Kolonnanın Azərbaycana qarşı iddialarına kəskin cavab

22:52 - 11 Oktyabr 2023 - GÜNDƏM

 Kolonnanın Azərbaycana qarşı iddialarına kəskin cavab

Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Senatda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə pisləyir və rədd edirik.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Fransa Senatında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

Bildirilir ki, Fransa nazirinin Azərbaycanın Qarabağ bölgəsini heç bir güc tətbiq edilmədən, könüllü şəkildə tərk edən ermənilərin Ermənistanda yerləşməsinin guya Azərbaycan tərəfindən planlaşdırıldığı iddiasını səsləndirməsi Fransanın beynəlxalq təşkilatların rəyinin, hətta Ermənistan baş nazirinin 21 sentyabr tarixli bəyanatının əksinə, öz məkrli və xəyalpərəst siyasətlərini davam etdirmək marağından çıxış etdiyini göstərir.

Həmçinin vurğulanır ki, öz qanlı müstəmləkəçiliyi və vasitəçiliyi dönəmində işğalçı tərəf olan Ermənistanı dəstəkləyən Fransanın indi ədalətdən və beynəlxalq hüquqdan danışması qəbuledilməzdir.

Bu xəbər hal-hazırda çox oxunur
Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

"Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, işğalçı qüvvələrin qeyd-şərtsiz, tam və dərhal çıxmasını, məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin 27 il ərzində icrasını təmin etmək istiqamətində heç bir addım atmayan Fransanın indi Azərbaycana qarşı qətnamə qəbuluna çağırış etməsi riyakarlıq nümunəsidir.

44 günlük Vətən müharibəsindən sonra son üç il ərzində Fransa tərəfi əsassız BMT Təhlükəsizlik Şurası təşəbbüsləri ilə çıxış etmək əvəzinə qanunsuz fəaliyyətə son qoyulması və erməni silahlı qüvvələrin ərazilərimizdən çıxarılması məqsədilə Ermənistana düzgün istiqamət versəydi, bu, bölgədə sülh və təhlükəsizliyə əsl töhfə olardı.

Fransa tərəfinə bir daha xatırladırıq ki, Azərbaycanla təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verə bilməz və bu kimi destruktiv əməllərə dərhal son qoyulmalıdır.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı bütün addımların qarşısı qətiyyətlə alınacaqdır", - şərhdə qeyd edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol