Regionlarda həkim çatışmazlığı: TƏBİB təhlillərə başladı

12:51 - 25 İyun 2026 - CƏMİYYƏT

 Regionlarda həkim çatışmazlığı: TƏBİB təhlillərə başladı

TƏBİB regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi resursların səmərəli bölüşdürülməsi istiqamətində təhlillərə başlayıb.

BUTA.TV xəbər verir ki, bunu TƏBİB-in media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə keçirilən açıq dialoq görüşündə qurumun İcraçı direktorunun müavini Rahim Hüseynov bildirib.

O qeyd edib ki, ilin sonunadək növbə probleminin əsas hissəsinin aradan qaldırılması nəzərdə tutulur:

"İlk növbədə, ilkin səhiyyə xidmətinin təşkili modelinin formalaşdırılması üzərində işləyirik. Bu yanaşma müəyyənləşdikdən sonra həkimlərin yerləşdirilməsi və miqrasiyası ilə bağlı mərhələli addımlar atılacaq. Artıq bununla bağlı təhlillərə başlanılıb və konkret tədbirlər görülür. Ümid edirəm ki, ilin sonunadək icbari tibbi sığorta sisteminin əhatəsində müəyyən dəyişikliklərin şahidi olacağıq".

Rahim Hüseynov bildirib ki, məqsəd yalnız həkim çatışmazlığı olan ərazilərə mütəxəssis göndərmək deyil, mövcud insan resurslarını ehtiyaca uyğun və səmərəli şəkildə bölüşdürməkdir:

"Hazırda Bakıda və regionlarda həkim təminatı, çatışmazlıq və artıqlıq müşahidə olunan sahələr təhlil edilir. Elə tibb müəssisələri var ki, həkim fəaliyyət göstərsə də, müraciət edənlərin sayı az olduğundan onların potensialından tam istifadə olunmur. Buna görə də məsələyə yalnız “həkim çatışmır, ora həkim göndərək” prinsipi ilə yanaşmaq düzgün deyil”.

İcraçı direktorun müavini əlavə edib ki, həkimlərin yerləşdirilməsi ilə bağlı qərarlar əhalinin tibbi xidmətə real tələbatı və xidmətlərin səmərəliliyi nəzərə alınmaqla veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol