“Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video

18:25 - 26 İyul 2026 - GÜNDƏM

 “Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir” - Video

Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 20 saylı binanın zirzəmisi kanalizasiya suyu ilə dolub.

BUTA.TV” xəbər verir ki, yaranmış vəziyyət sakinlərin haqlı narazılığına səbəb olub.

Binada yaşayan 70-ə yaxın ailə bildirir ki, illərdir bu problemlə üz-üzə qalsalar da, məsələ hələ də öz həllini tapmayıb.

“40 ilə yaxındır burada yaşayıram. Binanı həmişə bu vəziyyətdə görmüşəm. Hər yerə müraciət etmişik, ərizələr yazmışıq, amma heç kim problemimizlə maraqlanmır. Bütün kanalizasiya suları zirzəmiyə axır. Paltarlarımdan, yorğan-döşəyimdən, hətta pərdələrimdən belə pis qoxu gəlir. Qonaq getdiyim yerdə deyirlər ki, səndən kanalizasiya iyi gəlir”, – deyə sakinlərdən biri bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Xəzərdə batan şəxs müstəntiq imiş

Digər sakin isə mənzillərdə pis qoxu ilə yanaşı, müxtəlif həşəratların da yayıldığını qeyd edib:

“Evin içində pis qoxudan dayanmaq olmur. Uçan və yerdə gəzən müxtəlif həşəratlar mənzillərə doluşub. Evi dərmanlamaqdan yorulmuşam. Kanalizasiya idarəsinə hər gün zəng edir, xahiş edirəm ki, heç olmasa, zirzəmidəki suyu çəksinlər. Hər dəfə “gələcəyik” deyirlər, amma gələn yoxdur”.

Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, qurumun mütəxəssisləri tərəfindən sözügedən ünvanda araşdırma aparılıb:

“Keçirilən baxış və müayinə nəticəsində müəyyən olunub ki, binanın zirzəmisinə suyun toplanması və sızmasına əsas səbəb binalar arasında əlaqələndirici xəttin uzun müddətli istismarı səbəbindən tamamilə yararsız hala düşməsidir. Hazırda ərazidə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarından tələb olunan müvafiq icazələrin alınması prosesi gedir. Yaxın günlərdə idarənin qəza-bərpa qrupu tərəfindən ərazidə təxirəsalınmaz işlərə başlanılacaq və yaranmış çətinlik qısa müddətdə aradan qaldırılacaq”.

Daha ətraflı “Baku TV”nin materialında:

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol