Şuşada Qlobal Media Forumu 21 iyulda işə başlayıb, bu gün başa çatır. Sözün hər mənasında möhtəşəm təşəbbüs və genişmiqyaslı işdir: Mətbuat Günündə dünyanın 49 ölkəsindən 150 xarici qonaq, o cümlədən 34 ölkənin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu Şuşaya gəlib. Bura Azərbaycanın iri media qurumlarının rəhbərlərini də əlavə edin...
Arzuladığımız məkanda xəyal etdiyimiz tədbiri təsvir etməyə adam çətinlik çəkir.
Prezident İlham Əliyevin Forumun ilk günündə bu jurnalistlərin önünə çıxıb, suallara cavabı da ona görə möhtəşəm idi ki, təkcə burda iştirak edən beynəlxalq media qurumları deyil, iştirak etməyənlərin də diqqətinin cəmləşdiyi bir yerdə Qalib Azərbaycanın Qalib Ali Baş Komandanının mövqeyi bir daha elan edilirdi. Erməni, rus və digər postsovet məkanının mediası o gün gözünü İlham Əliyevin dodaqları arasından çıxan sözlərə dikmişdi: bir neçə xarici dildə yayımlanan çıxış – yəni Prezidentin suallara cavabları anında, az qala Azərbaycan mediasından qabaq digər ölkələrin onlayn mediasının manşetlərinə daşınırdı.
İdeal təbliğat forması seçilmişdi, tərifə - Azərbaycana layiq!
Burda Prezidentin suallara verdiyi cavabların necə rezonans doğuracağını əvvəlcədən də təxmin etmək olardı. Əcnəbi jurnalistlərin bizim Şuşaya verdiyimiz dəyəri sövq-təbii hiss etdiklərini təxmin etmək olardı və bəlkə də buna, bəlkə də prosesin ən incə detallarını bilmədiklərinə görə verdikləri suallar daha çox ümumi xarakter daşıyırdı.
Diqqət etdinizsə, Prezident bu ümumi sualları şəxsən özü konkretləşdirir və daha dəqiq, daha vacib məqamlara toxunurdu. Çünki Əliyev kimi peşəkar diplomat, dövlət xadimi bu cür meydandan maksimum istifadə etməyin əhəmiyyətini çox yaxşı bilir. Çalışdı ki, bir çox mesajlar versin – altını cızaraq xüsusi vurğulayaq ki, bu mesajlar ona ünvanlanan suallara görə deyildi, özü təşəbbüs göstərirdi.
Bu baxımdan Azərbaycan media təmsilçiləri bir ayrı mövqe tutmalıydılar – günlərlə müzakirə ediləcək, ən böyük media qurumlarının manşetində qalacaq fikirlər alınmalıydı.
Təbii ki, moderator haqlı olaraq bu anda Mir Şahinə şərait yaratdı - Azərbaycan mediasının görkəmli siması, ustad, Real TV-nin sahibi və s və i.a.
Mir Şahinin giriş nitqini olduqca səmimi qarşıladım, zatən Şuşa başdan-başa sevgidir və o sevgi içində olub, o xoşbəxtliyi yaşadanların başında dayanana təşəkkür etmək insani bir hissdir. Nə qədər jurnalist olsaq da, bizim Şuşa sevgimiz çox vaxt peşəkarlığın üstünə qalxır və bu da normaldır.
Mir Şahin təşəkkür etdi – ancaq ciddi bir yanlışlıqla. “Bütün mediamızın adından minnətdarlığımızı qəbul edin...”
Mir Şahin “bütün medianın adından” necə danışa bilər? Ona kim bu səlahiyyəti verib? Media adından heç MEDİA Agentliyinin rəhbəri Əhməd İsmayılov da danışa bilməz – çünki o, təyin edilib; “bütün media” adından Mətbuat Şurasında çoxsaylı media qurumunun təmsil olunduğunu nəzərə alaraq, yalnız MŞ sədri Rəşad Məcidin danışmaq haqqı var.
Bu sözü böyütməmək də olardı – zatən media öz təşəkkürünü hər zaman ifadə edib və deyək ki, Mir Şahin ümumi fikri deyib - baxmayaraq ki, daha fərqli söz və ifadələrdən istifadə etməklə, ümumi minnətdarlığı sonradan irad bildirilməyəcək səviyyədə çatdıra bilərdi.
Bunun ardınca Mir Şahinin vətəndaş mövqeyi başladı – separatçı tör-töküntüsünə münasibəti, erməni yalanlarına reaksiyası və s...
