Cənub bölgəsinin mühüm tarixi-arxeoloji abidələrindən olan Şindan qalasında arxeloji kəşfiyyat işlərinə başlanılıb.
BUTA.TV xəbər verir ki, Şindan qalası Astara rayonunun Sım kəndindən təxminən 6-7 km cənub-qərbdə, Talış dağlarının yüksək zirvəsində İran sərhədinə yaxın ərazidə yerləşir və bölgənin mühüm tarixi-arxeoloji abidələrindən hesab olunur.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin bildirdiyinə görə, aparılan vizual müşahidələr nəticəsində yerüstü monumental qala divarları aydın şəkildə qeydə alınmasa da, ərazidə diqqətəlayiq yeni arxeoloji izlər müəyyən edilmişdir. Belə ki, Şindan qalası ərazisində təxminən 10 metr uzunluğunda təbii qaya mağarası (sığınacağı) qeydə alınmışdır. Ərazinin müşahidəsi zamanı sığınacağın üst və yan hissələrinin təbii qaya kütləsindən ibarət olduğu, daxili səddə qaya divarına xas nizamlı hörgünün görünmədiyi və giriş hissəsinin təbii qayanın aşınması nəticəsində yaranmışa bənzədiyi müəyyən edilmişdir.
Bununla yanaşı, sığınacağın daxili hissəsində, qayanın dibinə yaxın sahədə təxminən 22 × 22 sm ölçülü bişmiş qırmızı kərpiclərdən ibarət divar qalıqları, eləcə də keramika fraqmentləri müşahidə edilmişdir. Quruluşun funksional təyinatı hələ dəqiq müəyyənləşdirilməsə də, onun saxlanc yeri kimi istifadə olunması ehtimal edilir. Ərazidə qeydə alınan keramika materialları ilkin olaraq orta əsrlər dövrü ilə əlaqələndirilir, lakin onların dəqiq xronoloji mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əlavə tipoloji və laborator tədqiqatlara ehtiyac vardır. Şindan qalası artıq tərk edilmiş memarlıq obyekti kimi təqdim edilir. Qalanın təxminən 7000 fut hündürlükdə, təcrid olunmuş və qayalı zirvədə yerləşdiyini, aşağı hissəsinin qülləli möhkəm daş divarla əhatə olunduğunu, lakin həmin dövrdə artıq dağıldığını bildirir. Daha yuxarı hissədə ikinci daş divarın, müxtəlif tikili xarabalıqlarının, ən hündür nöqtədə isə düz daş platforma, sisterna (su çəni) və uzunsov formalı bir tikilinin yerləşdiyi təsvir olunur. 1833-cü il təsvirində müdafiə divarlarının artıq həmin dövrdə dağılmış vəziyyətdə qeyd edilməsi 193 il sonra yerüstü monumental qalıqların nədən aydın görünməməsini abidənin uzunmüddətli təbii aşınma və dağılma prosesinə məruz qalmasını aydın izah edir.
Yazılı mənbələrlə yanaşı, abidənin adı və coğrafi mövqeyi də onun tarixi funksiyası haqqında müəyyən mülahizələr yürütməyə imkan verir. Şindan toponiminin mənşəyi ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bəzi tədqiqatçılar adı talış dilində "Şındu" (pilləkənli), digərləri "şin" (yaşıllıq) və "dan" (yer) sözləri ilə, yaxud qədim Şin tayfası ilə əlaqələndirirlər. Qalanın Talış dağlarının sıldırım zirvəsindəki hərbi-strateji mövqeyi onun ətraf ərazilərə nəzarət və müşahidə məqsədilə tikildiyini göstərir. Qalanın dəqiq tikilmə tarixi və fəaliyyət dövrlərinin müəyyənləşdirilməsi üçün gələcəkdə sistemli arxeoloji qazıntıların, topoqrafik və geofiziki tədqiqatların aparılması, eləcə də tapıntıların laborator analizləri məqsədəuyğundur.
Qeyd ki, 23 il sonra 2026-cı ildə AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərliyi ilə abidə ərazisində yenidən həyata keçirilən kəşfiyyat işləri Şindan qalasının müasir vəziyyətinin qiymətləndirilməsi və əvvəlki mənbələrdə verilmiş məlumatların ərazidəki arxeoloji izlərlə müqayisəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, Şindan qalasına qalxarkən Sım kəndinin ərazisində, qalanın ətəyində yerləşən qədim qəbiristanlıq bu günə qədər qorunub saxlanılmışdır. Qəbiristanlıqdakı qəbirüstü abidələr pilləvari formada olub, üzərilərində həndəsi formalı naxışlar öz əksini tapmışdır.
- TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat
- Sabah 37 dərəcə isti olacaq
- Bakıda köhnə tikili yanır
- 7 nazirlik işçi axtarır: 4 minə yaxın maaş...
- Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbəsinin sakinləri ilə görüş...
- Bu universitetdə usta təmir işləri apararkən öldü
- DSMF 1 milyard 314 milyon manat müavinət və təqaüd ödəyib
- Şindan qalasında arxeoloji kəşfiyyat işlərinə başlanıldı