Avropada yaşayan jurnalist Elbəyi Həsənli “Oc-media.org” saytında azərbaycanlı müəllifin Azərbaycana qarşı və ermənidən artıq erməniliklə yazılan məqaləsi haqda maraqlı məqamları işıqlandırıb.
Kult.az E.Həsənlinin paylaşımını təqdim edir:
Lütfən, bu sitata diqqət edin: “Azərbaycanda demokratiya və insan haqlarını müdafiə edənlərin çox azı Azərbaycanda ermənilərə qarşı dehumanizing (insanları insanlıqdan çıxaran qorxu vasitəsi ilə qəddar idarəetmə), nativist (yerli xalqı gəlmələrdən üstün tutan düşüncə) və faşist yanaşmaya yaxın münasibətə meydan oxumağa və dəyişməyə cəhd göstərib”.
Bu fikri bir az bəsit ifadə edim: Deyir ki, məsələn, Azərbaycanda 100 nəfər demokratiya və insan hüquqlarını müdafiə edən fəal varsa, onlardan yalnız 3-5 nəfəri ermənilərə münasibətdə Azərbaycanın yeritdiyi qorxuya söykənən qəddar idarəetməyə, şovinizmə və faşist yanaşmaya yaxın davranışa qarşı çıxır. Azərbaycanda demokratiyadan danışanların 95-97 faizi “saxta” demokratdır. Təbii ki, müəllif özünü də o 3-5 əsl demokratdan biri hesab edir...
Mən Qərb mətbuatında belə şeylər çox oxuyuram. Adətən Azərbaycana qarşı bu qədər nifrət və qəzəbi ya ermənilər, ya da erməniyanlılar ortaya qoyur. Amma bu məqalənin müəllifi azərbaycanlıdır. Kimdir o? Bəhruz Səmədov! O, Qərbin Cənubi və Şimali Qafqazdakı təbliğat mərkəzi olan “Oc-media.org” saytında “Azerbaijan needs an alternative to nationalist militarism” (Azərbaycana millətçi militarizmə alternativ lazımdır) adlı məqaləsində belə yazır.
Oxşar fikirləri ermənilər yazanda o qədər də təsirli olmur. Ancaq bir azərbaycanlı öz ölkəsini faşizm, militarizm və şovinizmdə ittiham edəndə təbliğat daha cəlbedici görünür...
Bəhruz Səmədov daha sonra yazır ki, Respublikaçı Alternativ Partiyasından (ReAl) Natiq Cəfərli Laçın dəhlizinin bağlanması faktını inkar edir və Dağlıq Qarabağda son eskalasiyaya haqq qazandırır. Blokadaya ərazi bütövlüyü prizmasından yanaşma onları Azərbaycanda insan haqlarının vəziyyətini “unutmağa” məcbur edir.
Və yaxud: Erkin Qədirli və Xədicə İsmayıl kimi Qərbin dəstəklədiyi bəzi fəallar isə Dağlıq Qarabağ münaqişəsindən dolayı insan haqları gündəmini ört-basdır edirlər. Məsələn, Xədicə İsmayıl iddia edir ki, region erməniləri Azərbaycanın demokratik ölkə olduğu 1992-ci ildə Azərbaycanın suverenliyini qəbul etməli idi. Elçibəyin prezidentliyi dönəmində Azərbaycanın həmin il Martakertdən (Ağdərə) çoxlu ermənini didərgin salmasına görə məsuliyyət daşımasına məhəl qoymaq lazım deyildi.
Yəni Elçibəy də demokrat-filan olmayıb. Dağlıq Qarabağa görə 40 minə yaxın insanın ölümündə də erməni separatizminin zərrə qədər günahı yoxdur. Bütün problemlərin kökündə Azərbaycanın ta əzəldən Qarabağ ermənilərinə faşizmə söykənən yanaşması dayanır...
Müəllif Bəxtiyar Hacıyevi də ittiham edir. Deyir ki, o da II Qarabağ müharibəsində millətçi mövqedə durmuşdu. Demokratia və insan hüquqlarını unutmuşdu: “Hacıyev hərbi zorakılığı pisləmək əvəzinə millətçiyə çevrildi... həm də Azərbaycan millətçiliyinin insanlıqdan uzaqlaşan yanaşmasına qoşuldu”.
Müəllif daha sonra yazır: “İndiki rejim (yəni İlham Əliyev) keçmiş Azərbaycan hökumətlərinin (Əbülfəz Elçibəy) ən pis elementlərini qəbul edir; təslim olmağı (ermənilərdən) tələb edir və təslim olmaqdan imtinanı cəzalandırır, biz bunu Laçın dəhlizinin blokadasından da görürük”.
Vallah, heç erməni dığaları bu qədər qərəzli yaza bilmirlər. O da aydındır ki, belə yazarları Qərb bəlli üsullarla öz əhatə dairəsinə keçirir və onlara xüsusi qayğı göstərir və bəsləyir. Nəticə də ortadadır. Azərbaycanda ölkəni erməni maraqlarına qurban verməyə hazır olan minlərlə Bəhruz Səmədov kimi milli kimlikdən qoparılmış kosmopolit insanlar var. O da aydındır ki, belə manqurtların say getdikcə artacaq...
Yadınızdadırsa, bu yaxınlarda Şahin Cəfərli HDP lideri Səlahəddin Dəmirdaşı göylərə qaldırmışdı. Demişdi ki, Səlahaddin Dəmirdaş çox ciddi fiqurdur. Türkiyənin önəmli siyasi liderlərindən biridir, HDP əsla PKK-nı dəstəkləmir, filan... Yəqin ki, Şahin Cəfərli Səlahəddin Dəmirdaşın hələ 2012-ci ildə mitinqdə çıxışı zamanı “Biz bu meydanda başqan Aponun heykəlini qoyacağıq, heykəlini!” deməsini unudub...
Eyni fikri AXCP sədrinin müavini Seymur Həzi də bu yaxınlarda səsləndirmişdi. O, Səlahəddin Dəmirdaşı “siyasi məhbus”, “Türkiyə üçün kilid siyasətçi” və “bu coğrafiya üçün cəsur nümunə” adlandırmışdı. Dünyanın işinə bir baxın: AXCP PKK yanlısı olan Səlahəddin Demirdaşı müdafiə edir. Bu, elə erməni separatizmini müdafiə etmək kimi şeydir. PKK ilə erməni faşizmini türk düşmənçiliyi birləşdirmirmi? Birləşdirir. Şahin Cəfərli də, Seymur Həzi də bunu çox gözəl bilir...
Şübhəsiz ki, Azərbaycanda birdən-birə Səlahəddin Dəmirdaşa yaranan bu məhəbbətin arxasında Qərbin Türkiyədəki prezident seçkisindəki bəlli maraqları dayanır. Ona görə də Şahin Cəfərli və Seymur Həzi ABŞ başda olmaqla Qərbin ağzı ilə danışır.
Danışsınlar. Özləri bilər. Ancaq bizim də deməyə sözümüz var. Mən əminəm ki, hər bir azərbaycanlı Azərbaycan dövlətinin və xalqının marağından çıxış etməlidir. Azərbaycanın maraqlarını Qərbə, Rusiyaya, İrana satanlar bizdən deyil. Heç vaxt da bizdən olmayıblar...
Bəli, Azərbaycan demokratik və azad bir ölkə olmalıdır. Əminəm ki, Bəhruz Səmədov kimi Azərbaycanı yabançılara satanlar bu məmləkətə işıq gətirə bilməz. Mən göydə Günəşi danan adamlardan yaxşı bir şey gözləmirəm...
P.S. Bəhruz Səmədovun sosial şəbəkədəki paylaşımları onun əslində kim olduğunu da üzə çıxarır. Məsələn, ötən gün baş tutan Türkiyə və Ermənistan milli komandalarının matçında “kimə azarkeşlik edəcəyini hamının bildiyini” vurğulayan B.Səmədov oyunun nəticəsində məyus olub, “millimiz uduzdu” yazıb, erməni qadın izləyicinin kədərini isə “bacım” sözləri ilə bölüşüb – dünənki qarşılaşmada Ermənistan millisi uduzmuşdu.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir