Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...

17:00 - 31 İyul 2026 - GÜNDƏM

 Magistratura üzrə plan yerlərinin boş qalmasının səbəbi...

Ümumi müsabiqə nəticəsində magistraturaya 13845 nəfər qəbul olunub.

Bu barədə BUTA.TV-a DİM-dən məlumat verilib.

Qeyd edilib ki, qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur: "Məlumat üçün qeyd edək ki, bu il ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər daha çox olub. Əsas yerləşdirmədən sonra magistraturaya qəbul olunanların sayı da bu il 399 nəfər daha çoxdur. Ötən il 5798 nəfər dövlət sifarişi ilə qəbul olmuşdursa, bu il 6580 nəfər dövlət sifarişi, 52 nəfər isə dövlət hesabına qəbul olunub. Yəni ötən illə müqayisədə daha çox bakalavr (834 nəfər) ödənişsiz təhsil almaq imkanı əldə edib.

2026-cı ilin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 17658 plan yerinin 13845-i (78.41%-i) dolub. Ötən il müvafiq göstərici 16848 plan yeri və 79.81% olub. Göründüyü kimi, bu il plan yerləri də daha çox (810 yer) olub.

Ümumiyyətlə, plan yerlərinin müəyyən hissəsinin boş qalacağı əvvəlcədən də bəlli idi. Çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı 15721 olduğu halda, plan yerlərinin sayı 17658 idi".

Bildirilib ki, 2026-cı ildə ixtisaslaşma seçimində iştirak edənlərin sayı ötən illə müqayisədə 166 nəfər artaraq 15 721-ə çatıb. Qəbul olunanların sayı 399 nəfər artaraq 13 845 olub. Ödənişsiz əsaslarla (DS+DH) qəbul olunanların sayı 834 nəfər artaraq 6 632-yə yüksəlib. Qəbul planı isə 810 yer artaraq 17 658 təşkil edib. Bununla yanaşı, qəbulolma faizi 2025-ci ildəki 79,81%-dən 2026-cı ildə 78,41%-ə enərək 1,4 faiz azalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol