“Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa

10:23 - 18 İyul 2026 - GÜNDƏM

 “Çox yox, sistemli oxumaq lazımdır” - 400 bal toplayan Paşa

Dövlət İmtahan Mərkəzinin iyulun 5-də keçirdiyi II və III ixtisas qrupları üzrə qəbul imtahanında II ixtisas qrupu üzrə ən yüksək nəticəni Laçın rayon Oğuz tam orta məktəbinin məzunu Paşa İsbəndiyarlı göstərib. O, ikinci mərhələdə 400, birinci mərhələdə isə 277,3 bal toplayıb.

BUTA.TV” xəbər verir ki, AzEdu.az-la təəssüratlarını bölüşən Paşa bildirib ki, hər iki qəbul imtahanının çətinlik səviyyəsi demək olar ki, eyni olub.

“Suallar arasında ciddi fərq olduğunu deməzdim. Birinci imtahanda diqqətsizlikdən sürüşdürmə səhvi etmişdim və bu, balıma təsir göstərdi. Məhz buna görə ikinci cəhddə iştirak etdim. Məncə, yüksək bal toplamağın sirri sistemli çalışmaq, dərslərə diqqətlə qulaq asmaq və testləri müntəzəm işləməkdir. Açığı, həddindən çox dərs oxumurdum, amma planlı şəkildə hazırlaşdığım üçün yüksək nəticə əldə etdim”, - abituriyent qeyd edib.

O bildirib ki, ikinci cəhdə gedərkən maksimum nəticə göstərə biləcəyinə inanıb:

“Tam əmin olmasam da, bu nəticəni gözləyirdim. Təhsilimi ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Bu sahəni həm perspektivli, həm də prestijli hesab etdiyim üçün seçmişəm.

Hazırlıq dövründə sosial şəbəkələrdən istifadə edirdim. Elə günlər olurdu ki, daha çox vaxt ayırırdım, elə günlər də olurdu ki, az istifadə edirdim. Amma çalışırdım ki, bu, dərslərimə mane olmasın. 

İmtahandan qorxmağa ehtiyac yoxdur. İnsan sistemli şəkildə hazırlaşsa, hər şeyin öhdəsindən gələ bilər. 400 bal toplamaq mümkündür. Bunun üçün testləri müntəzəm işləmək və vaxtı düzgün bölüşdürmək lazımdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol