Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
“BUTA.TV” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı, son dövrlərdə Rusiya Federasiyasının media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Xüsusilə, 13 avqust 2026-cı il tarixində “Çastota ponimaniya” layihəsi çərçivəsində yayımlanan verilişdə ölkəmizə, xalqımıza və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib.
Bununla yanaşı, 7 avqust tarixində “Sputnik” radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin “Rusiyanın terrorçu və ekstremistlər siyahısına” daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində “YouTube” platformasında, 16 avqust tarixində isə “Spas” telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb.
Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.
Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib.
Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsi barədə gözləntimiz bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
- Tanınmış vəkil saxlanıldı
- Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
- Sabah 1 şəhər və 3 rayonda qaz olmayacaq
- “Viki Mingəçeviri sevir” beynəlxalq düşərgəsi başa çatdı
- Baş nazirdən yeni qərar: bu qaydalar təsdiqləndi
- Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
- TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat
- Sabah 37 dərəcə isti olacaq