həddindən artıq güclü yağıntılara səbəb olur. Bundan əlavə, “yağışın oğurlanması” kimi mübahisəli məsələ də var – bir bölgədə aparılan intensiv müdaxilə digər ərazilərdə yağıntının azalmasına gətirib çıxara bilər.
Süni yağıntı texnologiyaları artıq reallıqdır və bir çox ölkələr tərəfindən aktiv istifadə olunur. Lakin bu sahə hələ də tam nəzarət altına alınmayıb. Ekoloji risklər, texniki məhdudiyyətlər və geosiyasi təsirlər səbəbindən bu texnologiyanın gələcəyi həm böyük imkanlar, həm də ciddi suallar vəd edir.
- Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi
- Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq
- Olimpiya çempionu özünə toy edir - Foto
- Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu
- Ağdamda yanğın başladı: Xocalıdan heyət cəlb edildi - Foto
- Nazirdən 10 və 11-ci sinif şagirdləri bağlı yeni plan
- Zaqatalada iki nəfəri ilan sancdı, ölən var
- Hava limanları özəlləşdirilir: Kim qazanacaq?