Əlbəttə, Real TV efirində müəllif proqramı ilə Forumda Prezidentə sual verməyin fərqli məsələlər olduğunu Mir Şahin kimi peşəkara izah etmək ayıb olar. Ancaq təəssüf ki, Mir Şahin auditoriyaları səhv saldığı və yaxud qarışdırdığı, təbliğat aparmaq üçün ona deyil, Prezidentə meydan verildiyini anlamaqda çətinlik çəkdiyindən, ona xatırlatmağa məcburuq.
Nəhayət, Mir Şahin sualına gəldi: “Bu dezinformasiyalarla mübarizə üçün bizdən nə tələb edirsiniz? ... Sizdən bu məsələdə tövsiyə istəyirik...”
1. Dezinformasiyaya qarşı mübarizə medianın başlıca vəzifəsidir, Prezident sizdən (bizdən) nə tələb edə bilər ki? Media sərgilədiyi mövqeyi, yanaşması ilə bu mübarizənin önündə olmalı, yeri gələndə hakimiyyətə təkliflərini və tövsiyələrini verməlidir.
Siz niyə “yerinizdə” deyilsiniz ki? Hakimiyyətdən niyə tələb və tövsiyə gözləməlisiniz ki?
2. Bütün dünyada media hakimiyyətin “tələb və tövsiyə”sini media azadlığının boğulması kimi qiymətləndirir. Belə çıxır ki, Mir Şahin dünyanın 34 ölkəsinin agentliyinin önündə Azərbaycan mediasını azad görmək istəmədiyini və yaxud azad olmadığını ifadə etdi?
Axı, onlarla peşəkar media təmsilçisinin önündə sual vermək şansı niyə Azərbaycan mediası haqda yanlış rəyin yaranmasına sərf edilməlidir?
Həm də Mir Şahin – o Mir Şahin ki, bu medianın siması ola biləcək təcrübə, istedad və qabiliyyətə malik İDİ.
İndi dünyanın 34 ölkəsinin informasiya agentliyinin nümayəndələrinə, onlarla əcnəbi jurnalistə necə izah edək ki, Mir Şahin mediamızın düşünən beyni, danışan dili deyil? Onlar bizim haqqımızda nə düşünəcək və ya hansı təəssüratla gedəcəklər?
Bu miqyasda tədbirdən Azərbaycan mediasının gücünü göstərmək üçün niyə istifadə olunmadı ki?
Və yaxud bu ölkənin müstəqil informasiya agentlikləri arasında fərqləndiyini iddia edib, hər kəsə peşəkarlıqdan dərs keçməyə qalxan Vüsalə Mahirqızı. Sualı təxminən belə idi: Şuşaya gələndə nə hiss edirsiniz?
Prezident dəfələrlə Şuşa sevgisini bildirib, Şuşaya gələndə hətta burdan qayıtmaq istəmədiyini də deyib. Bu sual Forumun əcnəbi iştirakçılarına nə verdi?
“Media kapitanı” adına iddia doğrudan da hər iki istedadlı və peşəkar jurnalisti “kapitan”a çevirib – generallardan əmr almadan, işləyə bilmirlər. Yoxsa Mir Şahin rəhmətlik Natəvan Babayevaya niyə yazmalıydı ki, “əmr edirəm, sağal”! Özünü kapitan, işçilərini sıravi əsgər gözündə görmək lazımdır ki, bu cür ifadəni işlətməyi özünə sığışdırasan.
Halbuki anklavlar, delimitasiya ilə bağlı Azərbaycanın təklif etdiyi xəritə, 10 noyabr 2020-ci il bəyanatında dəhliz adı çəkilmədən, ancaq əslində Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun məhz “dəhliz” statusunda olacağını əks etdirən maddənin Prezidentin dilindən şərhi və “Zəngəzur dəhlizi” ifadəsinin təsadüfən meydana çıxmadığı, anklavların dəyişdirilməsi cəhdi ilə bağlı Nikol Paşinyanın hiyləgər təşəbbüsü, Azərbaycanın niyə anklavların dəyişdirilməsi ideyasını səsləndirməyə belə imkan verməməsi və s. və i.a. – dünya mediasının manşetlərindən bir həftə düşməyə, erməni rəsmiləri bir ay açıqlama verməyə məcbur edəcək suallar vermək olardı...
Bu iradlar, əlbəttə ki, Forumun əzəmətinə, ona çəkilən zəhmətə, miqyasına qətiyyən kölgə salmır. Sadəcə, daha peşəkar olsaydıq, bu Forumun miqyasından daha gözəl istifadə edə bilərdik.
Yeri gəlmişkən, Mir Şahinə “tövsiyə” - bu cür irimiqyaslı tədbirdən ölkəmiz adına daha səmərəli istifadəni öyrənməsidir.
Kefsiz İsgəndər
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək